Yuxarı

"Hər şey yaxşıdır" sarkazmına tutulanlar

IMG_5525İnsanlar problemlərindən danışmağa belə ürəkli deyil

Küçələr, prospektlər, uca göydələnlər və yaraşıqlı dükanların damları qaradinməz buludların ahəngdarlığına uyğunlaşıb. Səma xəfif təlatümünü yerə yansıdıb. Günəş görünmür. Çıxmaq üçün təbiət ananın icazəsi yoxuydu. Qaşlar çatılıb. Göylə yerin birləşdiyi yerdə belə, kiçicik şəfəq süzüntüsü yoxdur. Hiss ediləcək qaradinməzlik var, həm yerdə, həm də göydə. Adamlar da bu qara sükutun içində gülünəcək şeylərin arxasındaydılar, bir az xoşbəxtlik üçün. Sanki onların da gülmək üçün icazələri yoxdur.

Səhər tezdən yuxumuza haram qatıb şəhərə çıxdıq. Adamların niyə gülə bilmədiklərinin səbəblərini axtarmaq, başlara dərd açan banklara yönəlik yaranmış suallara cavab tapmaq üçün. Bu minvalla küçələri gəzirik, sualımıza cavab verəcək adam tapılmır. Onlar var, lakin susurlar. Qaçan qaçır, qaçmayan da öz işindədir. Sual qarşısına çıxan da sanki, nədənsə çəkinirmiş kimi bir tövrlə, güc-bəla bir cümləlik cavab verir: “Hər şey yaxşıdır” deyib arxasına baxmadan uzaqlaşır. Həqiqətənmi vəziyyət görkəmindən yoxsulluğun ən sonuncu nümayəndəsi kimi görünən və bu gün də küçə-küçə, qapı-qapı düşüb iş axtaran 52 yaşlı o adamın dediyi kimidir? Yəni, hər şey yaxşıdır? Nədir axı jurnalist görəndə dilinə senzura qoyan bu adamların mühafizəkarlığı? Hər şey yaxşı deyil axı. Çiyinlərdə haqqında durmadan danışılacaq, həlli suala bükülü saysız-hesabsız problem yükü var. Vəziyyət pisdir. Hər ay banka 500 manat faiz verən və maaşı 300 manat olan adamın o məbləği 30 günə toplaması dünyanın "səkkizinci möcüzəsi" məsələsidir. Hər şey o adamın səhərin qarğa birətökməzində evdən çıxıb axşama kimi qara-qara düşüncələrə ürəyini yedirdib, gecə də uşaqlar yatandan sonra əliboş arxa qapıdan evə sivişib girməsi qədər çətindir. Bəs niyə, infarktı pasport kimi cibində gəzdirən o adam “Hər şey yaxşıdır” deyir? Adamlar çaşqınlıq içərisindədir, nə baş verdiyindən xəbərsizdirlər. Yer də susur, göy də. Bəs, siyasətdən uzaq, hansısa etiraz tələb etməyən suallara həyatın ən asan mərhələsini belə keçmək iqtidarında olmayan o adam niyə “Hər şey yaxşıdır” cavabını versin ki?!

“Badımcan taksi"nin savadlı sürücüsü”

Yolun kənarında 4-5 “Badımcan taksi”nin (“London taksisi”) sürücüsü dayanıb. Yaxınlaşırıq. İçindən suala cavab verəcək adamı seçirik, özümüzü təqdim edər-etməz sürücü: “Siz kimsiniz? Mən bu dövlətə xidmət etmişəm. Dövlət telekanalı olsaydınız, sualınıza cavab verərdim!”, kimi nidalı, suallı sözlərlə bizi "qapazlamağa" çalışır. Cavab veririk ki, biz də bu dövlətə xidmət edirik, hansısa dövlətin xüsusi xidmət orqanlarına yox, biz agent deyilik. Çar-naçar qalan sürücü, səsinə özünə yaraşmayan əzəmət qataraq, bir qədər qaşlarını çatıb, “müdrikcəsinə” suallarımızı cavablandırır. “Dövlətə xidmət etmişəm” fikrindən sonra onun hansı cavab verəcəyini də əvvəldən təxmin etmişdik. Təxmin özünü yanıltmır. “Kredit borcum var. Dövlətə xidmət etmişəm. Aldığım təqaüdlə borcumu verə bilirəm. Hər şey yaxşıdır, bir problem-zad yoxdur”, deyib susur, ayrılırıq və sual dolu nəzərlərlə arxamızca baxır. Dodaqlatı yoldaşlarına nəsə pıçıldayır, yəqin ki, bizi söyür, ya da yalan danışdığı üçün özünü qınayır. Hər şey ola bilər, amma sürücü “dövlətə xidmət etmişəm” dedikdə dövlətlə hakimiyyət anlayışını səhv salmışdı. Bizi də “dövlət telekanalı” hesab etmədiyi, uzun illər bu xalqın düşməni kimi təqdim edilən müxalifət mediası zənn etdiyi üçün belə danışmışdı. Çünki qorxurdu - fikirlərinin təhrif olunacağından, qeyri-siyasi etirazın sonunda əlində olan kiçik işi də itirəcəyindən. Əlbəttə hər şey onun da dediyi kimi yaxşı deyildi. Əgər dövlət ona normal təqaüd verirdisə, yaxşı yaşaması üçün lazım olan qədər müavinət təminatı varsa, Bakı qışının soyuqlu, çiskinli havasına, səmtsiz küləklərinə üzünün nurunu yedizdirib sürücü işləmək nəyinə gərəkdoir onun? Əgər hər şey yaxşıydısa, kredit götürüb özünü “faiz virusu”na niyə yoluxdurmuşdu? Şübhəsiz, dövlətə xidmət etmişdirsə, dövlət və ona iş verənlər onun hansısa qabiliyyət, sahib olduğu savadına görə vermişdi? Lakin “Badımcan taksi"nin "savadlı dövlət adamı olan sürücüsü” hər şeyi yaxşı olan dövlətin dövlət telekanlı olmadığını da anlamalıydı. Lakin belə deyildi. O da, biz də, bu qısa söhbətin fonunda sağa-sola şütüyən kredit faizli avtomobillər də nə baş verdiyinin fərqində idik.

Üç min illik işgəncə

Əlqərəz, yolumuza davam edirik. “Hər şeyin yaxşı olduğu ölkə”nin paytaxt küçələrini, prospektləri bir-bir arxada qoyub yeni məkanlara üz tuturuq. “Kredit faizələrinin ovu”na çıxmışıq. Yenə də cavabsız suallar... Həm vaxt tükənir, həm də səbr. Geriyə - redaksiyaya qayıtmalıyıq. "Bıçaq sümüyə" dirənib. Problemlərini gizlədən, lakin görkəmlərindən faizin iki kiçik dairəsinin arasında qalmış nazik xətti kimi süzülmüşlər tələsirlər. Bəlkə də həqiqətən hər şey yaxşı idi. Və bu tələskənlik də yaxşı olanları daha da yaxşılaşdırmağa yönəlikdir. Bu yaşamaq səyləri içərisində faizlər lap uzaqlarda - yerlə göyün birləşdiyi yerdə görünən kiçicik bir qaraltıydı, həyata təsirsiz bir nöqtə. Bəlkə də problemləri gizlətmək daha yaxşıydı, nəinki onu lupa altına alıb böyüdərək can sıxıcısına çevirmək. Lakin bəlliydi ki, “Hər şey yaxşıdır” deyən dillərin özləri üçün düzəltdikləri “cənnət”də xoşbəxt deyildilər. Çünki nə baş verirdisə bilirdilər. Ölkənin ən ucqar dağ kəndlərinə belə nüfuz etmiş internet məlumatları evimizin içinə qədər girib. Beyinləri işğal edən bu informasiya bumu siyasi, müstəqil baxışılara görə mühakiməsiz həbsxana barmaqlıqları arxasına atılmışlardan bəhs edir. Və bu, həyatın hansı mərhələsində yaşamasından asılı olmayaraq, sözünə, özünə ehtiyatlı olmağı təlqin edirdi. Siyasi baxışın ortaya qoyulmasını tələb etməyən suallara da cavabsızlıq buradan qaynaqlanırdı.

Əzablarını işgəncəyə çevirib uzunmüddətli intihara sövq edən bu adamların susqunluqları Rubensin “Promotey əfsanəsi”ni xatırladırdı. Əfsanəyə görə, Zevs Promoteyi müqəddəs məşəli oğurlmaqda günahlandıraraq, cəzalandırılması hökmünü verir. Zevsin əmrinin simvolik ifadəsi var. Promotey insana, yəni özünün yaratdığı varlığa həyat vermək üçün məşəli oğurlayır. “Günah”ına görə, qayaya zəncirlənməyə, Tanrıların başçısı Zevsin göndərdiyi qartal tərəfindən hər gecə qara ciyərinin gəmrilməsinə məhkum olur. İşgəncə üç min il davam edir. Lakin bir gün Herakl qartalı öldürür və Promotey işgəncələrdən azad olur. “Hər şeyi yaxşı olan ölkə” sakinlərinin də əzablarından xilas olmaları üçün 3 min ili var. Ədalət məhkəmədən qalib çıxarsa, iki yuvarlaq arasında dəhşətli ağrılarla hər gününü can verərək yaşayan adamları əzablarından azad edəcək.

Qəzet oxuyur, yəqin dünayörmüş adamdır...

Qaranlıq yerini işığa təzəcə verib. Lakin küçələr işə tələsənlərlə, səhərin təmiz hava (hərçənd ki, təmiz hava Bakıda tapılacaq nadir hadisə olmalıydı) keyfi yaşayan adamlarla doludur. Göz gəzdiririk. Nəzərlərimiz fəvvarə ətrafındakı skamyada oturub bütün nəzər-diqqətini qəzetə zilləyib cidd-cəhdlə oxumaq sevdasına qapılmış ahıl yaşlarında bir kişiyə rast gəlir. Heç nəyin fərqində deyil. Maraqla oxuyur. “Qəzet oxuyur, yəqin dünayörmüş adamdır?” şablon düşüncəsiylə yaxınlaşırıq. Edilən təqdimata səthi göz qaldırıb, yenidən başını həminki vəziyyətinə qaytarır. Suallarımızı cavabsız qoyur. Heç nə demədən yolumuza davam edirik. Zatən, nə deyə bilərdik ki? Adam siyasi məhbuslardan oxuyurdu.

Vaxt daralır, artıq kreditlərə həsr olunmuş suallar özünü başqa düşüncələrlə əvəzləyir. Düşünürük ki, bəlkə də bu gün insanların əsl problemi kreditlər, borclar, bahalı restoran, paltar vitrinləri qarşısında xəyallar qurub qocalmaq, adam kimi yaşamağın yollarını axtarmaq yox, məhz qorxulu bataqlıq kimi özünə çəkib hər gün bir az yaşdan azaldan problemləri dilə gətirməmək məsələsidir. Adamlar susmaqla artıq bunu təsdiq etmişdilər. Susmaq da razılıqdır.

Öləndə xoşbəxt olacaq

“Buna da şükür”, deyib susqunluq içində yoluna pərvazssız addımlarla davam edən o yaşlı qadının uzun illər təzəyə sevinməyən hisslərinə şərik olmaq ən işgəncəli  intihar olmalıydı. Dibsiz quyuya yuvarlanış o qadın bankla ev arasında qalmışdı. Ac cizgi film qəhrəmanının qabağına çıxanları qrildə bişmiş toyuq kimi görməsi düşüncəsində, o yaşlı qadın həmin an faizi xatırladırdı. İki yuvarlaq arasında sıxıntıdan süzülən nazik xətt. Hər ikisi - həm ev, həm də bank eyni anda sıxırdı və hər ikisi də nəzərlərini onun dibsiz ciblərinə tikmişdi. Evdəkilər də yeyirdilər, bankdakılar da. Yeyilənsə, dilsiz danışan o qadındı.

Hər kəsin qarşısında bir şükranlıq borcunun olduğunu düşünən o yaşlı qadından ayrıldıqdan sonra sönmüş vulkan partlayışı baş verdi. “Banka kredit borcunuz var?” sualına 50-55 yaşlarında kişinin sarkazmla verdiyi cavab belə oldu: “Bütün Azərbaycanın banklara borcu var”. Sonra getdi. Xoşbəxtliyi borc bataqlığında ölmüş o adam üçün bəlkə də indi heç nəyin fərqi yoxdur. Həyatdan hansısa gözləntisinin olduğuna da özünü inandırmaq olmur. Çünki bundan sona yaxşıya doğru dəyişməyəcək həyatda yaşı ancaq borclu qalmamağa bəs edə bilərdi. İçdən gülməyi özünə haqq kimi tanımayan o adam xoşbəxtlik gələndə öləcəkdi. Bəlkə də öləndə xoşbəxt olacaqdı. Bütün gecələri hesablaşmalarla keçən insan necə xoşbəxt ola bilərdi ki?! Kim bilir.

Hər şey yaxşıdır?

Susulmuş suallara cavabı redaksiyaya qayıtdıqdan sonra tapdıq. Sayt yazırdı ki, ölkənin aparıcı bankları kredit verilməsini  dayandırıb. Banklardan bildiriblər ki, verilən kreditlərin geri qaytarılması həlli çətin məsələyə çevrilib. Yəni, vəziyyət “Badımcan taksisi"nin "savadlı dövlət adamı olan sürücüsü”nün təbirindəki “Hər şey yaxşıdır” kimi deyil. Çətindir və bu çətinlik yırtıq ciblərdən ürəyə qədər işləyən bıçaq sancısı verir. Hökumət yetkililəri də məsələlərə aydınlıq gətirmir. Xalq da, rəhbərlik də çaşqınlıq içərisindədir. Xalq gözləmək mövqeyində olmaq əvəzinə, iqtidar gözləyir. Sanki bir azdan sehrbaz silindirin içərisindən gözlənilən dovşanı çıxaracaq. Adamlar isə yeni işsizlik yerləri - ev və banklar arasında vargəldədirlər. Hər şey yaxşı olacaqmı? Demək çətindir.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları