Yuxarı

İflic yaradan sabunlar

İflic yaradan sabunlar

sabunReklama aldanıb xəstəlik qazanmayın

Telekanallarda min bir təriflə reklam edilən, mikrobla mübarizədə əvəzsiz vasitə kimi təqdim olunan antibakterial sabunlar əslində, insana mikrobların verdiyi zərərdən daha çox zərər verir. Bunu alimlərin uzun illərə söykənən tutarlı araşdırmaları sübut edir.

Antibakterial, yoxsa antisağlamlıq?

Amerikanın “Proceedings of the National Academy of Sciences” adlı tibb jurnalının apardığı bir araşdırma ilə antibakterial sabunlarda olan triklosan maddəsinin əzələ funksiyalarını və skelet quruluşunu dəyişdiyi məlum olub.  Araşdırmada, mikroba yoluxmamaq üçün xüsusilə antibakterial sabunlara, diş pastalarına, dezodorantlara, təraş lasyonlarına və digər kosmetik məhsullara qatılan triklosanı balıqlar və siçanlar üzərində sınaqdan keçirilib.

Triklosana məruz qoyulan siçanlarda ürək funksiyalarında 20 dəqiqə ərzində 25 faiz və qol qüvvətində 1 saat müddətində 18 faiz azalma olduğu təyin edilib. Belə ki, balıqlar 7 gün tərkibində triklosan olan suda saxlanılıb. Məlum olub ki, üzmə fəaliyyətləri xeyli azalıb, xüsusilə üzgəclərinin fəaliyyəti zəifləyib. Araşdırma alimləri bildirir ki, triklosan maddəsi əslində, antibakterial sabun işlədən hər kəsin evində var və əksəriyyətimiz körpə uşaqları belə onun təsirinə məruz qoyuruq.

Qeyd edək ki, triklosanın zərərli təsirləri ilk dəfə 2000-ci ildə aşkarlansa da, istifadəsinə qadağa qoyulmayıb. Bu maddə xlorla birləşdikdə kloroform kimi kanserogen maddələrin meydana gəlməsinə səbəb olur. Üstəlik, bu maddə bakteriyaların antibiotiklərə qarşı müqavimət qazanmasına səbəb olur. Hormonlara müdaxilə gücündə olan triklosan sabunlar və şampunların istifadəsindən sonra təbiətə axıdılan su vasitəsi ilə təbiətdə də uzun müddət qala bilir. Daha çox uşaqların oyundan sonra mikroba bulaşmış əllərini yumaq üçün anaların antibakterial sabun və mayelərə üstünlük verdiyini nəzərə alsaq, o zaman uşaqların allergik xəstəliklərə yoluxma səbəbini anlamış olarıq.

Görün, nələrə səbəb olur!

Bir çox təmizlik və gigiyenik məhsulların tərkibində olan triklosan maddəsi insan orqanizmində qarşısı alınmayacaq xəstəliklər yaradır. Bu xəstəliklərdən ən çox yayılanlarını belə sıralamaq olar. Döş xərçəngi. Onu məhz triklosan maddəsi yaradır və sürətlə inkişaf etdirir. Döşdəki xərçəngli hüceyrələrin bütün bədənə yayılmasına səbəb olur. Bədəndə bir çox hormon pozuntusu yaradır, xüsusilə də tiriod hormonlarının maddələr mübadiləsini  məhv edir.

Antibiotiklərə müqavimət yaradır - Antibakterial sabunun tərkibində bol olan triklosan maddəsi  orqanizmin antibiotiklərə müqavimətini artırır, bu, dəfələrlə sübut edilib. Son illər xəstəliklərin antibiotiklərə tabe olmaması bunun bariz nümunəsidir. Sperm düşməni - bu maddə kişilərdə sperm miqdarını azaldır, qadınlarda isə son illərin ən yayqın xəstəliklərindən olan endemetrioz xəstəliyinə səbəb olur. İmmun sistemini dağıdır  - Triklosanın immun sisteminə olduqca çox zərəri var. 2010-cu ildə ÜST-ün apardığı bir araşdırma nəticəsində məlum oldu ki, antibakterial sabunlarla çox təmasda olan uşaqlar triklosana çox məruz qaldığı üçün daha çox allergik xəstəliklərdən əziyyət çəkir. Digər bir araşdırmada isə antibakterial sabunların qidalara qarşı allergiya yaratdığı bildirilir.

Uşaqları sadə tərkibli sabunla yuyundurun!

Bu maddənin insan orqanizmində bir tək faydası diş əti iltihablanmasına qarşı olmasıdır. Bunun üçün tərkibində triklosan olan diş məcunları var. Amma bir iltihablanmasının qarşısını almaqla daha böyük problemlər yaradır. Başda ÜST olmaqla bir çox beynəlxalq sağlamlıq təşkilatları tərkibində triklosan olan antibakterial sabunların normal sabunlardan yalnız zərərinə görə fərqləndiyini deyirlər. Qətiyyən reklamlara aldanmayın. Xüsusilə də gigiyenasına, təmizliyə düşkün olan insanlar bu reklamların toruna tez düşür, uşaqların əlini gündə bir neçə dəfə bu abunla yuyur, hətta çimdirəndə belə bu sabunlardan istifadə edir. Triklosanın gözlə təması daha təhlükəli ola bilər. Bu səbəbdən də uşaqları sadə tərkibli uşaq sabunu ilə yuyundurun.  Antibakterial maye sabunlar haqqında da eyni sözlər keçərlidir. Reklamlarda bu sabunların beynəlxalq sağlamlıq təşkilatlarından təsdiq olunduğu barədə devizlər səsləndirilir, amma sabunları alarkən qablaşdırmanın üzərinə baxsanız bu təsdiqin olmadığını görəcəksiniz.

Lalə Mehralı





Həftənin ən çox oxunanları