Yuxarı

Məcburi köçkün gecəqonduda donur

Məcburi köçkün gecəqonduda donur

geceqondu“Qaçqınlara, məcburi köçkünlərə toxunmayın, onları incitməyin!” Bir vaxtlar Heydər Əliyev səsləndirmişdi bu fikri. Amma bu deyimə bəzi harınlamış məmurlar bu gün əhəmiyyət vermir.

“Cümhuriyət”in elektron poctuna Qubadlı rayonu Balasoltanlı kənd sakini, Sumqayıtda məskunlaşmış,  II qrup əlil, Musayev Abbas Musa oğlundan şikayət məktubu daxil olub. Müraciətdə məmur özbaşınalığı, süründürməçilikdən bəhs edən Abbas Musayev qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə üz tutur. Şikayətçi yazır ki, Prezidentin məşhur müşavirədə məmurlara xitabən barmaq sirkələməsindən hələ də nəticə çıxarmayanlar var...

A.Musayev məktubda yazır: "Cənab Prezident, “gecəqondu” kimi tanınan Sumqayıt şəhəri Yeni Yaşayış Massivi, 1-ci məhəllədə yaşayıram. Burada yaşadığım vaxt ərzində döymədiyim qapı qalmayıb. Evimizə qaz, su çəkilişi aidiyyəti qurumlar tərəfindən problemə çevirib. Müraciət edərkən evin sənədsiz olduğunu bəhanə gətirərək kömək etməkdən yayınırlar. Əslində, ərazidə tikilən evlərin hamısı sənədsizdir. Evimə bitişik evlərin hamısına qaz, işıq, su çəkilərək sayğaclaşdırılıb.

Torpaqlarımızdan qovularkən 4 nəfər idik. Hal-hazırda 3 körpə nəvəmlə birlikdə yaşayıram. Yuxarıda göstərdiyim qaz, su idarələri hər biri məndən 300-400 manat pul istəyir. II qrup əliləm (ayağımın biri yoxdur). Köhnə avtomobilimlə taksi fəaliyyəti ilə məşğulam. Qazancım özüm və ağır asma-bronxit xəstəsi olan, II qrup əlil həyat yoldaşımın dava-dərmanını ödəmir.

2 ildir Sumqayıt şəhər Qaz İdarəsinə müraciət etməyimə baxmayaraq, məskunlaşdığım evi təbii qazla təmin etmirlər. Süründürməçiliyə məruz qalmışam. Baxmayaraq ki, evimizə bitişik evlərin ( sağ və sol evlər) hamısı qazlaşdırılıb. Qaz İstismar  İdarəsindən sonuncu müraciətimə belə cavab verdilər: “Tender keçirilməlidir, Sumqayıtda yeni təyin olunmuş İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov icazə vermir, hər şeyi dayandırıb”. Bu kimi təxribatlar edirlər. Ancaq mən inanmıram ki, cənab Z.Fərəcov belə bir göstəriş versin... Hansı tenderdən söhbət gedə bilər ki, mənim körpə nəvələrim rütubətli və soyuq evdə xəstəliklə mücadilə aparır?

Cənab Prezident, məcburiyyət  qarşısında qalaraq Sizə müraciət etmək qərarına gəldim.

Ailəmizin bu imkansızlığını nəzərə alaraq, yaşadığımız evə ( əgər ev demək mümkündürsə) yuxarıda göstərdiyim qaz, su probleminin (əlbəttə ki, sayğacla) həlli istiqamətində aidiyyatı qurumlara tapşırıq verməyinizi Sizdən xahiş edirəm."

Şakir Həsənsu





Həftənin ən çox oxunanları