Yuxarı

Sahibkara təzyiqlər edilir

Sahibkara təzyiqlər edilir

prokurorluq225 min manatı əlindən alınan şikayətçinin özünü tutmaq istəyirlər

20 yanvar  hadisələrinin canlı şahidi, həmçinin "20 yanvar cəmiyyəti"nin üzvü Rəhimov Murad Firad oğlu ona qarşı edilmiş haqsızlıqların ictimailəşdirilməsi ilə bağlı redaksiyamıza müraciət ünvanlayıb. Şikayətinin özündən eşitmək üçün üz tutduq  Murad Rəhimovun ünvanına. Bizi qapıda qarşıladı. Müsahibəyə onun daha çox nədən şikayətçi olmasına dair sualla başladıq.

-Murad müəllim probleminiz nədir, bu haqqında qısa məlumat verərdiniz.

-Öncə onu qeyd etmək istəyirəm ki, mən 2014-cü ildə Əliyev Arzuman İsa oğlu ilə tanış oldum. Tanışlığımızdan bir müddət sonra o, Masazırda ev tikintisi ilə məşğul olduğunu dedi və sahib olduğu tikinti ("Viktoriya" Tikinti Şirkəti) şirkətinə şərik olmağımı təklif etdi. Təklifə əsasən, mən 500 min AZN müqabilində şirkətin 20%-inə şərik ola biləcəkdim. Mən də dedim ki, o qədər pulum yoxdur. Amma bir müddət sonra toplayıb çatdıra bilərəm.

Təxminən, iki gün sonra mənə zəng elədi ki, mənə 225 min AZN pul lazımdır. Sən pulun yarısını ver səni şərik edim, qalan 225 min AZN-i də sonra verəndə biz sənədləşmə apararıq. Razılaşdıq "Sahil" metrostansiyasının qarşısında görüşdük. Mən pulu ona verdim. Xeyli müddət sonra xəbər tutdum ki, bu adamın Daxili İşlər Nazirliyində işi gedir. Ona görə də, pulun yarısını vermək istəmədim. Problemli adam olduğundan bildim ki, bununla iş qursaq da, tikinti yarımçıq qalacaq. Onun özünə dedim ki, pulumu geri qaytar, sizin işiniz problemlidir. Mənə söz verdi ki, pulunu qaytaracam. Bir neçə dəfə də dedim qaytarsın,  dedi ki,"indi yoxdur, alacaqlarım var, alım, mütləq qaytaracam".

-Qaytardımı?

-Xeyr. Bir müddət sonra onu həbs etdilər. Təxminən, 1 milyon 600 min yeyinti məsələsi ilə bağlı saxlanılmışdı. Sonra puluma görə getdim bununla türmədə görüşdüm. Orada da dedi ki, sənin pulunu qohumlar vasitəsilə qaytaracam. Qayınatası Cabbarov Əmir mənimlə əlaqə saxladı. Mənə olan borclarından 50 min manatı qaytardılar. Yerdə 175 min manat borcları qaldı. Qalan pulu qaytarması üçün bir neçə dəfə də görüşdüm onunla ki, qaytarsın pulumu. Hər dəfə bəhanə elədi. Sonda artıq sözümüz düz gəlmədi, dedi ki, sənə verəcəyim yoxdur. Pulu qaytarmıram səndən də şikayət edəcəm.

-Bəs nə üçün siz şikayət etmədiniz aidiyyəti strukturlara?

-Mən pulları qaytaracağını hesab edirdim. Daha sözümüz düz gəlməyincə, mən dərhal Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə şikayətlə müraciət etdim. Şikayətimi qəbul etdilər, ifadəmi aldılar. Müstəntiq mənə bildirdi ki, Arzuman Əliyev dələduzdur. Sən zərərçəkmiş kimi tanınacaqsan.

-Sizi zərərçəkmiş kimi tanımadılar?

-Elə oldu ki, sonra onun yeyinti işini mənim şikayətimdən ayırdılar. Bir müddət sonra bir müstəntiq Emil Kərimov zəng elədi ki, gəlin ifadə verin, sizin işə baxırıq. Gəldim ifadə verdim. Məni Arzuman Əliyevin qayınatası Cabbarov Əmirlə üzləşdirdilər. Dedilər ki, gedə bilərsiniz.

-Sizin şahidləriniz dindirildimi?

