Yuxarı

Köhnə binalar sökülür

Köhnə binalar sökülür

IMG_7206Bakının Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarındakı köhnə binalar söküləcək. Bununla bağlı Nazirlər Kabineti “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərar qəbul edib.

AzVision.az xəbər verir ki, baş nazir Artur Rasizadənin imzaladığı qərarla, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Nərimanov Rayon icra Hakimiyyəti, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti, Bakı şəhər Pirallahı Rayon İcra Hakimiyyətinə müvafiq tapşırıqlar verilib. Belə ki, icra hakimiyyətlərinə 5 il müddətinə mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Suraxanı rayonu üzrə 3828 nəfərin yaşadığı, 1127 mənzildən ibarət olan uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş 63 yaşayış binasının, Nəsimi rayonu üzrə XIX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, Xətai rayonu üzrə 6956 nəfərin yaşadığı 2016 mənzildən ibarət 99 yaşayış binasının, Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 mənzildən ibarət 219 yaşayış binasının.

Nizami rayonu üzrə keçən əsrin 50-60-cı illərində inşa edilmiş, 5395 nəfərin yaşadığı 1779 mənzildən ibarət 131 yaşayış binasının, Yasamal rayonu üzrə 1257 nəfərin yaşadığı 427 mənzildən ibarət 18 yaşayış binasının, Səbail rayonu üzrə 1819 nəfərin yaşadığı 535 mənzildən ibarət 41 yaşayış binasının, Pirallahı rayonu üzrə 3131 nəfərin yaşadığı 1174 mənzildən ibarət 297 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin, bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya əlavə sərmayələr cəlb ediləcək. Kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını, qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını həyata keçirmək tapşırılıb. Bundan başqa, icra hakimiyyətlərinə tikintiyə başlamazdan əvvəl tikiləcək binaların ərazidə yerləşdirilməsinin ərazi planlaşdırma sənədlərinə uyğunluğunun və hazırlanan layihələrin memarlıq hissələrinin rayon icra hakimiyyətlərinin müraciətləri əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılması tapşırığı da verilib.

Xəzər rayonu ərazisində qəsəbələrin ümumi görünüşünə xələl gətirən, mövcud şəhərsalma və tikinti normalarına cavab verməyən, əsasən magistral yolların və küçələrin kənarında yerləşən, yaşayış üçün yararsız olan mənzil fondunun, habelə sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin mülki qanunvericiliyin tələblərinə uyğun, əmlak mülkiyyətçilərinin razılığı ilə yenidən qurulması, yeni binaların inşa edilməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə tədbirlər proqramının layihəsini 2 ay müddətində hazırlayıb Azərbaycan Nazirlər Kabinetinə təqdim etmək Xəzər Rayon İcra Hakimiyyətinə tapşırılıb. Qərar fevralın 25-dən qüvvəyə minib.





Həftənin ən çox oxunanları