Yuxarı

Gözdən əlillər üsyan etdi

Gözdən əlillər üsyan etdi

Gozden elilGözdən Əlillər Cəmiyyətinin sədr müavini Kifayət Mürsəliyeva və bir qrup üzvü mətbuat konfransı keçirərək təşkilatın sədri Səmyar Abdullayevin özbaşınalıqları barədə danışıblar. “Cümhuriyət” qəzetinin məlumatına görə, Kifayət Mürsəliyeva bildirib ki, Səmyar Abdullayevin sədrliyi dövründə təşkilat bərbad vəziyyətə qalıb: "Gözdən Əlillər Cəmiyyəti 1931-ci ildən fəaliyyət göstərir. Dövlət orqanlarının köməyi və qayğısı nəticəsində 1951-ci ildən isə öz nizamnaməsi əsasında maddi-texniki bazasını yaradıb.

Sonda Bakı şəhəri üzrə 5 kombinatı, 2 mədəniyyət evi, 1 səsyazma studiyası, (burada gözdən əlillər üçün kitablar yazılırdı) musiqi birliyi, mətbəə və eyni zamanda 11 rayon üzrə şöbələr fəaliyyət göstərirdi. SSRİ dağıldıqdan sonra bazarda cəmiyyətin istehsal etdiyi mallara tələbat olmadığından istehsalat dayandırıldı. Beləliklə, təşkilat iflic vəziyyətə düşdü. O zamankı rəhbərlik cəmiyyət üzvlərinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün yollar axtarırdı. Lakin 2002-ci ildə rəhbərlik dəyişdi və bununla cəmiyyətin qara günləri başladı. Yadımdadır, cənab prezident 2007-ci il fevral müşavirəsində belə bir fikir söyləmişdi ki, bəzi işbazlar imtina məktubu adı altında yerləri satırlar. Cəmiyyətin sədri Səmyar Abdullayev məhz belə işbazlardan biridir. Onun ilk satdığı yer mənim icarəyə verib 15 nəfər gözdən əlilin maaş aldığı Şıxəli Qurbanov 25 ünvanında yerləşən mədəniyyət evi oldu. Nizamnaməyə əsasən cəmiyyətin balansında olan yerlər nə satıla, nə də bağışlana bilməz. Belə yerlərdən biri olan, C.Hacıbəyli 40 ünvanında yerləşən mətbəənin yerində Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə gözdən əlillər üçün yaşayış binası tikilməli idi. Əvəzində həmin ünvanda iki 18 mərtəbəli bina ucaldıldı. Amma bizə heç bir mənzil verilmədi".

Kifayət Mürsəliyevə bildirib ki, Səmyar Abdullayevin özbaşınalıqları barədə 2010-cu ildən 2012-ci ilin may ayına qədər müxtəlif dövlət orqanlarına müraciət etsə də, heç bir nəticə olmayıb: "Bütün orqanlarda Səmyar Abdullayev əvvəlcə pislənilsə də, sonradan bu işlərdən təmiz çıxa bilirdi. Bu işlə bağlı Səfər Alışarlının yanında olduq. Bizə bildirdi ki, C.Hacıbəyli 40 ünvanında tikilən binalardan bizə 45 mənzil verilib. Həmin məlumatı Nərimanov rayon prokuroru Fikrət Mahmudov da təsdiqlədi. Lakin heç bir araşdırma aparılmadı. Ədliyyə Nazirliyinə müraciət olundu və nümayəndə kimi bizi qəbul edən Eldəniz Quliyev araşdırma apardı və sonda bildirdi ki, binanın altındakı 1750 kvadratmetrlik sahə sizindir. Bu yaxınlarda həmin ünvanda oldum. O iki bina elə tikilib ki, hərəsinin 4 mərtəbəsi iş, 14 mərtəbəsi isə yaşayış üçün nəzərdə tutulub. Eyni zamanda hər binanın iş üçün nəzərdə tutulmuş 4 mərtəbəsi mebel salonu kimi fəaliyyət göstərir. Maraqlıdır, əgər binanın altı bizimdirsə, icarədən gələn vəsait niyə cəmiyyətin hesabına daxil olmur? Verilən 45 mənzil niyə heç bir gözdən əlilə verilməyib? Belə faktlar çoxdur. Harda görünüb ki, cəmiyyətə məxsus torpaqda sədr ev tikib satışa qoysun və ya icarəyə versin?"

Təşkilatın digər üzvü Sübhan Məmmədov isə bildirib ki, nizamnaməyə əsasən yalnız bir nəfər iki dəfə sədr seçilə bilər. Ancaq Səmyar Abdullayev buna da məhəl qoymur: "O, ölkə Konstitusiyasını əsas götürür. Yəni bu adam təşkilatın nizamnaməsini saymır. Yuxarı qurumların rəhbərlərinə deyir ki, gözdən əlil insanların psixoloji problemləri olur, onların dediklərinə inanmayın. Bəlkə onun hansısa psixoloji problemi var. Amma biz özümüzü əqli baxımdan yüksək səviyyədə hiss edirik. Təsəvvür edin ki, bu adam bizə mənəvi terror etməkdən, üstümüzə başqa damğa yapışdırmaqdan da çəkinmir. Mən illərdir kirayədə yaşayıram və on ildir ev növbəsindəyəm. Amma hələ də ev ala bilməmişəm. Ancaq məndən sonra növbəyə duran insanlar mənzillə təmin olunublar. Hansı əsasla və niyə?"

Y.Oqtayqızı

İlham Rəsulzadə





Həftənin ən çox oxunanları