Yuxarı

"Vosmoy"da qıra-qıra qurmaq ənənəsi

12556950_941432862607759_1328601726_oPatytaxtın Nizami rayonunda yaşıllıq massivləri təhlükə altındadır

Həmişəyaşıl iynəyarpaqlı və yarpaqlı ağaclar, eləcə də subtropik ağacların hesabına (onlar Bakıda yaşıllıq bitkilərinin 70 faizindən çoxunu təşkil edirlər), bunlar dekorativliyi, bədii gözəlliyi ilə şəhər obyektlərinin vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Hətta "Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu" da var ki, bu qanun, Azərbaycan Respublikası Konstitusiyasının 39-cu, 78-ci maddələrinə və 94-cü maddəsinin I hissəsinin 11-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında yaşıllıqların mühafizəsi ilə əlaqədar münasibətləri tənzimləyir, bu sahədə dövlətin, bələdiyyələrin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrini müəyyən edir.

Lakin bu gün ölkədə yaşıllıq zolaqları nə dərəcədə qorunur, yaşıllıqlar nə dərəcədə mühafizə edilir? Söhbəti çox uzatmadan Nizami rayon ərazisində yerləşən 8-ci kilometr bazarının yaxınlığındakı meşə zolağının məhv edilməsindən bəhs etmək istərdik.

Sözügedən ərazidə geniş meşə zolağı vardır ki, bu günlərdə həmin ərazidə qanuniliyi və qeyri-qanuniliyi müəmma doğuran tikili inşa olunmaqdadır. Müşahidə zamanı şahid olduq ki, tikilməkdə olan binanın bünövrəsi təxminən, 10-a yaxın ağacı mühasirəyə alıb. Ağacların kəsilməsini müşahidə etməsək də, divarların arasında qalan bu ağacların aqibəti sual altında qalır. Tikinti ilə məşğul olan fəhlələrə yaxınlaşsaq da, görünür, "yuxarıdan" susmaq tapşırığı gəldiyindən heç bir məlumat vermədilər. Hətta ucaltdıqları binanın nə olacağını belə bilmirlər. Dedilər ki, mühəndis bir azdan gələcək. Bu "bir az" təxminən, 2 saat çəkdi, amma mühəndis gəlib işinə nəzarət etmədi ki, etmədi...  Üz tutduq Nizami rayon İcra Hakimiyyətinə. Bizi qapı önündəki polislər qarşıladı. Səlahiyyətli şəxslərdən hər hansı biri ilə heç cür görüşə bilməyəcəyimizi bildirib bizi binadan yarıxoş-yarızor uzaqlaşdırdılar. Kor-peşman dönürük redaksiyaya. Telefonla Nizami Rayon İcra Hakimiyyətinin İctimaiyyətlə Əlaqələr şöbəsi ilə əlaqə saxladıq. Şöbənin məsul əməkdaşı Əli Axundovun dəstəyi götürəcəyinə ümid etsək də, o, dəstəyi qaldırmadı. Əvəzində isə suallarımızı İctimai-Siyasi şöbədə baş məsləhətçi vəzifəsində çalışdığını deyən, Hüseynov Bəhman Tapdıq oğlu cavabladı, amma çox qəribə bir tərzdə: "Mənim heç nədən xəbərim yoxdur, mən heç nə bilmirəm. Nə tikirlər-tiksinlər mən heç nə bilmirəm! Suala bir bax, orada nə tikirlər?! Mən İctimai-Siyasi şöbənin məsləhətçisiyəm, jurnalistlərə məlumat vermək şöbəsində çalışmıram. Bunun üçün təsərrüfat şöbəsi ilə əlaqə saxlayın".

Tənbəllik etmədik, bizə verilən nömrəni yığdıq. Təsərrüfat Şöbəsindən dəstəyi qaldıran adam özünü təqdim etmədi. Naməlum şəxsin Nizami rayon İcra Hakimiyyəti binasına haradan daxil olduğunu heç cür başa düşə bilmədik... Sualı eşidər-eşitməz dəstəyi asdı və bir daha zəngə cavab vermək qərarında olmadı. Bir neçə saat sonra yenidən əlaqə saxlamaq cəhdimiz yenə həmin adamın səsimizi eşidər-eşitməz dəstəyi asmağı ilə nəticələndi.

Məlumat almaq hüququmuz olsa da, Nizami rayon İcra Hakimiyyəti hüquqarımızı kobud şəkildə tapdalamaqdan da çəkinmədi. Görəsən, İcra Hakimiyyətindən xəbərsiz obyektləri orada kim tikir? İcra Hakimiyyətinin hər şeydən xəbəri olmalı olduğu halda niyə bundan xəbərsiz idi?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova ilə əlaqə saxladıq. O hadisə ilə dərhal maraqlanacağını qeyd etdi. Və Ekologiya müfəttişlərinə dərhal tapşırıq verərək deyilən ünvana göndərdi. Müfəttiş Quliyev Şakir Məcid oğlu qeyd edilən yerə baş çəkdikdən sonra bizimlə əlaqə saxladı: "Həmin ərazidə oldum, qeyd etdiyiniz ağaclar şam və sərv ağaclarıdır. Prezidentin sərəncamına əsasən Mikayıl Əliyev və Çobanzadə küçələrində abadlıq işləri həayat keçirilir. Həmin yerdə isə "Karman", yəni dayanacaq inşa ediləcək. Həmçinin yollar da genişləndiriləcək.

Hal-hazırda isə orada ağacların kəsilməsi ilə bağlı heç bir fakta rast gəlmədiyimiz üçün heç bir müdaxilə edə bilmədik. Əgər gələcəkdə belə bir hal baş verərsə, biz dərhal müdaxilə edəcəyik. Hələ bəlli deyil ki, yuxarı instansiyalar ağacların kəsilməsinə icazə verəcək, yaxud verməyəcək, amma buna baxmayaraq, bu daim bizim nəzarətimizdədir".

Biz də öz növbəmizdə Nizami rayon İcra Hakimiyyətinin rəsmi internet saytını izlədi, lakin ölkə başçısının bununla bağlı sərəncamına rast gəlmədik. Sayt ən son yeniləndikdə ölkə başçısının Nizami rayonuna yeni icra başçısı təyin etdiyi sərəncam yerləşdirilib. O gündən indiyə qədər sayt yenilənməyib və Nizami rayonunda abadlıq işlərinin aparılması ilə bağlı sərəncama da rast gələ bilmədik. Görünür, əsas icra başçısının təyinatının verilməsi imiş ondan sonra sayt yenilənməsə, jurnalistə məlumat verilməsə, ərazisində kimin və nə üçün obyekt tikməsindən xəbərdar olmasa da olar...

Rövşən Əsədov





Həftənin ən çox oxunanları