Yuxarı

Separatizmin saatlı minaları

Separatizmin saatlı minaları

Qarabağda erməni vəhşiliyinin başlanmasından 28 il ötür

[caption id="attachment_3556" align="alignleft" width="359"]Asef quliyev Asəf Quliyev: “Moskva SSRİ-nin dağılmasını önləmək üçün bu planı hazırlamışdı”[/caption] [caption id="attachment_1311" align="alignleft" width="323"]uzeyir ceferov Üzeyir Cəfərov: “Ermənistanın arxasında Qorbaçov və ətrafı dayanırdı”[/caption]

1990-cı ilin yanvar-fevral aylarında Ermənistan Azərbaycana qarşı işğalçılıq fəaliyyətinə start verir. 1990-cı ilin martın 24-də ermənilər Qazax rayonunun Bağanıs Ayrım kəndini işğal edirlər. İşğal nəticəsində 10 nəfər azərbaycanlı öldürülüb, 100-dən çox ev yandırılıb və kəndin sağ qalan əhalisi öz torpaqlarından qovulub. İyul ayının 25-də isə Sovet rəhbərliyi Dağlıq Qarabağdakı bütün qanunsuz silahlı birləşmələrin tərk-silah edilməsi əmrini verir.

1991-ci ilin əvvəlində ermənilərin Qazax və Göygöl rayonlarına olan hücumları intensivləşdi. Erməni silahlı quldur dəstələri azərbaycanlıların yaşadığı kəndlərə daha tez-tez hücum edərək onları yandırır, dinc əhalini güllələyirdilər. Buna cavab olaraq Sovet ordusu və Azərbaycan XTPD-si həmin rayonlarda erməni silahlılarına qarşı Çaykənd əməliyyatını həyata keçirir.

1991-ci il sentyabrın 2-də erməni separatçıları Azərbaycanın Dağlıq Qarabağ regionunda qeyri-qanuni olaraq "Dağlıq Qarabağ Respublikası"nın qurulmasını bəyan etdilər. Sentyabrın 23-də Ermənistan və Azərbaycan prezidentlərinin Rusiyanın Jeleznovodsk şəhərində Rusiya və Qazaxıstan prezidentlərinin vasitəçiliyi ilə görüşü keçirildi. Görüşdə prezidentlər münaqişənin sülh yolu ilə həlli barədə razılığa gəldilər. Əldə olunmuş razılaşmaya baxmayaraq, erməni hərbi birləşmələri Xocavənd və Hadrut rayonları ərazisində azərbaycanlı əhaliyə qarşı kütləvi hücumlara başladılar. Nəticədə bu rayonların azərbaycanlılar yaşayan kəndlərinin əksəriyyəti işğal olundu, azərbaycanlı əhali isə güclə öz torpaqlarını tərk etmək məcburiyyəti qarşısında qaldı. Noyabrın 20-də Qarakənd səmasında sülh danışıqları üçün Qarabağa gedən və içərisində Azərbaycan, Rusiya və Qazaxıstanın hökumət nümayəndələrinin olduğu helikopter vurulur. Buna cavab olaraq noyabrın 25-də artıq müstəqil olan Azərbaycanın parlamenti Dağlıq Qarabağın muxtar statusunu ləğv edir və Stepanakert şəhərinin adını Xankəndinə dəyişdirir. Beləliklə, 1991-1994-cü illər ərzində Ermənistan - Rusiya hərbi birləşmələrinin təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ ərazisi və onun ətrafındakı 7 inzibati rayonu işğal altına düşüb. 1988-1993-cü illərdə hərbi təcavüz nəticəsində Azərbaycan ərazilərinin 20%-i işğal edilib, 20 mindən çox insan qətlə yetirilib, 50 mindən artıq adam yaralanıb və şikəst olub. 1 milyondan artıq insan qaçqın və məcburi köçkün şəraitində yaşayır.

“İşğalın qarşısını almaq mümkün idi”

“Xalq Arzusu” Hərəkatının sədri Asəf Quliyev “Cümhuriyət”ə açıqlamasında bildirib ki, 26 il əvvəl Dağlıq Qarabağda baş qaldırmış separatizm və bu bölgənin erməni-rus birləşmələri tərəfindən işğalının qarşısını almaq mümkün idi. A.Quliyevin sözlərinə görə, həmin vaxt müəyyən addımlar atılsaydı, bu gün yaranmış situasiya olmayacaqdı: “Sadəcə, münaqişəni qızışdıran maraqlı tərəflər var idi. Bununla bağlı ikili mövqelər var. Bir tərəf iddia edir ki, SSRİ-nin dağılmasının qarşısını almaq üçün Moskva bu planı hazırlamışdı. Bir tərəf də SSRİ-ni dağıtmaq üçün bu münaqişənin lazım olduğu iddiasını irəli sürür. Hər iki baxışda müəyyən məntiq var. İndi bu məsələdən hər iki güc mərkəzi bəhrələnməyə çalışır. Bu münaqişənin qarşısını almaq həmin vaxt nə Azərbaycan, nə də Ermənistanın gücü daxilində deyildi. Maraqlı tərəflər var idi, onlar Ermənistan və Azərbaycandan kənarda idilər. Təbii ki, həmin güclərin maraqları Ermənistana sərf edirdi. Buna görə də, ermənilər bu maraqlardan istifadə edərək, bugünkü situasiyanı yaratdılar”.

“Qorbaçovu aldatmışdılar”

Hərbi-ekspert Üzeyir Cəfərov “Cümhuriyət”ə Dağlıq Qarabağda işğal prosesinin baş verməsi və separatizmin baş qaldırmasının mürəkkəb zamana təsadüf etdiyini deyib. Ü.Cəfərov qeyd edib ki, həmin vaxt Azərbaycan kimi ayaqüstdə dayana bilməyən bir ölkə üçün Dağlıq Qarabağı işğaldan qurtarmaq çətin idi: “Çünki Ermənistanın arxasında SSRİ rəhbərliyində təmsil olunan şəxslər dayanırdılar. Qorbaçovun ətrafında Şahnazaryan və digərləri vardı. Onlar Dağlıq Qarabağda separatizmi dəstəkləyirdilər. Bu, təəccüblü deyildi. Bu gün də Türkiyədə və regionun digər dövlətlərində baş verən terror aktlarında, baş qaldırmış separatizmdə ermənilər bünövrə rolunu oynayırlar. Vaxtında rüşeym halında olan separatizmin qarşısı alınsaydı, bu gün dünyada bu qədər qaçqın, məcburi köçkün, şikəst və həlak olmuş insanlar da olmazdı. Azərbaycanın o vaxt imkanları yox idi. Azərbaycan öz ordusunu müharibə apara-apara qururdu. Erməni separatçılar isə Sovet rəhbərliyi tərəfindən yüksək səviyyədə silahlandırılırdı, maddi və mənəvi dəstək verilirdi. Düşünmürəm ki, Azərbaycanın o vaxtkı rəhbərliyi bilərəkdən oturduğu ağacın budağını kəsirdi, yaxud imkanlar var idi, o imkanlardan istifadə etmirdilər. Təcrübəsizlik, çətinliklər, problemlər vardı. Həmin vaxt Azərbaycanın haqq səsinə cavab verməyən keçmiş SSRİ ölkələrinin özləri bu gün bu separatizmdən, işğalçılıqdan əziyyət çəkirlər. Gürcüstan, Moldova və Ukraynanın başına hansı oyunların açıldığını gördük. Qorbaçovun özü də sonradan etiraf etdi ki, ən böyük səhvi Bakıya qoşun yeritməsi olub. Qorbaçovu aldatmışdılar. Nəticədə separatçılar da öz bildiklərini edirdilər.

Rusiyanın indiki rəhbərliyi də bu gün keçmiş Sovet ölkələrində baş qaldırmış separatizmə dəstək verir. Bu siyasətin nəticəsində Rusiya Ukraynanı qan ocağına çevirdi. Bu gün Dağlıq Qarabağdakı həmin separatizmin digər ölkələrdə xərçəng xəstəliyi kimi metastaz vermiş formasını görürük. Hara baxırsan erməni, hansısa silahlı birləşmələr var. Vaxtında Fransa, İngiltərə, ABŞ və digər güc dövlətlər bu məsələyə ciddi yanaşmadılar və nəticədə İŞİD, PKK kimi terror təşkilatları yarandı. İndi də insan qanı üzərində həyatlarını qurmağa çalışırlar”.

Mənsur





Həftənin ən çox oxunanları