Yuxarı

Dünyanın yeni kabusu

Dünyanın yeni kabusu

ziko virusAmerika qitəsində sürətlə yayılan “zika” virusu dünyanın yeni kabusuna çevrilib

Kolumbiya Milli Sağlamlıq İnstitutunun məlumatında bildirilir ki, Kolumbiyada 2 mindən çox hamilə qadın “zika” virusuna yoluxub. Qeyd edək ki, xüsusilə, hamilə qadınlar üçün təhlükəli olan “zika” virusu mikrosefaliya xəstəliyinin yaranmasına (başın digər orqanlara nisbətən xeyli kiçilməsi) səbəb olur. Bu xəstəlik körpə uşaqlarda başın və beynin inkişafını əngəlləyərək ağır fiziki və əqli qüsurlar yaradır.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)  3-4 milyon insanın “zika” virusuna yoluxacağını proqnozlaşdırır. Virusa yoluxma əsasən milçək və ağcaqanadlar vasitəsilə baş verir.  Tibb elmləri doktoru, professor Adil Qeybulla bu ətrafdakı sualları cavablandırıb.

- “Zika” virusunun Azərbaycana sıçrama ehtimalı varmı?

- XXI əsri virus əsri adlandırırlar. Virus nədir? Virus həyatın qeyri-hüceyrəvi formasıdır. Yəni bunlar formasını dəyişdikdə yeni xassə əldə edirlər. Ümumdünya Səhiyyə Təşkilatının rəsmi bəyanatına görə, bu virus ilk dəfə 2008-ci ildə qeydə alınıb. Məsələ bundan ibarətdir ki, “zika” virusu ilə yanaşı, çoxsaylı viruslar da var ki, onlar “ebola”, “H1N5”, “H1N1” və sair kimi müxtəlif xəstəliklər yaradır. Artıq qeydə alınan yeni virus bəşəriyyət üçün təhlükə mənbəyi sayıla bilər. Doğrudur, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bununla bağlı hələ lazımi məsləhətlər verilməyib. Hazırda hava-damcı yolu ilə yayılan viruslar daha təhlükəli sayılır. Çünki bu virus sərhəd tanımır və qısa müddət ərzində geniş bir areala yayılır.

Nəticədə də çoxsaylı ağırlaşmalar və insan tələfatı törədə bilər. Hesab edirəm ki, Azərbaycanda bununla bağlı müvafiq tədbirlər görülməlidir. Dünyada hər hansı bir virus qeydə alınırsa, ölkə daxilində müəyyən profilaktik tədbirlər görülməlidir və transsərhəd zonalarda nəzarəti gücləndirməliyik. Konkret xəstəliklərin əlaməti ortaya çıxdığında həmin şəxs lazımi preparatlarla təmin olunmalıdır. Bununla da infeksiyanın yerində lokallaşdırılması üçün tədbirlər görülməlidir. Əks halda infeksiyanın geniş yayılması çoxsaylı insan tələfatına gətirib çıxardar.

Ümumdünya Səhiyyə Təşkilatı bu cür situasiyalarda ehtiyacı olan, laborator imkanları məhdud olan ölkələrə texniki yardım göstərir, müəyyən tövsiyələr verir. “Quş qripi”nin geniş yayıldığı vaxtlarda da infeksiyanı vaxtında lokallaşdırdılar, bununla da virusun qarşısı alınmış oldu. Hesab edirəm ki, virusun tam təfsilatı ilə xassələri ortaya çıxdığı vaxtda ÜST tərəfindən raport verilənə qədər ölkədə müəyyən tədbirləri görməliyik.

- Bu virusun müalicəsi varmı?

- Ümumiyyətlə, virusların birbaşa müalicəsi yoxdur. Virusa birbaşa təsir göstərən dərman preparatı, həm də ideal dərmanlar çox azdır. Virus orqanizmə düşür və bədənin resurslarını istifadə edərək çoxalır. Orqanizm o halda reaksiya verir ki, artıq virus kifayət qədər öz işini görür, bu da gec olur. Vaksinasiya məsələsi də burdan ortaya çıxır. Hər hansı bir yeni yaranmış və yeni xassə almış virusa qarşı məhz həmin virusun vaksinasiyası hazırlanmalıdır. Əks halda digər qrip vaksinləri ona təsir etməyəcək.

- Adil bəy, belə bir söyləntilər də var ki, bu virus laboratoriyalarda düzəldilir. Sizcə, bu, nə dərəcə real görünür?

- Əlbəttə, bu məsələdə cinayət tərkibi olan ciddi faktlar var. Əgər belə bir məsələ varsa, bu, cinayət tərkibi yaradan amildir və ciddi şəkildə araşdırılmalıdır. İnsanlar üzərində eksperiment bəşəriyyətə qarşı cinayətdir. Bu, dünya ekspertləri, deklarasiya üzvləri arasında zaman-zaman müzakirə olunan bir məsələdir. Ən azı bu cür şayiələr var, amma bu şayiələrə əsaslanıb bir şey deyə bilmərik.

- Xarici KİV-lərdə xəstəliyin daha çox hamilə qadınlarda və körpə uşaqlarda geniş yayılması göstərilir. Nəyə məhz hamilə qadınlar və körpələr?

- Bu viruslar orqanizmə düşərək bədənin fəaliyyət funksiyasını pozurlar. Həmin virusun hüceyrənin funksiyasını pozma xüsusiyyətindən asılı olaraq əhatə dairəsi fərqli olur. Bütün virus infeksiyaları adətən temperatur, zəiflik, ümumi əzginlik və halsızlıqla müşayiət olunur. Virusun daha dağıdıcı təsirindən daxili orqanların funksiyası pozulur. Virusdan əmələ gələn xassədən asılı olaraq müxtəlif dərəcədə zərərverici ola bilərlər. Virusların eləsi var ki, çox yüngül, eləsi də var ki, çox ağır keçir. Yeni yayılmış virusun xassələri barədə tam təfsilatı ilə məlumat yoxdur. Yəqin ki, bir müddət sonra geniş məlumat olacaq, həmçinin virusun lokallaşdırılması üçün profilaktik tədbirlərin həyata keçirilməsi istiqamətində müalicə tədbirləri görüləcək.

- Əhaliyə tövsiyəniz nədir?

- Kütləvi toplanma yerlərində, ictimai nəqliyyatda maskalardan istifadə etməyi məsləhət görürəm. Mümkün qədər hamilələri və uşaqları infeksion xəstəliklərdən qorumaq lazımdır. Gömrük-sərhəd keçid məntəqələrində nəzarəti gücləndirmək, şübhəli bilinən hər bir şəxsi mütləq həkim məntəqələrində müayinədən keçirmək lazımdır.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları