Yuxarı

Dövlət orqanları 10 yaşlı uşağa sənəd vermir

Dövlət orqanları 10 yaşlı uşağa sənəd vermir

sehadetnameBakı şəhəri, Suraxanı rayon, Hövsan qəsəbəsində ev 15 A mənzil 100 ünvanında yaşayan Saleh Muradov Həsənağa oğlu Cebhe.info redaksiyasına 10 yaşlı övladına hələ də doğum haqda şəhadətnamə ala bilməməsi haqda şikayət ünvanlayıb.  S.Muradov bildirib ki, biz ailə quranda nikah bağlanmayıb:

“Mən və İlhamə Natiq qızı Hüseynova ilə 2005-ci ildə nikahdankənar ailə həyatı qurmuşuq. Həmin nikahdan 15 mart 2006-cı ildə övladımız Süleyman Saleh oğlu Muradlı dünyaya gəldi. Övladımız ev şəraitində olduğu üçün doğum faktı və atalıq faktı müəyyən olunmamışdı. Övladımız dünyaya gələndən bir il sonra 12 mart 2007-ci ildə həyat yoldaşım ilə ayrıldıq. Hal-hazırda uşağın 10 yaşı olmağına baxmayaraq, sənədlərinin qaydasında olmadığı üçün yerli və beynəlxalq hüquqlarının həyata keçirilməsinə imkan vermir. Bu da onun təhsildən uzaq qalmasına səbəb olur. Dəfələrlə Suraxanı rayon Qeydiyyat Şöbəsinə və Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etsəm də, bu problem öz həllini tapmayıb və mənə məhkəməyə müraciət etməyimi məsləhət görüblər. Qeyd edim ki nə mən, nə keçmiş həyat yoldaşım uşaqdan imtina etmirik”.

Süleyman Muradlının babası Həsənağa Muradov isə bildirir ki, Suraxanı rayon İcra Hakimiyyəti problemi həll etmədiyi üçün  məhkəməyə müraciət edilib: “Məhkəmə hakim Natavan Tağıyevanın  sədrliyi ilə keçirildi. Uşağın anasını məhkəməyə çağırdılar və o, ərizə ilə bildirdi ki, uşaq bizimdir. Hər şey açıq-aydın ortada olduğu halda məhkəmə işi həll etmədi. Nəticədə nəvəm yenə də sənədsiz qaldı. Biz məhkəmənin qərarından narazı olduğumuz üçün Bakı Apellyasiya Məhkəməsinə mürəciət etdik. Məhkəmənin birinci iclası 9 sentyabr 2015-ci il tarixində keçirildi. Ancaq ilk iclasda məsələ həllini tapa bilmədi. İkinci iclasın vaxtı isə hələ də məlum deyil. Qeyd edim ki, Apellyasiya Məhkəməsində işi hakim Aygün Abdullayeva aparır. Hələlik son qətnamə verilməyib. Nəvəmin artıq 10 yaşı var və sənədləri olmadığı üçün təhsil ala bilmir. Bu da birbaşa olaraq onun gələcəyini təhlükə altına salır. Biz bununla bağlı Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət ünvanladıq. Bizə cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məmmədəli Kəsəmənli  bildirib ki, Süleyman Saleh oğlu Muradlının şəxsiyyətini təsdiq edən heç bir sənəd olmadığı üçün və doğum haqqında şəhadətnamənin alınması məqsədilə məhkəmə tərəfindən uyğun qərarın verilməməsi səbəbindən onun birinci sinifə qəbulu mümkün deyil”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları