Yuxarı

Bakının parklanma dərdi

Bakının parklanma dərdi

parkingSürücülər qanuni dayanacaqların qiymətindən şikayət edir, qanunsuz park etmələrinə haqq qazandırır

Yollarda qanunsuz parklama paytaxt Bakı nəqliyyatının əsas problemlərindən biri, bəlkə də birincisidir. Harda gəldi avomobilini saxlayıb gedənlər arxayındırlar ki, sonra maşını yerində tapacaqlar. Hər 10 qanunsuz parklama halından yalnız 1-də nəqliyyat vasitəsi evakuator tərəfindən cərimə meydançasına aparılır. Elə bu səbəbdən də sürücülər istədikləri yerdə parklama etməkdən çəkinmirlər.

Avropanın parklanma mədəniyyəti

Araşdırmalara görə, Avropada hər 3 sürücüdən 1-i son 5 ildə ən azı 1 qəza törədir və bu qəzalardan 16 faizi məhz avtomobili park edərkən baş verir. Parklama qəzalarının demək olar ki, yarısı arxaya hərəkət zamanı olub. Beynəlxalq araşdırma mərkəzi “YouGov” İngiltərə, Fransa, Almaniya, İtaliya və İspaniyada 9 mindən çox sürücü arasında sorğu reallaşdırıb, nəticələrə görə ən çox qəza törədən sürücülər italyanlardır və onların əksəriyyəti səhv parklama səbəbindən qəza törədir.

Qeyd edək ki, Avropanın ən diqqətli parklama qabiliyyəti isə ingilislərdədir. Parklama qəzalarında italiyalıları çox yaxın nisbətlə ispanlar izləyir. Almaniya, Fransa və İngiltərə ən səriştəli sürücülərin ölkəsidir. İtalyanların özləri də parklama ilə bağlı çox səriştəsiz olduqlarını boyunlarına alırlar və bir çoxları qəzalı parkalama görüntülərini internetdən paylaşaraq səhvini öyrənməkdə kömək istəyir. Araşdırmaya görə, ən çox parklama qəzası yaradan avtomobil markası “Station Wagon”dur.

Parklanma bacarmayana sürücülük vəsiqəsi verilmir

Yol-nəqliyyat mütəxəssisi Aydın Şərifzadə deyir ki, parklama usta sürücülüyün bir hissəsidir və yaxşı park edə bilməyən sürücülər yaxşı nəqliyyat da idarə edə bilməz: “Düzdür, normalda yaxşı park etmək üçün yaxşı park yerləri də olmalıdır və bu olmadığı üçün səhv və qəzalı parklama halları çox baş verir. Amma qeyd etmək lazımdır ki, imkanları yaxşı olan parklama yerlərində də düzgün park edən sürücülər çox azdır.

Necə gəldi saxlayıb gedir və yol hərəkətinə mane olacağını, yanda, öndə, arxada  dayanan avtomobilin necə hərəkət edəcəyini düşünmür. Əgər yandakı, arxadakı avtomobilin sürücüsü də bir az naşıdırsa, o zaman qəzalar qaçınılmazdır”.

Müsahibimiz deyir ki, dünyanın bir çox ölkəsində parklamağı bacarmayan sürücüyə sürücülük vəsiqəsi verilmir: “Sürücülük məktəbini oxuyan, imtahan verən və imtahandan keçən hər bir tələbə parklama imtahanı da verməlidir, əgər düzgün park edə bilməsə, sürücülük vəsiqəsi ala bilmir. Bunun üçün nəqliyyat vasitəsinin uzunluğuna bərabər uzunluqda parklama yeri təyin edilir və nəqliyyat vasitəsinin uzunluğunun yarısı qədər də məsafə əlavə edilir. Əgər nəqliyyat vasitəsinin uzunluğu 3 metrdirsə, parklama üçün 3m+1.5m=4.5 metr yer təyin edilir, əlavə olaraq öndəki və arxadakı nəqliyyat vasitələri ilə 60 sm.lik məsafə saxlamaq tələb edilir. İmtahan verən şəxs bir həmlədə həmin yerə avtomobili park etməlidir. Tək həmlədə parklama A1, A2 sinfinə daxil nəqliyyat vasitələri və motosiklet istisna olmaqla bütün növ nəqliyyat vasitələrinə şamil edilir”.

Ekspert: “Qanunsuz park edən cərimələnmir, əvəzində”...

“Qanunsuz parklama ilə mübarizə” İctimai Hərəkatının rəhbəri İsgəndər Quliyev deyir ki, sürücüdən yol hərəkəti qaydalarına əməl etməyi tələb etməkdən ötrü ilk növbədə, yollarda bunun üçün lazımi şərait yaradılmalıdır: “Nə qədər ki, mövcud problemlər həll olunmamış qalacaq, sürücüləri cəzalandırmaqla heç bir nəticə əldə etməyəcəyik. Götürək elə hər gün üzləşdiyimiz qanunsuz parklama problemini. Yalnız bir avtomobilin qadağan olunmuş yerdə park edilməsi görün nə qədər problem yaradır.

Bir taksi sürücüsü dayanacaqda avtomobil saxlayır, bu zaman həm avtobus sürücüsü dayanacağa daxil ola bilmir, həm sərnişinlər lazımi yerdə ictimai nəqliyyata minib-düşə bilmir, həm digər avtomobillər üçün yol bağlanır, həm də yoldan keçən piyadalar çaş-baş qalırlar”.

İ.Quliyev deyir ki, baş yol polisi yaranmış problemi aradan qaldırmaq iqtidarında deyil: “Günün istənilən saatında hər bir küçədə, hər işıqforun qarşısında, hər bir avtobus dayanacağında, hətta bütün səkilərdə yanlış parklama ilə rastlaşmaq mümkündür. Bir sözlə, bu gün paytaxt küçələrində sözün əsl mənasında hərc-mərclik hökm sürür. Aidiyyəti dövlət qurumları vəziyyətin daha da gərginləşməməsi üçün təcili addımlar atmalıdırlar”.

Hərəkat rəhbərinin sözlərinə görə ən pis vəziyyət şəhərin dar küçələrindədir: “Yolun həm sağında, həm də solunda avtomobillər cərgə ilə qanunsuz park edilir. Taksi sürücüləri isə paytaxtın bütün avtobus dayanacaqlarını zəbt ediblər. Bizi “qoruyan” polis isə müəyyən haqq qarşılığında buna göz yumur. Əziyyət çəkən yenə də adi vətəndaşlardır. Dayanacağa daxil ola bilmədiyi üçün avtobusu yolun ortasında saxlayan sürücü sərnişinin həyatını riskə atır. Bunu görən yol polisi cüzi əmək haqqı müqabilində səhərdən axşamadək sükan arxasında əyləşən avtobus sürücüsünü cərimə edir, amma onun dayanacağını zəbt edən taksi sürücüsünə “gözün üstə qaşın var” demir”.

Sürücülər niyə qanunsuz park edir?

“Sualın cavabını yalnız özləri verə bilər”, - deyib bir neçə sürücü ilə həmsöhbət olduq. Sürücü Samir Qəhrəmanov deyir ki, onun səhv park etməsinin səbəbi pullu dayanacaqlardır: “Axşama kimi 5-10 manat çörəkpulu çıxarıram bu taksi ilə, onu da hər dəfə parkomata ödəyim?

Yerüstü dayanacaqların hamısı bahadır, amma yeraltı dayanacaqlarda qiymət babatdır. Mən müştərini yerin altında hardan tapım? Burda dayanıram ki, kimsə minəcək maşına. 1 saata 1 manatı necə ödəyim mən? Axşama kimi 9-10 manat edəcək”.

Sürücü Namiq İsayev isə deyir ki, elə yerlərdə parkomatlar quraşdırırlar ki, əslində, orda qadağandır: “Parklamağa qoymadıqları yerdə parkomat qoyan kimi qanuni olur? Üstəlik, orda da kim necə gəldi saxlayıb gedir, ona da nəzarət eləmirlər. İşləri ancaq pul yığmaqdır. Pulunu ver, harda istəyirsən saxla”.

Şəxsi avtomobili ilə işə gedib-gələn Zülfüqar Baxşıyevin sözlərinə görə,  dayanacağa pul çatdıra bilmədiyi üçün qadağan parklama edir: “Mən 500 manat maaş alıram, bunun 100 manatı onsuz da benzinə gedir, gündə 9 saatlıq iş rejimim var, hər günə 9 manat dayanacağa necə verim? 250 manatdan artıq pul edir. Çox vaxt ofisin arxasındakı həyətlərdə saxlayıram, amma bəzən orda da yer olmur, məcbur küçənin bir kənarında saxlamalı olurdum. İndi gətirib parkomat qoyublar, saatı 50 qəpikdən. Daha işə ictimai nəqliyyatla gedib-gəlirəm, ayrı yolum yoxdu”.

Səkiyə dırmaşan maşınlar

Qanunsuz parklamadan piyada sakinlər də çox əziyyət çəkir. Əsasən mərkəzi küçələrin dalanlarında bu problem yaşanır. Avtomobilləri səkiyə parketmə halları olduqca çox rastlanan problemdir. Yol kənarı qanunsuz park edilmiş avtomobillərlə dolu olduğu üçün “gecikən” sürücülər nəqliyyat vasitəsini elə birbaşa səkiyə dırmaşdırır. Əlil arabası, uşaq arabası ilə hərəkət edən sakinlərin hərəkəti çətinləşir. Oyun ərazisi olmayan, səkilərdə oynamaq istəyən balacalar üçün boş yer qalmır.

Nəqliyyat üzrə mütəxəssis Ərşad Hüseynov bildirir ki, yolların, küçələrin, prospektlərin kənarında heç bir halda ikinci cərgədə dayanmaq olmaz, lakin bu mənzərə Bakıda çox rastlanır: “Yolun həm hərəkət hissəsində, həm də səkisində hamı üçün rahat, fasiləsiz, təhlükəsiz hərəkət olmalıdır. Yollarda hərəkət sıxlığına səbəb olan əsas məsələ avtomobillərin ikinci cərgədə dayanmalarıdır. Eyni zamanda durma və dayanmanın qadağan edilmədiyi yerlərdə sürücülər avtomobillərini səkiyə perpendikulyar saxlayaraq bir neçə hərəkət zolağını bağlayırlar”.

Qanuni və qanunsuz parklanma - harda, neçəyə?

Bakıda son illər dövlət büdcəsi hesabına kifayət qədər çox yeraltı dayanacaq tikilib, amma həmin dayanacaqların istifadəsi özəl sahibkarlardadır, məhz bu səbəbdən də qiyməti sahibkar müəyyən edir.  Park-terminallar olan ərazilərdə maşın saxlamaq üçün ödənilməli olan məbləği 30 dəqiqə üçün 50 qəpik müəyyənləşdirən bu sahibkarlar 1 saat parklama üçün - 1 manat, 2 saat - 2 manat tələb edirlər və quymət saata uyğun 1 manat dəyərində artır. Şəhər mərkəzində əvvəl ən ucuz və ərazisi geniş olan dayanacaqlar “28 May” metrostansiyasının qarşısında və Dəmiryolu Xəstəxanası ilə Bakı Dəmiryolu Vağzalı arasında yerləşirdi. Sürücülər burada maşın saxlayarkən nəzarət edənlərə 20-30 qəpik ödəniş edirdilər. Lakin sonradan bu ərazilərə də park-terminallar quraşdırıldı.

Hazırda Bakıda ən böyük yeraltı avtomobil dayanacaqları Azadlıq və Füzuli meydanlarının altındadır. 2013-cü ildə fəaliyyətə başlayan “Azadlıq” meydanının altındakı dayanacaqda qiymətlər 1 manatdan başlayır: 0-2 saat - 1 man; 2-5 saat - 2 man; 5-12 saat - 3 man; 12-24 saat - 6 manat.  “Park Bulvar”da avtomobil saxlamağın qiyməti 1 manatdan başlayır: 0-1 saat - 1 man; 1-3 saat - 2 man; 3-8 saat - 3 man; 8-12 saat - 6 man; 12-15 saat - 10 man.

“28 Mall” ticarət və əyləncə mərkəzinin altında fəaliyyət göstərən dayanacaqda isə parklamanın qiyməti belədir: 1 saat - 1 man; 1-3 saat - 2 man; 3-5 saat - 3 man; 5-7 saat - 5 man; 7-24 saat - 20 manat. Fəvvarələr meydanın yanındakı və Azərbaycan prospektindəki “Garage” avtomobil dayanacaqlarında 0-1 saat - 1 man; 1-3 saat - 2 man; 3-6 saat - 3 man; 6-12 saat - 6 man; 12-24 saat - 10 manat ödəmək lazım gəlir.

Amma bir çox hallarda sürücülər - istər taksi fəaliyyəti ilə məşğul olanlar, istərsə də şəxsi avtomobili ilə işə gəlib-gedənlər qanuni fəqliyyət göstərən dayanacaqlar yerinə Bakının mərkəzindəki ara küçələrdə qeyri-rəsmi fəaliyyət göstərən  dayanacaqlara üstünlük verir.

Səbəb sadədir - bu dayanacaq daha sərfəlidir. Belə ara küçələrdə səhərdən axşamadək maşın saxlamaq üçün ödənilən maksimum məbləğ 1 manatdır. Bir neçə saatlıq parklama isə cəmi 20 qəpikdir.

Lalə Mehralı





Həftənin ən çox oxunanları