-Mənim o pulu ona verdiyimlə bağlı iki şahidim vardı. Şahidin birini - Qurbanov Rəşad Həsən oğlunu çağırdılar ifadəsini aldılar. Digər şahidi isə - Məmmədov Fərman  ümumiyyətlə, çağırmadılar. Mən hiss etdim ki, bu işi mənim əleyhimə yönəltmək istəyirlər. Əks tərəfdən şahidlər toplayıb mənim əleyhimə ifadə alırlar ki, güya mən 50 min manatı onun qayınatasından  iş düzəltmək üçün, həbsdə olan Arzumanı həbsdən çıxarmaq üçün almışam. Mənə olan 175 min manat borcun adını da tutmadılar. Mən də onun qayınatasından aldığım 50 min manatı borcumun bir hissəsi olaraq almışam. Aldığımı da danmıram. Bir müddət sonra məni istintaq idarəsinin rəisi Rəşad müəllim çağırdı yanına. Getdim, məni onun müavini İlqar Abbasov qarşıladı. Dedi ki, biz sizin işə obyektiv baxacağıq, arxayın olun.

-Siz qeyd etdiklərinizlə bağlı öz iradlarınızı bildirdinizmi?

-Bəli. İradlarımı bildirdim ki, mən şikayətçiyəm, siz isə mənim əleyhimə şahidlər toplayırsınız. İşi əleyhimə yönəldirsiniz.

Daha sonra mənə Arzumanın qayınatası Əmir zəng elədi. Dedi ki, qəbulunda olduğum İlqar Abbasov naxçıvanlıdır. Bizim onunla şəxsi münasibətlərimiz var. Məndən 50 min aldığına görə səni tutduracağıq. Mən də bildirdim ki, mən o 50 mini borcumun bir hissəsi olaraq səndən geri almışam. Arzuman mənim 225 min manat borcumu qaytarsın, mən də sənin 50 min pulunu qaytaracam. Tədricən məsələnin gedişatından anladım ki, həqiqətən də bütün işlər əleyhimə çevrilir.  Müstəntiq Emil Kərimov sonra mənim yoldaşıma zəng edib bildirib ki, bizim sizinlə işimiz yoxdur, bizim işimiz Muradladır.

Onlarınsa fikri məni həbs etmək, hədə-qorxu ilə şikayətimi geri götürtməkdir ki, mən iddiamı geri götürüm və 1 milyon 600 min pul mənimsədiyi sübut olunan adamın işi yüngülləşsin, mənim də pulum ortada batsın. Həmin adamdan şikayətçi olan bir neçə nəfərin də dolayısı yolla təsir edərək şikayətlərini geri götürdüblər.

-Şikayətinizi geri götürmək fikriniz varmı?

-Xeyr. Mən bütün bu təzyiqlərə rəğmən şikayətimi geri götürməyəcəm. Sırf pula görə yox. Ona görə ki, ədalət bərqərar olunsun. İşə obyektiv və doğru baxılsın. Mənə olan borca gəldikdə isə əgər o pulları qaytarsalar, mən həmin məbləği xeyiriyyə fondlarına, uşaq evlərinə bağışlayacağam.

-Haqsızlıq deyirsiniz, ədalət tələb edirsiniz. Bütün bu dediklərinizlə bağlı digər üst qurumlara müraciətlər ünvanlamısınızmı?

-Bəli. Bütün bunlarla bağlı Prezident Adminstrasiyasına, Baş Prokurorluğa müraciətlər ünvanlamışıq ki, bizim işə niyə obyektiv, düzgün baxılmır.

-Bu müraciətlərinizə rəsmi cavablar gəlibmi?

-Bizə bildirdilər ki, müraciətinizlə bağlı aidiyyəti strukturlara tapşırıqlar verilib, işiniz obyektiv şəkildə araşdırılacaq.

-Mətbuat vasitəsilə səsləndirmək istədiyiniz başqa fikirləriniz varmı?

-Mən istərdim mətbuat vasitəsilə ölkə başçısına səslənim, Baş Prokurorluğa səslənim, xahiş edim ki, mənim bu işimlə maraqlansınlar. Ciddi tapşırıqlar versinlər. Biz əminik ki, ölkə başçısı və baş prokurorun tapşırığı ilə bu məsələdə haqq-ədalət bərqərar olacaq.

Aqil

P.S Məsələ ilə bağlı Respublika Prokurorluğunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Eldar Soltanovla əlaqə saxladıq. E.Sultanov bildirdi ki, şikayətçi Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyətindən və işin aparılmasından narazıdırsa, o zaman 161 nömrəli qaynar xəttə müraciət etsin. Qaynar xəttə edilmiş müraciətlər ciddi nəzarətdədir və tam obyektiv şəkildə şikayətlərə baxılır.





Həftənin ən çox oxunanları