Yuxarı

Təndirdən qaynar un kisəsi...

Təndirdən qaynar un kisəsi...

12596027_946637092087336_1438665724_nQiyməti artırılan bu ərzaq növünün çəkisi hər gün azaldılır...

Manatın məzənnəsinin düşməsi demək olar ki, bütün sahələrə öz mənfi təsirini göstərdi. Təbii ki, bu ərzaq məhsullarının,  un məmulatlarının qiymətindən də yan keçmədi. Bir neçə dəfə unun qiyməti ilə bağlı şəhərin müxtəlif istiqamətlərində müşahidələr aparsaq da, dəfələrlə süni qiymət artımını ictimailəşdirsək də, bu kələkbazların əməlləri bitib-tükənmək bilmir.

Bu dəfə isə nəzərimizi çəkən məsələ isə marketlərdə 50 kiloqramlıq un kisələrinin başına necə deyərlər, "şamı-müsibəti"in gətirilməsi oldu. Un kisəsinin üzərində onun çəkisi əvvəllər 50 kq göstərilsə də, şəhər sakinlərinin iddiasına görə, bu göstərici hazırda 5 kq azaldılıb. Qiymət isə təbii ki, "endirilmiş", yəni 50 kiloqramlıq un kisəsinin qiymətinə.

Şəhərin müxtəlif istiqamətlərində 45 kq olan "Karmen" unu 22-25 manat arasında dəyişdiyini də müşahidə etdik. Təbii ki, bəzi satış mərkəzlərində 50 kq-lıq un kisələri də diqqətimizi çəkdi. Amma maraqlıdır ki, 50 kiloqramlıq un kisəsi ilə 45 kq un kisəsinin qiyməti arasında heç bir fərq yoxdur.

Alıcı kimi yaxınlaşıb 50 kq un kisəsi almağa çalışdıq. Sövdələşməmiz demək olar ki, baş tutmuşdu. Amma almaq niyyətimiz yox idi. Üzərinə "50 kq" yazılmış un kisəsini qapana qoyub çəkisini öyrənmək istədik. Kisənin 47-49 kq arasında dəyişməsi də bizim üçün bir fürsət oldu. Əslində, belə olacağını öncədən təxmin etmişdik... Sövdələşməni pozaraq kisəni anbara geri göndərdik. Satıcı isə dilinə qüvvət verib, "Qardaş Vallah mənlik deyil, mən də satıcıyam. Gedin onu bizə satanlardan soruşun ki, niyə üzərinə "50 kq" yazıb 46-48 kiloqram un satırlar. Çox təəssüflər olsun ki, üzərinə 45 kq yazılmış un kisəsini "qapana" qoymağı unutduq. Bəlkə onun da çəkisində devalvasiyadan sonra "arıqlama" olmuşdu.

"İlan vuran, ala çatıdan qorxar"

Fürsəti fövtə vermək bu məqamda olmazdı. "Karmen" ununun üzərində yazılmış əlaqə nömrəsinə zəng etdik. Ad və soyadını təqdim etməyən mühasibatçı xanıma qeyd olunanlarla bağlı danışdıq. Bu məsələnin öz sahəsinə aid olmadığını desə də, şirkətin müdafiəsinə qalxdı. Onun sözlərinə görə, satışda həm 50 kq-lıq, həm də 45 kq-lıq un kisələri var. Adətən, 45 kq-lıq kisələri cənub bölgəsindən daha çox alınır. Yəni əvvəl 50 kq, indi isə 45 kiloqrama endirim olmayıb. Kisələrin çəkisi isə həm istehsal edilən vaxt, həm də satışa çıxarılan vaxt xüsusi tərəzilər vasitəsilə çəkilir. Əgər çəkidə azalma olubsa, bu, bizim problemimiz deyil.

Aidiyyəti mütəxəssislərlə əlaqə saxlaya bilməyimiz üçün daha sonra zəng etməyimizi tövsiyə edən xanım bildirdi ki, ətraflı məlumat ala bilməyimiz üçün heç bir problem yoxdur.

Məlumat almaq üçün növbəti cəhdimizdə telefonun dəstəyini qaldıran gözətçi yarım iş günü olduğundan hamının getdiyini bildirdi. "Saat 2-dən sonra heç kim olmur",- deyə dəstəyi üzümüzə qapadı.

Bu məsələlərlə əlaqədar olaraq İqtisadi inkişaf Nazirliyinin mətbuat xidmətindəm məsələyə münasibət öyrənmək istədik. Təəssüflər olsun ki, zəngimiz bu dəfə də cavabsız qaldı.

Rövşən Əsədov





Həftənin ən çox oxunanları