Yuxarı

Xəstəni öldürən reseptlər...

Xəstəni öldürən reseptlər...

AptekBir adda dərman başqa-başqa yerlərdə müxtəlif qiymətlərə satılır

Bir az soyuqdəyməm var idi. Həkimə getdim. Bir xeyli dərman yazıb məzlum-məzlum mənə uzatdı. Kor-peşman resepti götürüb xəstəxanadan çıxdım. Təxminən, 6-7 dərman adı yazmışdı həkim. Düzü, belə olacağını gözləmirdim. İşə gedərkən ayaqüstü dönüb resepti əczaçıya verdim. Sol cibimdə 2 dənə sarı beşlik, bir də bir onluq var idi. Təxmini hesablamalar apardım.

6-7 dərman 15 manat civarında edəcək, 5 manat da bu günlük yemək üçün pulum qalar... Əczaçının 10 dəqiqəlik "hesablama əməliyyatı"ndan sonra bir paket dərmanı vitrinin üzərinə qoydu. 15 manatı ovucuma sıxıb cibimdən çıxardım: “Qardaş, bəs nə qədər ödəməli olacam?”. Kaş ki, heç soruşmayaydım: "75 manat 80 qəpik."

Tez ovucumdakı pulu cibimə sıxıb donub qaldım. Düzü, o pulu əlimdə tutacaq enerji də qalmamışdı bu cavabdan sonra. Resepti əczaçıdan alıb ovdan boş tilovla qayıdan balıqçı kimi, “Sadəcə ümumi qiymətini soruşacaqdım, sabah gəlib alaram”-deyib uzaqlaşdım. Düzü 6-7 dərmanın 75 manat dəyərində olması, həm də yüngülvari soyuqdəymə dərmanlarının belə od qiymətinə olması məni bir az da prinsipə saldı. Tənbəllik etmədim. Təxminən, 15-20 addım aralıdakı digər aptekə girdim. Dərmanların bahalı olacağını nəzərə alıb əczaçıya; “Qardaş, bu resepti hesablayarsınız, zəhmət olmasa, üstümdə pul yoxdur, sabah gəlib almaq istəyirəm” dedim . Hə, əlbəttə olar, deyib başladı hesab maşınını işə salmağa. Vur-tut, vur-çıx sonra dilə gəldi: “64 manat 40 qəpik”.

-Lap yaxşı qardaş, sabah gəlib götürəcəm. Hamısı varmı dərmanların sizdə? 

-Hə, əlbəttə.,

-Çox sağ olun, deyib işə davam etməyi qərara aldım.

Yolu keçib digər aptekə girdim. Təxminən, 25-30 yaş arasındakı hündürboy qarasaç qız məni qarşıladı.

-Buyurun, necə kömək edə bilərəm?

-Zəhmət olmasa bu reseptdəki dərmanların qiymətini hesablayıb deyin. İndi üzərimdə olan pul yetsə alacağam. Olmasa da, sabah gəlib götürərəm dərmanları, deyib resepti satıcıya tərəf uzatdım.

Bir gözü dərmanların siyahısı olan monitorda, bir gözü isə hesab maşınında vur-çıxdan sonra "56 manat 85 qəpik"-dedi.

-Bütün dərmanlar hamısı var sizdə? Heç bir kəsir qalan olmadı ki?

-Xeyr. Hətta sistem borusunu, şprisləri, venaya iynə vurmaq üçün kəpənəyi də hesaba əlavə etmişəm.

-Çox sağ olun, xanım, üzərimdə bu an pulum azdır, ala bilməyəcəyəm-deyib çıxmaq istəyirdim ki, bir incə səs dilləndi arxamca: "Bizdə endirimlər də var, 50 manata da ala bilərsiniz dərmanları..."

-Yox, təəssüflər olsun o qədər də pulum yoxdur, qalsın sabaha deyib gözümü ondan ayırdım.

Qanım çox qara idi. Başqa apteklərə də girib əhvalımı korlamaq istəmirdim deyə oradan “Nizami Gəncəvi” metrostansiyasına düşüb evə gəldim.

