Yuxarı

Bazarı “söndürən” “odlu” qiymətlər...

Bazarı “söndürən” “odlu” qiymətlər...

bazarƏhalinin alıcılıq qabiliyyəti günbəgün azalır

Devalvasiya şokunun ilkin mərhələsini arxada qoyan cəmiyyət üçün bundan sonra həyatın necə davam edəcəyini proqnozlaşdırmaq mümkün deyil. Hələlik görünən ancaq odur ki, devalvasiya fonunda artan qiymətlərin inzibati yolla aşağı salınması mümkün olmasa da, alıcılıq qabiliyyətinin aşağı düşməsi sahibkarları da, alverçiləri də müəyyən qədər düşünməyə vadar edib.

Məsələ burasındadır ki, yanvar ayına nisbətən fevral ayında əhalinin alıcılıq qabiliyyətində azalma hiss olunduğunu sahibkarlar da etiraf edir. Belə olan vəziyyətdə çıxış yolu ancaq alıcıya daha münasib qiymətə mal təklif etmək qalır ki, bir çox sahibkarlar məhz bu yolu seçirlər. Lakin onların da dolların məzənnəsinin artması fonunda nə qədər davam gətirəcəklərini indidən söyləmək çətindir.

Kassalardakı növbələr və boş piştaxtalar yoxa çıxıb

Bazar və mağazalarda aparılan müşahidələr göstərir ki, devalvasiyanın ilk həftəsindəki alıcılıq qabiliyyəti artıq bir çoxları üçün şirin nağıla çevrilib. Alıcılara mal çatdıra bilməyən, buna görə də anbarlardakı qayıdış mallarını da alıcılara “sırıyan” market sahibləri həmin günlər kassaların qarşısındakı uzun növbələr, mal üstündə davalar üçün hədsiz darıxıb... İndi piştaxtalar doludur, əvəzində isə alıcı yoxdur. Olanlar da əsasən baxmaqla kifayətlənir. Diqqəti cəlb edən isə əsasən qiymətlər və onların dekabrın 21-dən əvvəlki rəqəmlərlə müqayisəsi olur. Market satıcıları bildirir ki, gün ərzində devalvasiyadan əvvəlki alıcı kütləsinin, az qala yarısını itiriblər.

“Alıcılar pulu “qara gün” üçün saxlayır”

“Əsasən gündəlik tələbat malları alıcı toplayır. Marketə gələnlər əsasən buna  və müxtəlif kampaniyalara görə gəlirlər. İndi alıcı var, amma alıcılıq qabiliyyəti devalvasiyadan əvvəlki ilə müqayisədə xeyli azalıb. Daimi müştərilərin də həftəlik məsələn, 100 manat alver etdiyi zamanlar olurdu. İndi də onlar 100 manatı xərcləyirlər, amma əvvəl aldıqlarından daha az məhsul ala bilirlər. Ola bilsin ki, qarşıda daha böyük çətinliklərin ola biləcəyindən ehtiyatlanırlar. Yəni pul saxlamağa çalışırlar”. Bunu uzun müddət market meneceri olmuş Elxan Zeynalov deyir. Onun sözlərinə görə, eyni vəziyyət bütün marketlərdə hiss edilir.  Marketlərdə aparılan müşahidələr də gözlərin artıq baha qiymətlərə öyrəşdiyini söyləməyə əsas verir.

Kampaniyalar yoxa çıxıb

Marketlərdən ərzaq məhsulları üçün təklif edilən kampaniyalar demək olar ki, yığışdırılıb. Beləliklə də, böyük marketlər məhz bu kampaniyalara görə topladıqları alıcı kütləsindən məhrum olublar. Artıq marketlərdə "bir alana bir hədiyyə" verilmir. Yaxud 2 alana digər mal yarı qiymətinə təklif olunmur.

Çünki kifayət qədər baha olan qiymətlər fonunda bir alıcının eyni maldan ikincisini alıb, üçüncüyə yarı qiymət verməyə sadəcə, pulu yoxdur. Bu isə alıcını o qədər də maraqandırmır, çünki süfrədə hər gün mayonez olmadan da keçinmək olar, amma çörək olmadan keçinmək olmaz.

Çörəyə isə kampaniya təklif etmək heç bir market sahibi və ya istehsalçının ağlına gəlmir. Yəqin ona görə ki, çörək sevən bizlərin hansı qiymətə olursa-olsun alacağımıza əminlik var. Çörəyin yanında bir kiloqram yağ  üçün azı 6 manat, bir kilo toyuq üçün 3 manat 40 qəpik, bir kiloqram kartof üçünsə 1 manat 40 qəpik vermək lazımdır.

Üzüm yaydakından ucuz - 1 manat

Kənd təsərrüfatı məhsulları bazarları isə marketlərlə müqayisədə daha yaxşı durumdadır. Bazarlardakı müşahidələr göstərir ki, burda da alıcı tapmaq asan deyil. Yəqin elə buna görə də qiymətləri nisbətən azaltmaqla alıcı toplamağın mümkünlüyünü düşünənlər çoxalıb. İndi Bakı bazarlarında qiymətlər devalvasiyadan əvvəlki vəziyyətinə yaxınlaşıb. Amma təbii ki, bu yerli mallar üçün keçərlidir. Xarici ölkələrdən gətirilən xüsusən meyvələrin qiymətində bahalıq əl yandırır. Amma maraqlıdır ki, məsələn, bazarda kiloqramı 1 manata olan üzümlər peyda olub. Alıcıların da, satıcıların da dediyinə görə, kifayət qədər dadlıdır, amma müəyyən qədər də korlanmış mal hesab edilə bilər. Buna görə də əksər bazarlarda bu üzümü kilo ilə yox, yeşiklə satmağa və hər yeşiyində 1 kilonu güzəştə getməyə hazırdırlar.

Yumurta “yuvarlanır”

Ən çox ucuzlaşan məhsul isə yumurtadır. Yumurtanı tamam qiymətdən saldılar da demək olar. Br aralar hətta 20 qəpiyə də gəlib çatan yumurta ömrünün qürübunu yaşayır. İndi bəzi satış məntəqələrində yumurta hətta 12 qəpiyə də təklif olunur. Orta qiymət isə 14 qəpikdir. Kənd yumurtası da bir az qiymətdən düşüb. Əgər devalvasiyanın ilk günlərində kənd yumurtasını 30 qəpiyə təklif edirdilərsə, indi 5 qəpik güzəştə getməyə hazırdırlar.

“Soğan olsun, nəğd olsun”

Orta statistik azərbaycanlının ət sevdasını bilməyən yoxdur. Devalvasiya küləyinin ilk vurduğu məhsullardan biri də məhz ət olmuşdu. Paytaxt qəssabları dekabrdakı devalvasiyadan cəmi bir neçə gün fasilə ilə ətin qiymətini azı 2 manata qədər bahalaşdırdılar. Bu isə əsasən bayramqabağı bahalaşma kimi qəbul edildi. Ardınca da ətin qiymətinin düşməyəcəyi vurğulansa da, görünür, qəssablar fikirlərindən daşınmalı olublar. Səbəb yenə eynidir - alıcı qıtlığı. Əmək haqqında artımın olmadığı ölkəmizdə ətin qiyməti indi əsasən həftəsonu yarmarkalarını hesabına sabit saxlanılır. İndi paytaxtda hətta 6 manat 50 qəpiyə də mal əti  almaq mümkündür. Qəssab Eldəniz Səfərəliyevin sözlərinə görə, əti əsasən Bərdə və Ağcabədidən gətirirlər: “Onlar qiymətin qaldırılacağını bildirmişdilər. Hətta yeni il ərəfəsində diri çəkidə 50 qəpikdən başlayaraq hər kiloda qiyməti qaldırmışdılar da. Amma sonra gördülər ki, belə olsa malı sata bilməyəcəklər. Biz də çox zaman əti nisyə satmalı olurduq. Əvvəl Rusiyadakılara arxayın olub nisyə verirdik. Ya da bilirdik ki, adam işləyir, ayın axırı pulu verəcək. Amma indi heç kəsə arxayın olmaq olmur. Ona görə də “soğan olsun, nəğd olsun”. Qoy lap bir az ucuz sataq, amma nəğd sataq. Onsuz da alan azalıb. Elə ailə var ki, daimi müştəridir, ayda 6-7 kiloqram ət alırdı. İndi 3 kilo ilə kifayətlənib. Nə etsin? Tək ətlə iş birmir axı. Ümidimiz bircə Novruz bayramınadır. Bəlkə bayramda bazar bir az canlana”.

Sevil Ağazadə





Həftənin ən çox oxunanları