Yuxarı

Evlənmək də bahalaşdı - köhnə toylara yeni qiymətlər

Evlənmək də bahalaşdı - köhnə toylara yeni qiymətlər

evlilikDevalvasiyadan sonra kəskin bahalaşan ərzaq məhsulları şadlıq evlərində də qiymətləri artırıb. Ancaq nəzərə alsaq ki, manatın dəyər itirməməsindən öncə bəzi vətəndaşlar şadlıq sarayları ilə razılaşaraq, köhnə qiymətlərlə toy təyin ediblər. Danışılan toyların qiymətləri yeni, yoxsa köhnə qiymətlərlə tənzimlənəcək?

Bununla bağlı Cebhe.info olaraq Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov və şadlıq evlərinin səlahiyyətli nümayəndələrinin fikirlərini öyrəndik. AİB-nin sədri E.Hüseynov bildirib ki, burada xeyli qanun pozuntularına rast gəlinir: “Bu sahədə böyük qanun pozuntuları, anarxiya var. Çünki şadlıq evləri ilə vətəndaş arasında yazılı olaraq heç bir müqavilə bağlanmır. Bu cür müqavilələrin olmadığı üçün bundan sui-istifadə edən əsasən şadlıq sarayları olurlar. Bununla bağlı vətəndaşlar tərəfindən bizə bir çox şikayətlər olur. Əslində, vətəndaşlar şadlıq sarayları ilə şifahi müqavilə bağlayıblar və buna əməl olunmalıdır. Şifahi müqavilədə şahidlərin iştirakı varsa, istehlakçı şadlıq evini məhkəməyə verib köhnə danışdığı qiyməti təmin etmək hüquqi var. Lakin burada qarşılıqlı razılaşma da öz rolunu oynayır”. Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında “Bakı gecələri” şadlıq sarayının səlahiyyətli nümayəndəsi Rauf Şamilov bildirib ki, bahalaşmanın ziyanını daha çox onlar çəkir: “Vətəndaş yeni qiymətlərlə razılaşmadığı üçün biz məcbur olaraq köhnə qiymətlərə razı oluruq. Hal-hazırda bizə topdanşatış yerindən məhsul gəlib, 3,20 manata aldığımız ərzaq indi 4,20 manata verilir. Qiymətlər bahalaşmadığı vaxt biz 200 manata 150 nəfərlik balıq alırdıqsa, indi 100 nəfərlik ala bilirik. Vəziyyət çox çətindir, vətəndaşla da heç bir söhbət edə bilmirsən”. “Gilavar” şadlıq sarayından isə bildirilib ki, toylar köhnə qiymətlərlə keçirilir: “Hesab edirik ki, artıq razılaşdığımız vətəndaşla yeni qiymətlər haqda danışmağa dəyməz. Çünki artıq danışılıb və razılaşdırılıb. Məsələn, qiymət qalxıb 100 manata, axı vətəndaşın bunu ödəməyə gücü çatmır.

O zaman müştəri azalacaq və restoran sahibləri də ac qalacaq. Yeni vergi qanunlarınən ayın 1-dən etibarən qüvvəyə mindiyini nəzərə alaraq biz də yeni qanunlara əsasən qiymətləri tənzimləyəcəyik, ancaq yəqin ki, biz minimum qiymətlər təyin edəcəyik”. Qeyd edək ki, şadlıq sarayları ilə əlaqə saxlasaq da, müxtəlif bəhanələrlə məsələyə münasibət bildirmək istəmədilər.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları