Yuxarı

Xəzərdə axtarışlar nəticə vermir

Xəzərdə axtarışlar nəticə vermir

[caption id="attachment_3373" align="alignleft" width="334"]Mirvari Qehremanli Mirvari Qəhrəmanlı: “Bu iş yaxşı təşkil olunmadı”[/caption]

Artıq “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzadan 41 gün keçir. Həmin özüldə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edildi və 33 nəfər isə itkin düşdü. Sonradan itkin düşən neftçilərdən fasilələrlə cəsədi tapılanlar oldu. Hazırda isə 19 nəfər itkin neftçinin cəsədi hələ də tapılmayıb.

Bəzi mütəxəssislər hesab edirlər ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilən itkin neftçilərin axtarışları istiqamətindəki işlər səmərəli deyil və ona görə də qəzadan xeyli müddət keçsə də, cəsədlərin tapılması yalnız dalğa vasitəsilə hansısa ərazidə görünərkən mümkün olur. Qeyd edək ki, itkin neftçilərdən 4 nəfəri elə Türkmənistan sahilindən tapılıb. Yəni axtarışları həmin ərazi istiqamətinə yönəltmək daha məqbul olardı. Həmçinin bu sahədə sualtı axtarlş təbbirlərinin də aparılması müsbət nəticələrdən xəbər verən addım olardı. Amma nədənsə itkin neftçilərin axtarışları yalnız Xəzər dənizi üzrə aparılır və bildirilir ki, axtarışlara FHN-in Sularda Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub. Onlar gündəlik məlumatlarında axtarış tədbirlərinin gücləndirilməsini qeyd etsələr də, nəticə göz qabağındadır. Məsələ ilə bağlı ekspert və mütəxəssislərin düşüncələri tam fərqlidir. Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı itkin neftçilərin axtarışları ilə bağlı məsələyə şərh verərkən deyib ki, bu sahədə aparılan axtarışlar qənaətbəxş deyil: “Çox təəssüflər olsun ki, dekabrdan bəri çox küləkli havalar oldu və itkin neftçilərin çoxunu tapmaq mümkün olmayıb. Həmçinin Xəzəryanı dövlətlərlə də əlaqəyə girmək lazım idi. Mənə elə gəlir ki, yalnız Türkmənistan tərəfdə nəticə olub. Çünki cəsədlər əsasən Türkmənistan sahilindən tapılıb. Düşünürəm ki, itkin neftçilərin axtarışı yaxşı təşkil olunmayıb. Adətən, axtarış olanda Azərbaycanın ərazisində Xəzəryanı sahələrdə bunun üçün könüllüləri dəvət etmək lazım gəlir. Amma bizdə bu könüllülər cəlb olunmadı. Axtarışların aparılması hiss olunmur və əhaliyə mütəmadi məlumatlar verilmir. Hətta vəziyyətlə bağlı ictimaiyyət məlumatlandırılmır. Aparılan axtarışları heç də qənaətbəxş hesab etmirəm”. Mirvari Qəhrəmanlı hesab edir ki, axtarışları daha fəal aparmaq lazımdır. Çünki artıq nəticələr mənasız ola bilər: “Bunun üçün fəal çalışmaq lazımdır. Çünki cəsədlər artıq çürüyə bilər və onları tapmaq qeyri-mümkün ola bilər. Ümumiyyətlə, Azərbaycanın bu sahədə fəaliyyəti çox zəifdir. Təbliğat yaxşı aparılmır. Ailələr çox dözülməz vəziyyətdə qalıblar. Bundan sonra itkin neftçilərin tapılma ehtimalı artıq şox aşağıdır”. 40 gündən artıqdır ki, “Günəşli” yatağında baş verən yanğının hələ də söndürülməməsinə gəlincə, Mirvari Qəhrəmanlı deyib ki, bu sahədə ictimai komissiyaların keçirildiyi bildirilir. Amma həmin komissiyaya vətəndaş cəmiyyətini də daxil etsəydilər, daha tutarlı bigilərə sahib olmaq imkanı olardı: “Bizim hadisə yerinə gedib baxmaq məhdudiyyətimiz var. Ona görə də Dövlət Neft Şirkətinin rəsmi məlumatlarını əsas götürə bilirik. Amma bizə uşaqlar xəbər verirlər ki, “Günəşli” yatağında hələ də yanğın görünür. Onun söndürülməsi üçün isə yəqin ki, o qədər də professionallar yoxdur”. Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. Hazırda 10 nəfərin cəsədi tapılıb, 19 nəfərin axtarışı davam etdirilir.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları