Yuxarı

Xətlər qısaldılıb, Nəqliyyat Nazirliyi isə gediş haqqının azaldılmasına tələsmir

Xətlər qısaldılıb, Nəqliyyat Nazirliyi isə gediş haqqının azaldılmasına tələsmir

SAM_0847Paytaxtda nəqliyyat xətlərinin dəyişdirilməsi, yeni nəqliyyat vasitələrinin xəttə buraxılması bəzi sərnişinlərin ürəyincə olsa da, narazı sərnişinlər də çoxdur. Hövsandan “Xətai” metrostansiyanın qarşısına qədər  hərəkət edən 175, “Neftçilər”dən  “Xətai”yə hərəkət edən 30, həmçinin 49 və digər nəqliyyat vasitələrinin xətlərində müəyyən dəyişikliklər edilib. Bu isə sərnişinlərin narazılığı ilə müşayiət olunur.

Nəqliyyat Nazirliyi məsələnin qurumun səlahiyyətində olmadığını bildirərək münasibət sərgiləməkdən imtina edir. Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun sözlərinə görə, qeyd olunan məsələ onların səlahiyyətində olmadığından şərh vermələri mümkün deyil.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı Cebhe.info-ya bildirib ki, nəqliyyat vasitələrinin xətlərində dəyişikliklərin edilməsi nəqliyyat vasitələrinin sıxlığını aradan qaldırmaq məqsədi daşıyır: “Bildiyimiz kimi, son günlərdə "BakuBus" şirkətinə məxsus nəqliyyat vasitələri xəttə buraxılır. 15 xətt üzrə "BakuBus" nəqliyyat vasitələri fəaliyyətə başlayacaq.  Hal-hazırda 7 xətt üzrə nəqliyyat vasitələri istifadədədir, 8 xətt üzrə nəqliyyat vasitələrinin xəttə buraxılması yaxın günlərdə reallaşacaq. Xətlərdə dəyişikliklər təbii ki, öz müsbət təsirini artıq göstərməkdədir. Nəqliyyat sıxlığı aradan qaldırılıb. Əvvəl nəqliyyat vasitələrinin əksəriyyəti şəhər mərkəzinə qədər hərəkət edirdi, bu isə şəhər mərkəzində nəqliyyat sıxlığı yaradırdı. Həmin nəqliyyat vasitələrinin mərkəzdən kənarda yerləşən metrostansiyalara qədər fəaliyyəti təmin ediləcək. Şəhər mərkəzinə gəlmək istəyənlər isə metro və digər şəhər mərkəzinə hərəkət edən nəqliyyat vasitələrindən istifadə etməlidirlər”. Məsələnin maraqlı tərəfi isə xəttin qısalmasına baxmayaraq, ödənişlərin olduğu kimi 0.3-0.4 AZN saxlanılmasıdır. İqtisadi İnkişaf Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev qeyd edib ki, şəhərdaxili marşrutlarda gediş haqqı 0.2 AZN-dir və dəyişməzdir: “Lakin şəhərdən kənardan, qəsəbələrdən gələn nəqliyyat vasitələrinin qiymətlərində dəyişikliklərin edilməsi ilə bağlı məsələni Tarif Şurası araşdırır və qərar verir. Gediş haqqının 0.3 AZN olduğu qəsəbələrdən və Bakı kəndlərindən hərəkət edən nəqliyyat vasitəsinin xətlərində dəyişiklik edilirsə, məsafəsi qısaldıb, yaxud uzaldıblarsa, qiymət dəyişikliyi də olmalıdır. Lakin bununla bağlı Nəqliyyat Nazirliyi müraciət ünvanlamalı və Tarif Şurası qiymətləri müəyyən etməlidir. Lakin Nəqliyyat Nazirliyi bu məsələ ilə bağlı bizə heç bir müraciət ünvanlamayıb”.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynovun isə belə düşünür ki, dəyişiklikliyin edilməsi ilk öncə sərnişinlərin maraqlarına xidmət etməlidir: “Bununla yanaşı, xüsusi komissiya yaradılaraq müşahidələr aparılmalıdır. Tələbata uyğun dəyişikliklərin edilməsi cəmiyyətimiz tərəfindən  də daim müsbət qarşılanar. Ümidvar olaq ki, görülən işlər sərnişin sıxlığının aradan qaldırılmasına, istər sərnişinlərin rahat mənzil başına çatdırılmasına öz müsbət töhfəsini verəcək”.

Rövşən Əsədov

P.S. Qeyd olunan məsələ ilə bağlı çoxsaylı şikayətlər olduğu üçün məsələyə yenidən qayıdacağıq...





Həftənin ən çox oxunanları