Yuxarı

Mart gəlir, dərd gəlir...

Mart gəlir, dərd gəlir...

Kalendar-martBu ay ərzində bayramların çoxluğu əhalinin narahatlığını artırır

Bir ildə iki dəfə manatı ucuzlaşan ölkəmizdə milli valyutanın növbəti dəfə dəyərdən düşməsi yəqin ki, heç kəs üçün sürpriz olmayacaq. Artıq bunun ilk işartıları görünməkdədir. Baxmayaraq ki, üçüncü devalvasiyanın olmayacağı, yaxud ən azından bu qədər qısa müddətdə olmayacağına dair proqnozlar verilir, amma insanlar artıq deyilən sözlərə inanmır. İnanmadıqları üçün də heç kəsə etibar etmir, öz dərdlərinə çarəni də özləri axtarır.

Mart bayramlar ayıdır. Orta statistik azərbaycanlının büdcəsinə “düşmən” kəsilən bir ay. Bu ayda bir-birinin ardınca qeyd olunan bayramlar ailə büdcəsinə böyük ziyan vurur. Öncə 8 mart, ardınca da Novruz bayramı bazarda hərəkətlilik yaradır, obyekt sahiblərini sevindirir, qarşı tərəfi kədərləndirir. Dekabrdan başlayaraq ölkədə yaranan durum bütün ümidlərin mart ayına bağlanmasına səbəb olub.

“Evlərdə nə davalar düşəcək...”

Market sahibləri deyir ki, 8 martda əsasən hədiyyələr bölümündə alver çox olur. Ancaq bu il buna da ümid bəsləmirlər. Sahibkar  Əfzəl Səmədovun sözlərinə görə, hər il 8 mart öncəsi xüsusi sifarişlə hədiy-yələr, suvenirlər gətirib, ancaq bu il həmin sifarişləri verməyib: “Ötən il də satış az oldu, amma indi ona da şükür edirik. Hər il 300 manatdan çox hədiyyəlik mal gətirirdim. Xırda suvenirlər çox alınırdı. Bahalı ətirə gücü çatmayanlar gülün üstündə suvenir alıb hədiyyə verirdilər. Bu il demişəm ki, heç nə almayacağam. Elə şöbədə olan mallar satılsa bəsimizdir. İnanmıram ki, heç onları da alan olar...

Əksəriyyəti keçən ildən qalıb, qiyməti də dəyişməyib. Amma bir adamda pul olmayandan sonra qiymətin ucuz, ya baha olmasını nə əhəmiyyəti var? Onsuz da ucuz da olsa, ala bilməyəcək, baha da olsa. Allah bilir, evlərdə nə davalar düşəcək...”

Mallar göyərti dükanına...

Başqa bir həmsöhbətim isə kənd təsərrüfatı məhsulları ilə bərabər həm də cürbəcür şampunlar satır. Qəribədir, deyilmi? Elə bizim üçün də qəribə oldu. Göyərti, meyvə-tərəvəz satılan budkada şampun satılmasına hər halda hər gün rast gəlmirik. Səbəbini belə açıqlayır: “Qızım və gəlinim ikisi də eyni yerdə işləyirdi. İkisini də yanvarda işdən çıxarıblar. Qadın paltarları mağazası idi, böyük mağazaydı, yaxşı mallar satırdılar. O bahalı dediyiniz mallardan. Müştəriləri olmadı işçiləri ixtisara saldılar. Qızım da, gəlinim də ixtisara düşdü. Dedilər ki, yanvar ayını əməkhaqqını fevralda verəcəklər. Amma vermədilər, verə bilmədilər. Bir neçə gün qabaq çağırıb işdən çıxardıqlarını deyiblər ki, nağd pul yoxdur, əvəzində belə mallarla ödəyə bilərlər. Bir az da ucuz hesablayacaqlar. Bunlar da deyəsən, hansısa bağlanan başqa mağazanın mallarıdır, əllərində qalıb. Daha bilmirik ki, bu iki mağaza arasında nə əlaqə var. Deyiblər ki, istəmirsinizsə, gözləyin. Bizim uşaqlar da razılaşıblar. Nə qədər oturub gözləsinlər ki, nəğd pul veriləcək? İndi evdə 2-3 çanta belə mallar var. Qohum-qonşulara götərirlər, alan da pulunu xırda-xırda elə verir ki, heç gözə də görünmür. Allaha şükür hələ ki, bunlara qalmamışıq, amma evdə qalıb xarab olmaqdansa, satmaq yaxşıdır. Uşaqlar mənə dedilər ki, bura ən çox qadınlar gəlir, meyvə-tərəvəz alır. Ona görə də onlara bəlkə sata bilərəm. Amma mən utanıram, mürəbbə bankalarını dalında gizlədirəm. Kimsəözü görüb soruşsa deyirəm, soruşmaalar heç kəsə demirəm”.

“Mən utanıram, onlar qorxur...”

Qiymətlərlə maraqlanırıq. Məlum olur ki, Türkiyə istehsalı olan şampunlar 3-4 manat, duş gelləri 5 manat, müxtəlif sabunlar 60 qəpik- 1 manat arasındadır. Ancaq həmsöhbətimzi deyir ki, maraqlananların çoxu da mağazadan ucuz qiymətə olsa da, bu malları almaqdan qorxur: “Məni bu tərəfdəki binalarda tanıyırlar. Desəm bilərlər ki, saxta mal deyil. Amma başqaları tanımır, görənlər də elə bilir ki, nəsə keyfiyyətsiz maldır. Ona görə də almırlar. Bir həftədən çoxdur ki, bu malları bura qoymuşam, amma indiyə qədər cəmi 3 şampun satılıb. Hamısını ayrıca dəftərə yazıram, uşaqlara hesabat verirəm axı... Bəlkə 8 martqabağı satılar. Onda kişilər əlacları kəsilib alacaqlar. Amma xanıma ancaq şampun hədiyyə vermək olmaz ki? İldə bir gündür, onda da şampun alsınlar?”

“Kişilər gül ala bilməyəcək”

“Elit” gül salonunun Samir işçisinin sözlərinə görə isə, indidən 8 marta hazırlıq işləri görülür. Amma deyəsən, bu gül mağazasında da bayramqabağı şıdırğı alverə ümid bəsləmirlər. Saatıcının dediyinə görə, 14 fevral - Sevgililər günündəki durum onlarda ümidsizlik yaradıb: “Ötən il 14 fevralda və 8 martda vəziyyət pis olmamışdı. Bizim mağazanın yanında 2 məktəb var. Valideyn komitələrinin sədrləri əvvəlcədən gəlib bizimlə danışırdılar ki, müəllimlər günündə nə qədər buket bağlayacağıq. Amma dünən 2-3 sinifdə valideyn komitəsinin sədri ilə danışdıq. Uşaqları məktəbdən götürəndə yolları burdan keçir. Dedilər ki, kollektiv şəkildə pul yığa bilmirlər, çünki valideynlər narazılıq edir. Heç kəsin imkan yoxdur ki, indiki zamanda müəllimlər üçün də əlavə pul versin. Buna görə də, bu il bu sifarişləri artıq gözləmirik. Əgər olsaydı, indiyə qədər bilərdik. Çünki həmişə fevralın 25-də artıq nə qədər buket sifarişi aldığımız məlum olurdu. Amma bu il hələ bir dəfə də belə sifariş yoxdur”.

Həmsöhbətim deyir ki, bu 8 martda da satış olacaq, amma satışın həcmi əvvəlki illərdən kəskin fərqlənəcək: “14 fevralda Sevgililər günündə alver elə az oldu ki, axşam müdirə deməyə utanırdım. O da neyləsin? Əgər alver olmasa, buranı bağlamalı olacaq, mən də işsiz qalacağam. 4 ildir ki, burda işləyirəm. Məndən əvvəldən açılıb bu mağaza. Hər il də 8 martda alver çox yüksək olub. Hər gülün öz alıcısı var, balacasını alan da olub, ucuzunu alan da. Amma çox adam hədiyyə almasa da, gül alıb. Hədiyyə edib. Bu il kişilərin heç 30 faizi də gül ala bilməyəcək”.

Sevil Ağazadə





Həftənin ən çox oxunanları