Yuxarı

"Ayaq üstə silaha söykənib ölmüşdü"

[caption id="attachment_3347" align="alignleft" width="285"]12467896_934527313298314_1564455415_n Keçmiş döyüşçü: "Mən müharibənin, hər kəsin görə bilmədiyi üzünü görürdüm"[/caption] O, ərəb-fars, Rus və Əfqan dillərini mükəmməl bilir. Əlbəyaxa döyüş ustasıdır. Bundan başqa, 3-cü dərəcəli xarratdır, gözəl rəssamlıq qəbuliyyətinə malikdir. Sovet Ordusunda xidmətini başa vurduqdan sonra Xankəndində pedaqoji universitetə qəbul olub. Əla qiymətlərlə ali təhsilini başa vurduqdan 1987-ci ildə Ağdam şəhər 8 illik dəmiryol məktəbində pedaqoji fəaliyyətə başlayıb. 1988-ci ildə Ağdamın Mahrızlı kəndinə, doğulub boya-başa çatdığı yaşayış məntəqəsindəki məktəbə təyinat alıb. Amma Dağlıq Qarabağ Müharibəsi başlayanda Vətənin ərazi bütövlüyü uğrunda savaşa qatılıb.

1990-cı ildən 2014-cü ilə qədər Rahib Məmmədov adına Ağdam Döyüş Şöhrəti Muzeyində direktor vəzifəsində çalışıb. Zəngin xatirələri var. Ailəsində iki övlad, bir oğlan, bir qız böyüdüb. Nəvələri də var.

Söhbətimizin əsas süjet xətti Qarabağ müharibəsi və bu döyüşlərdə yaşananlardan bəhs etdi...

-İntiqam müəllim, isdəyirəm söhbətimizə müharibə illərindən başlayaq. Siz müəllim kimi arxa cəbhədə lazım olduğunuz halda döyüşə atıldınız...

-Bunun maraqlı və heç vaxt unutmayacağım səbəbi var. 1992-ci il idi. Işçilərimizlə muzeyin qarşısında durmuşduq. Yaxınlıqdakı orta məktəb hərbi qospital kimi fəaliyyət göstərməyə başlamışdı. Iki dənə “Teqaç” markalı döyüş maşını həmin qospitala yaralı daşıyırdı. Yaralıları boşaldıb qospitaldan çıxanda muzeyin hasarına toxundu. Divarın bir hissəsi uçdu. Mənə elə gəldi ki, sürücü bunu bilərəkdən elədi. Məndə həmin döyüş maşının saxladaraq onunla mübahisə eləməyə başladım. Sürücü əslən Bakı şəhərindən olan Aypara adlı oğlan idi. Xeyli mübahisə etdikdən sonra o aqresiyalı halda texnikaya tərəf gedərək deyinməyə başladı: “axı günah məndədir mən nə gəzirəm ki, burda, siz də mənə qarşı belə hərəkət edəsiniz. Mən Bakıdan bura sizi qorumağa gəlmişəm. Bu da mənim "çox sağ ol"umdur?” deyərək maşına minib sürüb getdi. Onun sözləri mənə çox ağır təsir elədi, elə o gündən hərbi forma geyindim. Ilk olaraq qospitalın müdafiyə və mühafizə bölməsinin komandiri kimi xidmətə başladım. Daha sonra yaralıların döyüş bölgəsindən çıxarma qrupunun komandiri oldum. Könüllü olaraq hərbi tibb maşınları ilə qaynar nöqtələrə gedib atəş altında olan yaralı əsgərləri çıxarılmasında iştirak etməyə başladım. Çox çətin vəzifə idi. Elə olurdu ki, bir yaralını çıxarmaq üçün dəqiqələrlə, saatlarla döyüşə girməli olurduq. Bax, məni döyüşlərə aparan səbəb bu oldu. Vətənə olan sevgi və Aypara adlı bir cavanla mübahisə…

-Bəs, ən çətin döyüşü necə xatırlayırsız?

-Ən çətin döyüş 1992-ci il dekabrın 7-si Ağdamın Mərzili kəndində oldu. Orada vəziyyət çox pis idi. Kənd uğrunda güclü döyüşlər gedirdi. Bildirim ki, Mərzili kəndi rayonun ən böyük kəndi olub. Qospitalın komandiri Alı Qurbanlı bizə vəziyyəti başa salıb dedi: “Mən sizə əmr edə bilmərəm gedin. Çünki orada hansi tərəfin harada olduğu bilinmir. Əsir düşə bilərsiniz, ölə də bilərsiniz. 95 faiz həyati təhlükə var. Mən dəstəmlə ora getmək isdədiyimi bildirdim. Sonra bir neçə nəfər də könüllü olaraq bizə qoşuldu. Tam silahlanıb iki sanitar maşını ilə Mərziliyə yollandıq. Hardasa kəndin mərkəzində idik. Qarşımıza bir UAZ bir ZİL çıxdı. Hər iki maşın hərbiçilərlə dolu idi, biz də, onlar da maşından düşməyə başladıq. UAZ-dan düşən komandir bizə əli ilə onlara tərəf gəlməmizi işarə elədi. Aramızdakı məsafə 35-40 metr olardı... Birdən ZİL-dən düşən təxminən 40-a yaxın döyüşçülərdən biri digərinə ermənicə sual verdi. onların erməni olduğunu bilib. Yarımız yanımızdakı daş hasarın arxasına yarımızda su kanalının betonunun arxasında döyüş vəziyyəti alıb dərhal onlara atəş açmağa başladıq. Biz onlardan tez döyüş mövqeyi seçib atəş açdığımıza görə elə ilk atəşdəcə bir neçəsini yerə sərdik. Qızğın döyüş başladı pərən-pərən düşmüşdülər. Bilmirdilər nə etsinlər... Məcbur qalıb texnikalarını, yaralı və ölü döyüşçülərini qoyub geri çəkilməli oldular. Biz də düşmənin qoyub qaçdığı texnikalarını Ağdam batalyonuna təhvil verib geri döndük. Həmin gün yadımdan heç vaxt çıxmayacaq. Çünki mənim və dəstəmin qalib ayrıldığı ilk döyüş idi. İnanın ki, həm ac idik, həm də yorğun. Amma qələbə qazanmaq ləzzəti bunları bizə tam unutdurmuşdu. Evə gələndən sonra gördüm ki, əlim qolum qıçım bərk sivrilib. Qanın içində idim... Beləcə ən çətin döyüşümüz onda baş verib.

-Atəş nöqtəsindən götürdüyünüz döyüşçülərdən yanınızda şəhid olanları olubmu? Son sözlərini xatırladığınız var?

-Bəli olub... (kədərlənir) Bir necə dəfə olub... Bir dəfə Surətin dəstəsindən bir oğlanın iki qıçı kəsilmişdi. Bədənində qəlpə yaraları var idi. Onu götürüb qospitala gətirirdik, istəyirdim ki, ayaqlarının olmadığını görməsin, amma israrla mənə qorxmadığını dedi. Başını qaldırıb qıçına baxdı: “Qıçlarım da, canım da Vətənimə qurban olsun!” deyib, gülümsəyərək gözlərini yumdu...

Digər bir nəfər də var idi. Sanitar maşınında gətirirdik. Tamam qanın içində idi. Gözlərini açıb gözümün içinə baxdı, “Bu dəfəki döyüşdə cəmi ikicə erməni öldürdüm...” deyib keçindi.

Bilirsiniz, mən müharibənin hər kəsin görə bilmədiyi üzünü görürdüm. Həm odun alovun içində vuruşur, həm də arxa cəbhədə yaşanan müharibə dəhşətlərinin şahidi olurdum. Onu da qeyd edim ki, döyüş bölgəsindən götürdüyüm şəhidlərin bir çoxunun şəxsi əşyalarını götürüb yığırdım.

-Şəxsi əşyalar dedikdə...?

-O vaxtlar əsgərlərin çoxu patron gilizinin içərisinə özü haqda şəxsi məlumatlar yazıb qoyurdular. Onları götürürdüm. Bundan başqa onların ölümünə səbəb olan güllə başlıqlarını, qəlpələri götürüb hamısının tarixini yığıb saxlayırdım. Sonra baxdım ki xeyli sayda əşyalar toplamışam. Həmin əşyalar böyük çətinliklə də olsa, Mədəniyyət və Turizm Nazirliyindən icazə alıb Rahib Məmmədov adına muzeydə “Qarabağ Şəhidləri” guşəsi yaradıb ora yığdım. Buna görə R.Məmmədovun atası məni dəfələrlə qınayıb. Mənə “Oğlumun adına olan muzeyi metalloma çevirmisən!” deyirdi. Onların hazırda “metallom” adlandırdığı güşə Azərbaycanda analoqu olmayan muzeydir. Orada şəhidlər haqqda maraqlı tarixçələr. Onların şəxsi əşyaları, ölümlərinə səbəb olan güllə və qəlpələr yer almaqdadır. O əşyalar arasında Milli Qəhraman Mübariz İbrahimovun və son zamanlar ermənilərin atəşkəsi pozmasından şəhid olan hərbi qulluqçularımızın da əşyaları var.

-Güclü döyüş əməliyyatı getmiş ərazilərə getmisinizmi? Qarşılaşdığınız mənzərələrdən daha nələri xatırlayırsınız?

-Çox görmuşəm... Amma gördüklərimin içərisində ən dəhşətlisini danışacam. Ağdam şəhərində Qarağacı qəbirstanlığı deyilən ərazi var idi. O, tərəfdə güclü döyüş olduğunu demişdilər. Həmin əraziyə yollandıq. Meyitləri toplamağa... Qarşılaşdığım mənzərə həm dəhşət idi, həm də qururverici. Heç vaxt unutmayacağam bir mənzərə idi... Deməli, gördüklərimdən qənaətə gəlmək olardı ki, erməni böyük qüvvə ilə ordumuzun bir postuna hücum edib. 6 nəfərdən ibarək post heyyəti geri çəkilmədən postu müdafiə edib qəhramanca həlak olmuşdular. Meyitləri tapdığımız mövqelərdən də bəlli olurdu ki, post heyəti çox peşəkar olub. Bir neçə meyiti götürüb ərazini axtarırdıq. Birdən qarşıma plemiyotun arxasında ayaqüstə şəhid olan bir hərbiçimiz çıxdı. Plemiyotun ağzı aşağı enərək torpağa dirənmişdi şəhidimiz isə ayaqüstə plemiyota söykənikli əli tətikdə, lakin sinəsi deşik-deşik halda dayanmışdı. Işin qururverici tərəfi tək bundan ibarət deyildi. Plemiyotun qarşı tərəfində onlarla erməni meyiti vardı. Sonralar eşitdim ki, həmin plemiyotçu və dostları bir erməni bölüyünün hücümunu dəf edərək postu tərk etməyiblər. Ermənilər isə ağır itki verərək geri çəkiliblər.

-Ərəb-Fars dilin bilirsiniz, əlbəyaxa döyüş növünü bilirsiniz. Bunlar müharibə zamanı köməyinizə çatdı? 

-Bəli, çox kömək edib. Tək mənə yox, ordumuza kömək edib. Mənim dil bilməyim  o vaxtlar Azərbaycana vuruşmağa gələn əfqan mücahidlərlə ordumuzun hərbiçiləri arasında əlaqələrin yaradılmasına çox kömək etdi. Nəinki Ağdamda, ta Füzuli rayonuna qədər olan ərazilərdə əfqan döyüşçülərə tərçüməçilik edirdim.

-Qospitaldan hansı xatirələr qaldı?

-Bəli, bir dəfə qospitalın ərazisində idim. Əsgərlərdən biri mənə yaxınlaşıb bir rus qadının komandiri axtardığını dedi. Mən də yanıma göndərmələrini dedim. Hündürboy, sarışın, gözlərində gün eynəyi olan biri qadın idi. Kim olduğunu, əraziyə nəyə gəldiyini soruşdum. O da Permdən gəldiyini, qospitalda xadimə və ya tibb bacısı kimi işləmək isdədiyini dedi. Bunu götürüb qospitala apardım. Komandirlə görüşdürdüm. O, komandirə rusyadan işsizlik ücbatından gəldiyini deyib bir qarın yeməyə iş istədi. Komandir onun sənədlərinə baxanda, onu “asobtdel”ə aparıb  yoxlatmağı təklif elədim. Əslində, mən orada məxfi şöbə deməliydim. Bilmədən rus dilində dedim. Komandir mənimlə razılaşdı. Qadını əlimdə silah özümdən qabağa buraxaraq arxasınca gedirdim. Kəndin arasında məndən kibrit isdədi. Siqaret çəkmədiyim üçün kibritimin olmadığını dedim. Qarşıdan 2-3 əsgər gəlirdi o məndən xahiş elədi ki, əsgərlərdən ona kibrit alım. Məndə alıb verdim. Məndən aralaşıb bir salafan paket çıxardı dediki qida qalığıdır yandırıb qayıdıram. O biraz aralaşıb paketə od vuranda baxdım ki, onun yandırdığı sənəddir. Ona tərəf qaçmağa başladım. O isə cəld ayağa qalxaraq usdaca düz sinəmə bərk təpik vurdu. Təpiyin təsirindən yerə yıxıldım. Qadın elə zənn elədi ki qaçacağam, amma ayağa qalxıb biraz  əlbəyəxa vuruşduq. Adam peşəkar idmançı idi. Əlqərəz, onu biraz əzişdirdikdən sonra yerə yıxıb silahı boğazına dirədim. Onu məxfi şöbəyə aparıb dindirdik. Məlum oldu ki, qadın Azərbaycana saxta sənədlərlə gəlmiş erməni kəşfiyyatçısıdır. Məqsədi qospitala gələn yüksək rütbəli zabitləri zəhərli iynələrlə öldürmək imiş.

-Bəlkə son olaraq müharibə illərində başınıza gələn bir gülməli əhvalat danışasınız... 

-Əslində, mənim mövqeyim elə idi ki, gülməli əhvalat yaşamamışam. Amma həmin ərəfələrdə Bakıdan başıma gələn bir məsələni danışaram. O vaxtlar əfqanlarla daha çox işlədiyimə görə geyim kecimim və xarici görkəmim (saqqalını nəzərdə tutur)  məni bir əfqandan fərqləndirmirdi. Həmin ərafələrdə iş üçün həyat yoldaşımla Bakıya getmişdim metrodan çıxırdıq. Bir qadın məni əfqan zənn edib yoldaşıma kinayəli-kinayəli baxaraq dedi: - Ağəz, gözəl göyçək xanımsan. bu boyda ölkədə bir azərbaycanlı kişi tapmadın..?!

Xatırladaq ki, İntiqam Əsədovun fars dilindən tərcümə etdiyi 4 ədəd kitab işıq üzü görüb. Bunlardan birincisi Cavad Heyətin "Türk dil və ləhcələrinin tarixinə nəzər" adlı kitabıdır ki, 2006-2008-ci ildə işıq üzü görüb. İkinci kitabı Məhəmməd Təqi Zəhdabi Kirişçinin "İran türklərinin qədim tarixi" kitabıdır ki, 2008-2010-cu ildə nəşr edilib. Üçüncü kitabı Məhəmməd Əhməd Pənahi Simnaninin "Şah İsmayıl Səfəvi" kitabı 2012-ci ildə nəşr edilib.

Dördüncü kitabı isə Məhəmməd Əhməd Pənahi Simnaninin "Böyük Şah Abbas" kitabıdır 2014-cü ildə nəşr edilib. Hazırda isə Məhəmməd Əhməd Pənahi Simnaninin "Ağa Məhəmməd Şah Qacar" kitabını tərcümə edir ki, o da yaxın zamanda nəşr ediləcək.

Elgün Gəncimsoy

Ağdam





Həftənin ən çox oxunanları