Bu gün isə bu məsələyə birbaşa aidiyyatı olan, yalnız “qaldırmaq” üzrə mütəxəssisləşən Tarif Şurası ilə əlaqə saxladım. Lakin o boyda şuradan mənim suallarıma cavab verən olmadı. Tarif Şurası İqtisadi İnkişaf Nazirliyinin tabeliyində olduğu üçün nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyevlə əlaqə saxlamağa cəhd etdim. Həm iş telefonuna, həm şəxsi mobil telefon nömrəsinə, həm də bilavasitə nazirlikdaxili operator vasitəsilə əlaqə saxlamağa çalışsam da, sanki belə bir adda orqan və xidmət yox imiş kimi zəngimə cavab verən olmadı. "Lənət kor şeytana" deyib Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əlaqə nömrələrini yığdıq. Təəssüf ki, oradan da cavab vermək səlahiyyətləri olmadığını əsas gətirərək yenə məni adı var-özü yox ictimaiyyətlə əlaqələr şöbəsinə yönləndirdilər, lakin yenə nə cavab verən oldu, nə də "burada yoxdur" deyən...

Kor-peşman zəng edib Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Cavid Xəlilovla əlaqə saxladım. O isə "nə olsun ki, söhbət aptekdən gedir, onların bizə aidiyyatı yoxdur" deyib məsələdən yan keçdi. Məsələ ilə bağlı Tarif Şurasına və Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə zəng etməyimizi tövsiyə etdi. Tövsiyənizə görə minnətdarıq, deyib telefonu söndürdüm.

Mənə də bu məsələlər qaranlıq qaldığı üçün AMİP Mərkəzi Şurasının sədri, Farmokologiya üzrə alim  Aydın Əliyevə müraciət etdim.

O isə bildirdi ki, “Qiymətin bu tərzdə şişirdilməsinin bir çox səbəbləri ola bilər. Bunun bir səbəbi işbazların daha çox gəlir əldə etmək  məqsədi ola bilər. Düzü, liberal bazar iqtisadiyyatında belə halların olması normal haldır. Kim hansı qiymətə istəsə, malını sata bilər. Yəni daha çox gəlir əldə etmək istəyir, ona görə o dərəcədə şişirdir qiymətləri. İkinci səbəb isə burada inhisarlaşmadır. Kimlərsə bu sahəni inhisarına götürüb, onların arxasında ciddi qüvvələr dayanır, ona görə də istər nazirlik, istər Tarif Şurası, istər digər aidiyyəti şəxslər həmin adama müdaxilə edə bilmir. Onlara təsir edə bilmirlər. Yəni belə deyək ki, ehtiyat edirlər.  Onlar da arxalarına güvənirlər, bilirlər ki, heç kim onlara heç bir qadağa qoya bilməz, ona görə də məsələn, 5 manatlıq dərmanı 25 manata rahat sata bilirlər. Bilirsiniz, istənilən biznes sahəsində gəlirlər olmalıdır. Satılan malın təxminən 5 %-i satan şəxsə qalmalıdır. Amma sizin dediyiniz dərəcədə özbaşınalıq edibsə, buna dərhal reaksiya verilməlidir.

 Mən isə təklif edərdim ki, hər bir sahənin bütün məsələlərini həmin nazirliyin öz səlahiyyətinə həvalə etmək lazımdır ki, onlar da məsuliyyətlərini dərk etsinlər. Bu gün şuralar, komitələr, təşkilatlar yaradırlar, onlara səlahiyyət verirlər və onlar da qalır bu məsələ qarşısında aciz.

Təbii ki, həmin şuraya görə, Səhiyyə Nazirliyi deyəcək ki, bizim səlahiyyətimiz daxilində deyil. Bir şura bir nazirliyin tabeçiliyində olan məsələni necə tənzimləyə bilər? Mən təklif edərdim ki, hər bir nazirliyin iş prinsipinə özü cavabdehlik daşısın, o zaman o nazirlikdən nəsə tələb etmək olar.

Amma bu gün bir şura ölkədə həm dərmanın qiymətini tənzimləyir, həm nəqliyyat vasitələrinin qiymətini, həm ərzaqın qiymətini və s. Bu da hesab edirəm düzgün deyil”. Ümid edirəm ki, Nazirlər Kabinetinin “KİV haqqında” Qanunun 35-ci maddəsinin tələblərini kobud şəkildə pozduqlarına görə gec də olsa, yazı dərc edildikdən sonra bir açıqlama verəcəklər.

Amma sonradan atılan daş topuğa dəyər...

Rövşən Əsədov





Həftənin ən çox oxunanları