Yuxarı

Lombardlarda batan girovlar

Lombardlarda batan girovlar

lombardMüştərilərlə borcverənlər arasında çat dərinləşir

Yeni ildən əvvəlki devalvasiya əhalinin əsasən dollarla bank krediti olan qrupunu ciddi narahat etdiyi bir zamanda unudulmaqda olan daha bir zümrə var. Onlar da əslində borclulardır, ancaq banka yox, lombardlara. O lombardlara ki, dolların məzənnəsinin artacağını təxmin edərək son aylarda kreditləri vətəndaşlara manatla yox, dollarla təklif ediblər. Əlacsız qalan vətəndaşlar da bununla razılaşmaqdan başqa çıxış yolu görməyib.

Çünki bankdan fərqli olaraq, lombard krediti daha asan, əlavə zaman, iş yerindən arayış və ya zamin tələb etmədən başa gəlir. Üstəlik bankdan fərqli olaraq lombardda bir neçə günlük gecikmə mümkündür. Bu müştərinin etibarını korlamaz, çünki bankdan fərqli olaraq lombardın əlində verdiyi kreditdən daha yüksək qiymətdə girov var. Bu şərtlər əlindəki az-çox qızılı girov qoyaraq zəruri ehtiyac üçün lomabrd krediti götürələrin sayını artırır. Amma məsələ burasındadır ki, artıq bu qrup da çətin duruma düşüb. Şəhərdəki əksər lombardlar son 3-4 ayda kreditləri ancaq dollarla veriblər və dolların məzənnəsinin artması müştəriləri olduqca çətin vəziyyət qarşısında qoyub.

Lombardlar narazılarla doludur

Lombardlarda aparılan müşahidələr göstərir ki, bayramdan sonrakı ilk iş günlərində bu obyektlərdə çox sayda narazı insanlar toplaşıb. Onların arasında hətta lombardın bir neçə ay əvvəl  dollarla qiymətləndirib həmin məzənnəyə ekvivalent olaraq manatla verdiyi krediti qaytarmağa gələnlər də az deyil. Amma “kiçik” bir problem var. Noyabr ayında lombarda qoyduğu zinət əşyalarını müqabilində 200 dollar, o zamanki məzənnə ilə 212 manat alan müştəri indi həmin məbləği geri qaytarmaq istədiyi zaman məlum olur ki, pulun üstünə daha 100 manat əlavə etməlidir. Əsl mərəkə də bundan sonra başlayır. Lombard sahibi müştərini inandırmağa çalışır ki, məzənnə dəyişib: “Mən başa sala bilmirəm ki, biz o zaman xanıma 212 manatı 200 dolların əvəzində vermişdik.  Biz ona 200 dollar verirdik, xanım da dedi ki, onu manata çevirib verək. Ən böyük səhvimiz də bunda olub. Gərək elə dollar verib deyəydik ki, gedin valyutadəyişmə məntəqəsində dəyişin. Ancaq biz bunu etmədik və manatla ödədik. Amma bütün sənədləşdirmədə kreditin dollarla verildiyi yazılıb. İndi müştəri o zaman aldığı kimi 212 manatı gətirib borcu bağlamaq istəyir. Başa sala bilmirik ki, biz manat yox, dollar vermişik, o da elə qaytarmalıdır”.

Lombard sahibi indiyə qədər manatla verilən kreditlərin birdən-birə dollarla verilməsi məsələsinin də bazardakı durumdan qaynaqlandığını bildirib: “Noyabrdan kreditlər dollarla verilir. O zaman qədər olan kreditləri elə manatla saxladıq. Şəhərdəki əksər lombardlar manatla olan müqavilələri də dollara cevirmişdi. Biz çevirmədik. Çünki bizim obyekt kiçikdir. O qədər çox müştərimiz olmur, özümüzü zorla dolandırırıq. Müştərilərimiz əsasən əvvəl də bizim xidmətimizdən istifadə edənlərdir. Amma şəhərdə böyük lombardlar var ki, onlar hələ birinci devalvasiyadan bir-iki ay sonra müştərilərinə əlavə müqavilə imzaladıblar ki, devalvasiya təkrarlanacağı halda kredit ona uyğun hesablanacaq. Müştərilər də məcburən imzalayıb. Onların durumu da indi pisdir. Çünki o zaman əlacsız qalıb müqaviləni imzalayan borclular indi yeni məzənnə ilə ödəmə etməlidirlər, bunu isə edə bilənlər azdır. Lombardların burda qazandığı bir məqam var ki, o da qızılın qiymətinin devalvasiyadan sonra artmasıdır”. Yəni lombardlar ən azı arxayındır ki, bir neçə ay əvvəl daha ucuz qiymətləndirdikləri qızıl indiki halda daha baha qiymətə satılacaq və bu, aradakı fərqi qapatmağa yardım edəcək.

Qızıl bahalaşıb, müştərilər kasıblayıb...

Lombard sahiblərindən fərqli olaraq müştərilər çətin durumdadır. Onların əksəriyyəti indiyə qədər ancaq əsas məbləği yox, kreditin aylıq faizini ödədiklərindən həm vəsaitlərindən, həm də girov kimi qoyduqları qızıllardna məhrum olacaqlar. Lombarda girov olaraq 750 əyar, 4 qramlıq brilliant üzük qoyan Adilə Seyidovanın sözlərinə görə, bunun müqabilində ona cəmi 60 dollar verilib: “Çox çıxılmaz vəziyyətdə idim. Üzüyü Moskva Univermağında yoxlatdırdım, dedilər ki, o üzüyü almaq istəsəm azı 250 manat verməliyəm. Çünki əyarı yüksək, qaşları da brilliant idi. Üzüyü onların almasını təklif etdim, 110 manat verə biləcəklərini dedilər. Çünki lom qiymətinə alırdılar. Belə də insafsızlıq olmaz ki? O qiymətə satmağa ürəyim gəlmədi.  Lombarda qoydum, lombardda brilliantı hesaba almadılar, hər qramına 20 dollardan hesabladılar. Bunun da 60 dollarını mənə verdilər. Yaşlı adamam, 60 dolları aparıb dəyişdirmək istəmədim. Elə lombarddakılara dedim ki, mənə manata çevirib versinlər. 62 manata yaxın pul verdilər. İndi qaytarmaq istəyirdim. Dedilər ki, 90 manata yaxın pul edir. Əsəbimdən heç axıra qədər qulaq da asmadım. Deyirlər ki, manatla vermə, bizə 60 dollar gətir ver, bağlayaq. Axı mən onlardan 60 dollar almamışam, 62 manata yaxın pul almışam. İndi birdən birə əlavə 30 manat da verməliyəm. Bu ay məcburam faizini verim, o da 3 manat artıb, 9 manat olub. Gələn ay boğazımızdan kəsib gəlib üzüyü götürərəm. Belə getsə o üzüyü mən hec 100 dollara da ordan götürə bilməyəcəyəm”.

Ekspert: “Girovlar batacaq”

Lombardlaırn demək oalr ki, hamısında durum belədir. Obyekt sahibləri fazilərin ödənilməsindəki gecikmələrədn, kredit ödəyənlər isə ödəyəcək durumda olmamalarından şikayətlənir. Hamını bir ümidi var- banklarda dollarla krediti olanlarla bağlı müsbət qərar çıxarılacağı tədridə bu qərar lombardlara da şamil edilə bilər. Ancaq iqitsadiçı ekspert Əkərm Həsənov bunun mümkün olmadığını deyir. Ekspertin fikrincə, indiki vəziyyət müştərilərin xeyrinə deyil: “Təəssüf ki, müştərilər ödəməsə girov batacaq. Amma burda əsas məsələ də lombardların ümumən qanunsuz fəaliyyət göstərməsidir. Lombard gərək öz pulunu kredit kimi versin. Ancaq bizim lombardların kapitalına baxanda gülünc rəqəmlər olduğu görünür. Lombardların karptalı 2 manatdan 10 manata qədərdir. Bu məbləğdən necə kredit verirlər? Deməli lombardlar pulu başqalarından cəlb edirlər ki, bu da artıq qanunsuz bank fəaliyəti deməkdir”.

Sevil Ağazadə





Həftənin ən çox oxunanları