Yuxarı

Bu sektor da çökdü

Bu sektor da çökdü

salonQadın saçını 150 manata satan salonlar müştəri tapmır Manatın son devalvasiyası bir çox sahələr kimi xidmət sektorunu da çökdürüb. Saç ustaları müştəri qıtlığından, müştərilər isə bahalaşmadan gileylənir. Baxmayaraq ki, son iki ildə paytaxtda gözəllik salonlarının sayı durmadan artıb. Demək olar ki, addımbaşı qadın gözəllik salonlarına rast gəlmək mümkündür. Təbii ki, salonlar kimi xidmətlər də, onların qiymətləri də müxtəlifdir. Amma ölkəni bürüyən son iqtisadi böhran və bahalaşma sayı artan gözəllik salonlarının da bağlanma ehtimalını artırıb.   100 qram saç 150 manat "Cümhuriyət"in əməkdaşı bu sektordakı vəziyyətlə yaxından maraqlanmaq üçün şəhərin bir neçə gözəllik salonuna baş çəkib. “Elif” gözəllik salonunun saç ustası Samirə Rüstəmova dollar bahalaşandan bəri salona lazım olan avadanlıqların və kosmetik vasitələrin alınmasındakı çətinlikdən gileylənir: “Müştərilərimiz çox azalıb. Yalnız yanımıza gələnlər daimi müştərilərdir ki, onlar da əl vərdişimizə öyrəncəli olduqlarına görə bura gəlir. Amma kənardan gələnlər yoxdur. Hər şeyin qiymətini kəllə-çarxa qaldırıblar. Belə şey olar? Amma biz qiymətləri qaldırmamışıq ki, daim müştərilərimiz olsun. Çox qadınlar təbii saç sifariş verirdilər. Əvvəl saçın 100 qramı 80 manata gətirilirdi, indi isə həmin tutum 150 manata başa gəlir. Çünki saç da xaricdən dollarla alınır. Müştərilər də istər-istəməz bu qədər fərqi görüb geri çəkilir. Bizim qazancımız üçün isə bu, ikiqat zərbədir. Bir tərəfdən də icarəyə götürdüyümüz bu salonun hər aylıq icarəsini vermək lazım gəlir. İş, qazanc olmadığı halda bunların öhdəsindən necə gəlmək olar?”.   “Məhərrəmlik”də vəziyyət yaxşı idi” “Emma” qadın salonundan isə bildirirlər ki, yanvar ayından bəri salona 5 nəfər gələn ya olar, ya da olmaz: “Qiymətləri qaldırmamışıq. Özünüz də marketlərdə saç lakının, boyalarının qiymətlərində kəskin bahalaşmanı görürsünüz. 1 manat 80 qəpiyə aldığımız saç lakı indi 3 manat 70 qəpiyə olub. Saçını boyatmaq istəyənlərin sayı ümumiyyətlə, azalıb. Artıq qadınlar boyanı alıb evdə özləri saçlarını boyayırlar. Biz əvvəl də saçı 3 manata, indi də 3 manata boyayırıq. Artıq bir neçə boya istehsal edən firmalarla əməkdaşlığı dayandırmışıq. 4 manata sifariş etdiyimiz boyaların qiyməti 8 manata qalxıb. İnanın ki, Məhərrəm və Ramazan ayları indiki vəziyyətdən qat-qat əla idi”.    “Salonu bağlayacağıq” “Aynur” gözəllik salonunun saç və makiyaj ustası Gülarə Bayramova mövcud bahalaşmadan və müştəri azlığından salonun bağlanma təhlükəsi ilə üz-üzə qaldığını dedi: “Bu salonda üç nəfər usta işləyirik. Hər gün səhərdən axşama qədər ya bir, ya iki nəfər müştəri salona girər-girməz. Aylıq icarə haqqımız 600 manatdır. Hər birimiz aya 120 manat plan pulu ödəyirik. Gəlir mənbəyi yoxdur. Qadınları da qınamırıq. Heç kimdə pul yoxdur. Hər gün bura gələn daimi müştərimiz deyir ki, dekabrdan bəri əmək haqları verilmir, salona necə gəlim? Onlar da neyləsin, qaş-üz təmizliyi və saç düzümlərini məcburi olaraq evdə bir təhər yoluna qoyurlar. Belə davam etsə, salonu bağlayacağıq, çünki boş oturub ayın sonunda icarə haqqını necə verək? Ona görə də bir az gözləyib, salonun sahibi ilə danışacağıq. Gedib özümüzə daha uyğun və qazanc mənbəyi olan iş axtaracağıq”.   “Gələn yoxdur ki...” Digər bir gözəllik salonun ustası Yeganə Məmmədovanın sözlərinə görə, salona gələn müştərilərin sayı xeyli azalıb: “Salona gələnlər sıfır vəziyyətdədir. Saç kəsimlərinin qiymətlərini eyni səviyyədə saxlamışıq. Amma dərmanla işlədiyimiz üçün refle, ambria və saç boyama xidmətlərində qiymətləri qaldırmışıq. Buna məcburuq. Saçaçıcıların və boyaların qiyməti qalxdığı üçün o xidmətlərdə qiymətlər qalxıb. Əvvəl refleni 25-30 manat arası edirdik. İndi isə 35-40 manata edirik.Saçaçıcıları əvvəl 10 manata alırdıq, indi 14 manata olub. Firmanın salona gətirdiyi boyanın üzərinə əvvəl 50 qəpik qoyurdum. Firma həmin boyanı mənə 4 manat 50 qəpiyə verirdi, mən isə onu müştərilərə 5 manata satırdım. İndi həmin boya 6 manat olub, mən neçəyə satım? Müştəri onu 7 manata alacaq? Almır, gedib daha ucuz boyalar alıb ev şəraitində özü istifadə edir. Bir tərəfdən də icarə haqqı bizi əsl mənada sıxıntıya salıb. Bu balaca yerə 300 manat icarə haqqı ödəyirəm. Bahalıq göz qabağındadır. Biz də uşağımıza bir tikə çörək pulu aparmalıyıq. Əslində, insanları da qınamıram. Amma burada bizlik də bir şey yoxdur”. Qeyd edək ki, kişi salonlarında da bahalaşma müşahidə edilir. Kişi salonunda çalışanlar da bahalaşmanı onlara lazım olan ləvazimatların baha satılması ilə əlaqəli olduğunu deyirlər. Bu səbəbdən salon ustaları bütün xidmətlərə ən azı 1 və 2 manat arası artım tətbiq ediblər. Alçina Amilqızı





Həftənin ən çox oxunanları