Yuxarı

“Ağ qızıl”ın qara günləri

“Ağ qızıl”ın qara günləri

[caption id="attachment_1364" align="alignleft" width="319"]Elcin Bayramli Elçin Bayramlı: “Pambıqçılığa dəstək verilsə, yüz minlərlə insanı işlə təmin etmək olar”[/caption]

Ötən ilin əvvəllərindən etibarən Azərbaycan milli valyutasının devalvasiyaya getməsi, dünya bazarında neftin qiymətinin sürətlə ucuzlaşması, ölkədə maliyyə böhranının dərinləşməsi ilə nəticələndi. Mövcud vəziyyətdən çıxış yolu kimi ekspertlər qeyri-neft sektorunun inkişafı üçün bır sıra təkliflərlə çıxış etdilər. Hesab olunur ki, kənd təsərrüfatı məhsullarının artımı vəziyyətdən çıxış yolu ola bilər.

Neftin qiymətdən düşdüyü bir vaxtda pambıqçılığı gücləndirmək zərurətə çevrilib. Ənənəvi kənd təsərrüfatı məhsullarından olan pambıqçılıq ağır günlərini yaşayır desək yanılmarıq. “Ağ qızıl” kimi el arasında özünə ad qazanan pambıq “qara qızıl”ın fonunda görünməz olub. Azərbaycanda “Ağ qızıl”ın qara günləri müstəqillik illərindən başlayır. SSRİ dövründə bu sahə üzrə ciddi nailiyyətlər əldə olunmasına baxmayaraq indiki mövcud durum acınacaqlıdır. Mart-aprel aylarında toxum səpini vaxtıdır. Ağdam rayonundan əldə etdiyimiz məlumata görə, cəbhəboyu istiqamətdən gələn kəsəyənlər və digər zərərverici həşəratlar torpağı məhv edir. Bu da onu deməyə əsas verir ki, son 23 ildə torpaqlara heç bir aqrotexniki qulluq göstərilməyib. Daxili tələbatı ödəmək, qonşu ölkələrə satmaq, eləcə də pambığın dünya bazarındakı əvvəlki reytinqini qaldırmaq üçün hansı addımlar atmaq lazımdır?

“Altay” Araşdırma Mərkəzinin rəhbəri, iqtisadçı Elçin Bayramlı “Cümhuriyət” qəzetinə bildirib ki, pambığa “ağ qızıl” adı havayı yerə qoyulmamışdı, o həqiqətən də ağ qızıl idi: “Pambıqçılıq iqtisadiyyatda 3 ən gəlirli sahədən biridir. Ötən əsrin 70-ci illərində respublikamızda pambıq istehsalı 1 milyon tona çatmışdı. Bu sahə sənaye ilə də birbaşa bağlı olduğu üçün yüzlərləəyirici, toxuyucu, tekstil fabrikləri də fəaliyyət göstərirdi ki, nəticədə həm yüz minlərlə insan işlə təmin olunmuşdu, həm yerli parça və paltara olan tələbatı ödəyirdi, həm də böyük həcmdə ixrac olunurdu. Sovet İttifaqının və sosialist iqtisadi sisteminin dağılması ilə iqtisadi münasibətlərin pozulması, iqtisadiyyatda yaranmış xaotik vəziyyət bu sahənin tənəzzülünə gətirib çıxardı. Pambıq əkini və istehsalı ilbəil azalmağa başladı. Son 25 ildə pambıq istehsalında azalma 20 dəfədən çox olub. 1990-ci ilə nisbətən 1995-ci ildə istehsal 2 dəfə azalaraq 274 min tona, 2005-ci ildə 3 dəfə azalaraq 196 min tona, 2012-ci ildə 10 dəfə azalaraq 55 min tona endi. 80-ci illərin sonunda 350 min hektara yaxın olan pambıq sahələri 2011-ci ildə 42 min hektaradək (8 dəfə azalma), 2012-ci ildə 31 min hektaradək (12 dəfə azalma) endi. Təkcə son 5 ildə pambıq əkini sahələri 2 dəfəyə qədər azalıb. Məhsuldarlıq isə 80-ci illərdəki hektara görə 26-27 sentnerdən 15 sentnerə düşüb. Pambıqyığan maşınların sayı 1985-ci ildə 4238 ədəd, 1999-cu ildə 1751 ədəd olduğu halda, son illərdə cəmi 40 ədəd təşkil edib. İndi pambıq sahələrində əsasən əl əməyindən istifadə olunur”.

Elçin Bayramlı son 20 ildə tekstil sənayesinin daha böyük tənəzzülə uğradığını deyib: “1995-ci ildə ölkədə 58 milyon kvadrat metr pambıq parça istehsal olunmuşdusa, indi bu göstərici az qala 70 dəfə azalaraq 800 min kvadrat metrə enib. 2010-cu ildən etibarən fermerlərin satdıqları məhsulların rentabelliyi ciddi şəkildə azalıb. Belə ki, əvvəllər bu sahədə rentabellik səviyyəsi yüksək olduğu halda, 2011-ci ildə mənfi 12 faizə enib. Yəni, həmişə gəlir gətirən sahə son illər zərərlə işləyir. Elə bu səbəbdən də pambıq əkinləri və məhsul istehsalı getdikcə azalır və tamam sıradan çıxmaq üzrədir. Pambıqçılığı inkişaf etdirmək üçün bu sahədə ciddi yenidənqurma işləri aparmaq lazımdır. Fermerlər üçün pambıqçılığı cəlbedici etmək üçün bu sahəni yaxşı bilən mütəxəssislər hazırlanmalıdır. Hökumət iqtisadiyyatda bu sahəyə neftdən sonra klaster yanaşma üzrə əsas perspektivli sahələrdən biri kimi yanaşsa və bu sahədə xüsusi dövlət proqramı həyata keçirilsə, pambıq əkənlərin sayı artar. Çünki Azərbaycanda pambığın hər hektarından 2-3 ton məhsul götürülür ki, dünyada bu rəqəm 1 ton ətrafındadır. Çox gəlirli sahədirö Məsələn, taxılçılıqdan dəfələrlə gəlirlidir. Pambıqçılara dəstək verilsə, onların məhsulu daha uyğun qiymətə sata bilmələri üçün şərait yaradılsa, bu sahə yenidən çiçəklənə bilər. Yüz minlərlə kənd insanı bu sahədə özünü işlə təmin edər və yaxşı gəlir əldə edər. Bunun üçün stimullaşdırıcı tədbirlər həyata keçirmək olar və fermerlər, kəndlilər görsə ki, pambıq əkmək səmərə verir, özləri buna həvəslə yanaşacaqlar. Dövlət strateji ehtiyatlardan bu sahəyə ciddi investisiyalar yatıra bilər”.

Ekspert hesab edir ki, bu sahəyə investorlar cəlb edilməli, onlara hər cür şərait yaradılmalıdır ki, yeni emal və tikiş müəssisələri yaransın: “Emal və tekstil müəssisələri yaransa, biz xammalı ucuz qiyməyə ixrac etmək əvəzinə, özümüz istehsal edib daha çox gəlir əldə edə bilərik. Bununla bağlı olaraq, daxili bazarda hazır məhsul- geyimlər, parçalar və sairə- istehsalı artar və idxaldan asılılıq minimuma enər. Bu da öz növbəsində emal və tekstil sənayesini inkişaf etdirər vəəlavə on minlərlə insan işlə təmin olunar. Neft erası başa çatdı. Qeyri-neft sektorunda isəən gəlirli sahələrdən biri pambıqçılıq və onunla bağlı olan tekstil sənayesidir. Bu sahəəsas prioritetlərdən biri kimi seçilməlidir”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları