Yuxarı

Nurçular siyasi səhnəyə qayıdır?

Nurçular siyasi səhnəyə qayıdır?

nardaranNardaran hadisələrindən sonra Azərbaycan siyasi müxalifətinin yerini dini radikal qüvvələr tutması barədə müzakirələr başlayıb. Müstəqil siyasətçilərin bu məsələyə mövqeyi bundan ibarətdir ki, müxalifətin zəifləməsindən istifadə edən radikal dini qüvvələr müxalifətin missiyasını üzərinə götürüblər. Nəticədə radikallar siyasi arenada yaranmış boşluğu doldurmağa çalışırlar.

Nardaran hadisələri başlayanda İranın dini-siyasi dairələri, Müsəlman Hərəkatı Birliyi, “Yurd” (Əli Kərimli) kimi təşkilatların bunu siyasi müstəviyə daşıması ondan xəbər verir ki, ölkə daxilindəki dini radikallar kənardan aldıqları dəstək sayəsində Azərbaycanın siyasi gündəmində fəallaşmaq üçün sistemli formada təşkilatlanırlar. Azərbaycanın ictimai-siyasi həyatında baş verənlərə əsas münasibəti də, son zamanlarda həmin dairələr qoyurlar. MHB lideri Taleh Bağırzadə, “Yurd” sədrinin müavini Fuad Qəhrəmanlı məhz bu fəallaşmanın nəticəsində həbs olundular. Uzun illər fəaliyyətinin demokratiya və humanizm çərçivəsində qurulduğunu iddia edənlərin, Nardaran hadisələri ilə ortaya çıxmaları ondan xəbər verir ki, radikallar siyasi müxalifəti sıxışdırmağa başlayıblar.

Azərbaycan “nurçu”larının intellektual kəsiminin lideri sayılan Elnur Aslanovun aktivləşməsi diqqətdən qaçmır. Siyasi ekspertlər hesab edir ki, Elnur Aslanovun timsalında “nurçu”ların, qeyri-ənənəvi məzhəblərin aktivliyinin artması təhlükəli meyllərdən xəbər verir.

“Bu, bütöv siyasi arenanı əhatə etmir”

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli “Cümhuriyət”ə açıqlamasında radikal dini kəsimin Azərbaycanın siyasi həyatında aktivləşmədiyini bildirib. Q.Əlibəyli hesab edir ki, radikal dini qüvvələri son zamanlarda ölkədə baş verən siyasi-ictimai proseslər fonunda şişirdirlər. Hər bir cəmiyyətdə mömin və radikal dindarlar var: “Lakin Nardaran hadisələrindən sonra radikal dindarların baş verən siyasi proseslərlə birgə adının hallanması, o qədər də doğru hal deyil. Dindarlar müxalifət qədər siyasətdə fəal deyillər. Dini radikalizmdən çox bu gün müzakirə olunan əsas məsələ konkret şəxslərin ətrafındadır. Hesab edirəm ki, dini radikalizmi Azərbaycanda gücləndirməyə çalışırlar, lakin bu dini radikalların siyasətdə fəallaşması anlamında başa düşülməməlidir. Bu məsələ bütövlükdə siyasi arenanı əhatə etmir”.

“Dini radikallar fəallaşırlar”

Aydınlar Partiyasının sədr müavini Qorxmaz İbrahimli “Cümhuriyət”ə açıqlamasında dini radikalların siyasətdə fəallaşması ilə bağlı olan iddiaları qəbul etmədiyini deyib. Q.İbrahimlinin sözlərinə görə, Nardaran hadisələrindən sonra siyasi müxalifətin yerini radikal dini müxalifət tutmayıb: “Bu iddia qəbuledilən deyil. İllərdir deyirik ki, siyasi müxalifətin yerini dini radikal müxalifət tuta bilər. Yaxın Şərqdə gedən proseslərdə radikal dini təşkilatların güclənməsi, Azərbaycandan Əfqanıstana, Suriyaya döyüşməyə gedən insanların çoxalması onu göstərir ki, Azərbaycanda dini radikalizmin səviyyəsi yüksələcək. Belə də oldu. Nardaran hadisələri bu problemdən doğan məsələ idi. İllərdir siyasi müxalifətin inkişaf etməsinə şərait yaradılmır, əngəllər törədilir. Buna adektvat olaraq dini radikallar güclənməyə başlayıblar, bu, təəssüfləndirici haldır”.

Mənsur





Həftənin ən çox oxunanları