Yuxarı

Erkən nikahların  yeni dalğası gəlir

Erkən nikahların  yeni dalğası gəlir

erken nigahAzərbaycanda erkən nikahların yeni dalğası gözlənilir. Buna səbəb isə ölkədə dini amillərin güclənməsi, cəmiyyətin müəyyən təbəqəsi arasında dini meyllərin artmasıdır ki, bu da qızların daha erkən yaşlarda ərə verilməsi, təhsildən yayındırılaraq “ailə” qurmağa yönləndirməsi faktlarının artması ilə müşahidə oluna bilər.

Dinə meyl erkən nikahları artıracaq

“Cümhuriyət” qəzetinə bu barədə narahatlıqlarını bölüşən “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, son zamanlar baş verən hadisələrin cəmiyyətə təsirini analiz etdikcə, vəziyyətin narahatlıq doğuracaq həddə çatdığını söyləmək olar: “Doğrudur, son zamanlar sanki erkən nikahların artmadığına dair düşüncələr yaranır. Amma araşdırsaq görərik ki, kəskin artım olmadığı kimi kəskin azalma da yoxdur. Ancaq gələcəkdə baş verəcəkləri proqnozlaşdırsaq və hadisələrin bu cür gedişini təhlil etsək görərik ki, yeni dalğanın gəlmə ehtimalı var.

Bu fərziyyəni cəmiyyətədə dinin, əslində isə, xurafata olan meylin artması daha da gücləndirir. Bundan başqa erkən nikahın daha azyaşlı qızları əhatə etməsi problemi də özünü göstərir. Bu günlərdə telekanalardan birində 13 yaşı qızın müraciətindən belə məlum oldu ki, erkən nikah nəinki hələ də mövcuddur, hətta yaş həddi 12-13 yaşa qədər aşağı enib."

Mübarizədə çatmayan “nəsə”

Bu qədər məlumatlandırma işləri və cəza tədbirləri olsa da, problem aktuallığını azaltmır. Mehriban Zeynalova bunun səbəbini belə açıqlayır: “Aparılan məlumatlandırma kampaniyaları və cəzalandırma tədbirləri problemin kökünü kəsməli idi. Necə ki, Sovet dönəmində bu məsələ kökündən dayandırılmışdı. Demək, problem siyasi iradə ilə yanaşı, həm də idealoji yönümdə həllini tələb edir. Qanun qəbul olunsa da, müxtəlif araşdırmalar və məlumatlandırma kampaniyası aparılsa da, problem səngimir. Ola bilər ki, indi 5000 erkən nikah rəsmi qeydiyyata alınmaya bilər. Bir necə il bundan əvvəl YUNİSEF öz hesabatında Azərbaycanda erkən nikahın statistikasının 5000 olduğunu göstərmişdi. Ondan sonra hökumət ardıcıl olaraq ciddi tədbirlər həyata keçirməyə başladı. Lakin nəsə catmırdı. Bu nəsə ideloji məqam idi. Demək cəza da öz təsirini göstərmədi. Bunun bir səbəbi " görməməzlik", "susqunluq” dursa, digəri məsuliyyətsizlikdir. Təhsil ocaqlarında təhsildən yayınan uşağın evinə getmək, hadisəni aydınlaşdırmaq, valideynin hərəkətindən şikayət etmək, valideyni cəzalandırmaq, uşaqları dinin təsiri altında böyütməmək və s. kimi addımlara qarşı birgə hərəkət hələ də ənənəvi deyil”.

Erkən nikahlar doğum evlərində aşkarlanır

Ekspert deyir ki, hazırda erkən nikah faktlarının açıqlanması olduqca qəribə şəraitdə baş verir: “9 ay ərzində cəmi 41 fakt aşkarlanıb. Bu faktlar da əsasən uşaqların doğuşu zamanı aşkarlanır. Yəni azyaşlı hamilə qadın xəstəxanaya gətirilir, bu zaman xəstəxana məcburi qaydada bu barədə əlaqədar qurumlara məlumat verir. Çünki həmin azyaşlının nikah şəhadətnaməsi olmur. Beləliklə də, erkən nikah faktı aşkar edilir. Amma bu faktların da sonradan araşdırılması və cəzalandırılması prosesi istənilən qaydada aparılmır. Erkən nikahın başqa cür aşkarlanması faktı ya olmur, ya da olsa da, barmaqla sayılacaq qədər az olur. Başqa cür aşkarlanma ancaq hüquq-mühafizə orqanlarına müraciət əsasında mümkün olur. Amma təsəvvür edin ki, “gəlinin” azyaşlı olduğunu bilən ər tərəfi onu uşağını dünyaya gətirmək üçün ümumiyyətlə, xəstəxanaya aparmaqdan yayınır. Bu isə həm azyaşlı qadının, həm də uşağın həyatıın təhlükə qarşısında qoyur. Üstəlik, erkən nikah faktını aşkarlamaq mümkün olmur. Həmin ailələr yeni dünyaya gələn uşaq üçün doğum haqqında şəhadətnaməni almağı də illərlə yubada bilirlər. Belə problemlərin aradan qaldırılması üçün Təhsil Nazirliyi tərəfindən işin gücləndirilməsi və nəzarətin artması lazımdır, ancaq bu, həmişə mümkün olmur. Ümid etmək istərdim ki, dərsdən yayınan şagirdlərin valideynlərinə 100 manat cərimənin qanuniləşdirilməsi erkən nikah faktlarını da aşkarlanmasına müəyyən dərəcədə təsir göstərəcək. Heç olmasa, bu baxımdan yararlı olacağına ümid etmək istəyirəm. Onu da deyim ki, dini amillərin güclənməsi erkən nikaha daha cox təsir göstərir. Qızların erkən nikaha vadar edilməsində ailənin dinə meyli əsas rol oynayır. Mən buna din yox, xurafat deyərdim. Azyaşlıların dərsdən yayındırılaraq erkən nikaha vadar edilməsində bu amili daha çox diqqətə almaq lazımdır”.

Nikah yaşı artırılmasın, əvəzində...

Problemin qarşısını almaq üçün nikah yaşının artırılmasına gəlincə, Mehriban Zeynalova bu addımın effekt verəcəyinə o qədər də ümidli deyil. Qeyd edək ki, bu günlərdə Özbəkistan prezidenti İslam Kərimov erkən nikahların qarşısın almaq üçün nikah yaşını qılzar üçün 20 müəyyən edilməsi tapşırığını verib. Bu tapşırıqdan sonra azyaşlı nişanlı qızların siyahısı hazırlanıb. 17-18 yaşlı 105 qızın toyu təxirə salınıb. Baxmayaraq ki, prezidentin öz qızı Gülnarə Kərimova 19 yaşında ailə qurub. Ekspert deyir ki, Azərbaycanda qızların nikah yaşının artırılması erkən nikahın qarşısını alamq üçün çox da effekt verməyəcək: “Azərbaycanda nikah yaşı 18 müəyəyn edilib, ancaq istisna hallarda17 yaşa da icazə verilə bilər. Avropanın bəzi ölkələrində də nikah yaşı qızlar üçün 17 müəyyən edilib. Ancaq bu ölkələrdə qızların 17-18 yaşda ərə getməsi nadir haldır. Deməli, yaşın artırılması ciddi effekt vermir. Bunun əvəzində, ilk növbədə dini təsirləri azlatmaq və təhsil sahəsində ciddi araşdırmaya ehtiyac var”.

310 milyon oyuncaqlı gəlin

Qeyd edək ki, erkən nikah dünyanın müsəlmanlar yaşayan əksər ölkələrində aktuallığını qoruyr. Qonşu Türkiyədə də bu problem naharahlıq doğuracaq səviyyədədir. Türkiyədə 200 minə yaxın azyaşlı gəlin var. Hüquq müdafiəçisi Nuriyə Kadanın sözlərinə görə, 181 036 uşaq-gəlinin olduğu barədə məlumatlar artıq statistikaya daxil edilib. Təkcə 2012-ci ildə 20 min valideyn 16 yaşı tamam olmamış qızlarının nikahını qeydə alınması üçün ərizə verib. BMT-nin 2013-cü ildə bu ölkədə apardığı araşdırmaya əsasən nikahların 28 faizi 18 yaşı tamam olmamış qızlarla olub.  Bu ölkədə 2002-ci ildə qəbul edilən qərara görə qızlar üçün nikah yaşı 17 müəyyən edilib. İstisna hallarda 16 yaşlıların da nikahına icazə verilir. Ancaq erkən nikahlar arasında 16 yaşdan da az olan qızların sayı kifayət qədərdir. Erkən nikahlarla bağlı ən dəhşətli vəziyyət isə Afrika ölkələrindədir. YUNİSEF-in aaraşdırmasına görə, Afrika qitəsində qızlar arasında ölüm fazinin yüksək olmasının bir səbəbi də erkən nikahlardır. Əgər bunun qarşısı alınmasa bu ölkələrdə erkən evliliyə vadar edilən qızların sayı kəskin artacaq. 2050-ci ilə qədər erkən nikahların sayının 310 milyona yaxın olacağı təxmin edilir ki, bu da vəziyyətin dəhşətli olduğunu deməyə əsasə verir.

Sevil Ağazadə





Həftənin ən çox oxunanları