Yuxarı

Katibə və vəhabi rəhbərlər

Katibə və vəhabi rəhbərlər

vahabi“Bahar enerji” şirkətindən ilginc şikayət

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinə “Bahar Enerji” Əməliyyat Şirkətinin bir qrup əməkdaşı - neft fəhləsi, elektrik, sürücüsü, mexanik və digər işçiləri tərəfindən ilginc şikayətlər daxil olub. Bu barədə “Cümhuriyət”ə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı məlumat verib. Şikayət ərizəsində bildirilir:

“Bizlər əvvəlki “Qum adası” NQÇİ-nin işçiləri olmuşuq, uzun illərdir ki, bu sahədə işləyirik, bu cür özbaşınalığa rast gəlməmişik. Bildiririk ki, şirkətdə qanunsuzluqlar o həddə çatıb ki, hətta neft-qaz işləri üzrə təhsili olmayan sürücü, katibə, tərcüməçi olan şəxslər rəhbər vəzifələrə təyin edilib. Belə vəziyyətdə neftin çıxarılmasından söhbət belə gedə bilməz. Lakin bu vəziyyəti bildirəndə bizləri işdən çıxarmaqla hədələyirlər. Böhran dövründə işsiz qalıb uşaqlarımızı və ailəmizi ac-süsüz saxlamamaq üçün bir az dözürdük. Amma bu halların təkrar baş verməsi bizləri susdura bilmədi. Bizlərin əmək haqqı böhran adı altında azaldıldı, lakin aşağıda adları göstərilən şəxslər və onların adamları, qohum-əqrabalarının əmək haqqı yüksəldildi. Bizlərin banklara kredit borclarımız var və biz bu krediti götürəndə bundan əvvəlki əmək haqqımızı nəzərə almışdıq.

Böhran “neftçi babaya” təsir edir ancaq? Hətta vəziyyət o yerə çatıb ki, bu şəxslər Azərbaycan hökumətini və Dövlət Neft Şirkətini aldatmağa çalışırlar. Niyə məhz onlar deyil, bizlər bu böhranın təsirinə düşürük? Onlara bu böhran niyə təsir etmir? Demək araşdırlmalı işlər hələ də çoxdur. Bunlar qanunsuzluqların hələ bir hissəsidir. Hazırda əməliyyat üzrə menecer Amerika vətandaşı Dayl Makfadendir. Lakin maraqlı məqam orasındadır ki, həmin şəxsin Azərbaycanda işləməsi üçün iş icazəsi olsa da iş icazəsi saxta diplomla əldə edilib. Əldə etdiyimiz məlumata əsasən həmin şəxs Amerikada Belford Universitetini neft mühəndisi ixtisası üzrə bitirib. Gülməli olsa da, həmin Universitet ümumiyyətlə, mövcud deyil. Olmayan universiteti necə bitirmək olar? Bu məlumatı Daylın “Facebook” səhifəsidə görəndə biz internetdə Belford Universitetini araşdırdıq və bəlli oldu ki, həmin mövcud olmayan universitetdə oxumaq mümkün deyil. Belə ki, onlayn yolla 150 dollar ödəməklə universitet adından diplom əldə etmək olur. Dayl uzun müddətdir ki Azərbaycanda saxta diplomla özündən qat-qat təcrübəli və sözün əsl mənasında neft sahəsinə ömrümü vermiş peşəkarlara rəhbərlik edir. Bunun üçün Dövlət Miqrasiya Xidmətinin qısa araşdırma aparması kifayət edir ki, dediklərimizin təsdiqi ortaya çıxsın”.

Şikayətçilərin sözlərinə görə, Dayl təcrübəli neftçiləri işdən çıxarır:

“Güman edirik ki, həmin şəxsin əməllərinə müvafiq orqanlar nəzər yetirib bizlərə dəstək olacaqlar. Hətta o, ağır xəstədir və bu səbəbdən nəinki platformalardan, bizlərin nə şəraitdə işlədiyimizdən, heç Qum adasının sahəsindən belə xəbəri yoxdur”. Şikayət məktubunda o da qeyd edilir ki, şirkətdə kommersiya üzrə vitse-prezident vəzifəsində işləyən Rahib Mustafayev Dayl Makfaden tərəfindən tərcüməçi kimi işə gətirilib, hazırda Şirkətin təhcizat və maliyyə işlərini idarə edir:

“Bununla yetinmədən Şirkətə öz qohum-əqrabalarını, dostlarını, hətta dini təriqətin nümayəndələri olan vəhabiləri toplayıb. Bildirək ki, əməliyyat üzrə departamentin aparıcı vəzifələrində, yəni şöbə rəisləri vəhabilərdir. Onun rəhbərlik etdiyi QHT isə bunların dini təriqətinin nümayəndələrini maliyyələşdirir və onların şirkətdəki işdən savayı dini təriqətin alovlanmasında iştirak edirlər. Rahib Mustafayevin adamlarından biri də elektrik təhsili olmayan baş elektrik Nail Nağıyevdir. Şirkətdə Əməliyyat üzrə Menecerin müavini Əliskəndər Qurbanovdur. Bildirək ki, bu şəxs Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Rəhman Qurbanovun qardıaşının oğludur. Bu nüfuzdan istifadə edərək, şirkətdə baş verən qanunsuzluqlara rəhbərlik edir. Bu yaxınlarda neftçilərin əmək haqqlarının aşağı salınması təşəbbüsü də onun tərəfindən edilib. Bunun qarşılığında isə öz əmək haqqı sıqaldırılıb. Ona şikayətlərimiz isə həmişəki kimi cavabsız qalır”.

Şikayətçilər bildirib ki, uzun müddətdir ki, araşdırma aparıblar və məlumatların heç biri sübutsuz deyil:

“Şirkətimizdə yüksək vəzifə tutanlardan biri də Anar Cabbarovdur. Anar şirkətin maliyyə meneceri Erik Stupartın sürücüsü vəzifəsində uzun müddət işləyib. Şirkətdə baş verən struktur dəyişiklikləri nəticəsində Təhcizat şöbəsinidə Erikin tabeçiliyinə verilib. Və həmin gündən o Anarı təhcizat şöbəsinin alışları üzrə rəhbər vəzifəyə təyin edib. Şirkətə Nəqliyyat və xüsusi texnika üzrə şöbənin rəhbəri Fəxrəddin Qasımovdur. Fəxrəddin Qasımov bir il bundan əvvəl, 2015- ci ildə aşkar olunmuş yanacaq üzrə yeyintiyə görə işdən qovulmuşdu və bir müddət sonra yenidən işə bərpa olunaraq, daha yüksək vəzifə ilə təmin olunub. Həmin şəxs Deyl və Rahib Mustafayevin əsas fiqurlarından biridir”.

Şikayət məktubunda qeyd olunur ki, şirkətdə əvvəl katibə vəzifəsində işləyən Nərminə Qardaşxanova hazırda direktor vəzifəsində işləyir:

“Nərminə Qardaşxanova yanacaq və digər komissiyalar üzrə rəhbərdir və araşdırmalar aparır. Heç yanacaqdan başı çıxmayan və indiyədək bu sahədə heç bir təcrübəsi olmayan adam bizlərdən izahatlar alır. Və bizim ixtiyarımız yoxdur ki, ona işi öyrədək, çünkü ona himayədarlıq edirlər. Onun aldığı əmək haqqı ilə neçə təcrübəli neftçi işləyə bilər, lakin ona ona hər çür şərait yaradılır”.

Şikayətçilər məktubu Prezident Administrasiyasına, Dövlət Neft Şirkətinin rəsmilərinə, Dövlət Miqrasiya Xidmətinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də göndəriblər.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları