Yuxarı

"Get kasıblar üçün olan yerə..."

corekƏli isti bulka almaq üçün şirniyyat mağazasına sübh tezdən getmişdi. O, içəri girəndə qapının ağzında həmin qızı yenə gördü. Bu, həmin uşaq idi: arıq, çəlimsiz çöhrəsi ilə yaddaşına əbədi həkk olunmuş biçarə qızcığaz. Onu əvvəllər də çox görmüşdü. Hətta bir dəfə özünə aldığı bulkalardan birini ona vermişdi. Buna görə də Əlini görəndə qızın zərif çöhrəsi işıqlandı. Onlar köhnə tanışlar kimi görüşdülər. Qızın məzlum baxışlarına laqeyd qalmaq mümkün deyildi.

Əli yaxınlaşıb salam verdi: “Xoş gördük! Necəsən? Ac deyilsən ki?” Qızın üzü güldü: “Siz yaxşı adamsınız. Keçən dəfə mənə bulka vermişdiniz. Çox dadlı idi”. Əli qeyri-ixtiyari soruşdu: “Yenə istəyirsənmi?” Qız utancaq baxışlarını gizlətməyə çalışdı: “Səhərdən acam. Pulum var. Amma dedilər ki, 20 qəpiyə bulka düşmür. Burda bulkanı 1 manata satırlar. Venski bulkalardır, bu imkanlı adamlar üçündür. Sənlik deyil...”

Əli onun saçını tumarladı. Deməyə söz tapmırdı. Qızın isə ürəyi dolu idi: “Yekəqarın bir əmi vardı, qolumdan yapışıb məni küçəyə atdı. Dedi ki, bura varlı adamlar gəlir. Camaatın qanını qaraltma. Get kasıblar üçün olan yerə, orda sənə 20 qəpiyə “peraşki” verərlər. Qorxudan içəri girə bilmirəm”.

Əlini qəhər boğmuşdu. Amma bunu büruzə verməməyə çalışırdı. Titrək səslə soruşdu: “Sənin atan-anan yoxdur?” Qız utana-utana cavab verdi: “Atam bizi atıb gedib. Anam isə süpürgəçi işləyir. Hər gün mənə güclə 20-30 qəpik verir. Deyir ki, çatdırmıram. Mən bulkanı çox xoşlayıram. Hər gün bu mağazaya gəlirəm. Əvvəllər ucuz bulkalar olurdu. İndi onlardan satmırlar. Çox vaxt pəncərənin qabağında dayanıb burdakı bulkalara tamaşa edirəm. Bura gələnlər imkanlı adamlardır. Onlardan nəsə istəməyə utanıram. Hamısı əlidolu çıxır buradan. O yekəqarın kişi hər dəfə məni görəndə söyür. Deyir ki, ay dilənçi, bir də bura gəlsən, polis çağırıb səni tutduracam. Buna görə də heç kimə yaxınlaşmağa cəsarət etmirəm”. Əli bir anlıq susdu, sonra heç nə demədən mağazaya daxil oldu. O, iki bulka aldı. Bayıra çıxıb bulkaların birini qıza verdi. Uşaq isti bulkanı sinəsinə sıxıb, ağlamağa başladı. Əli dedi: “Utanma, ye”. Qızın göz yaşları bulkaya tökülürdü. O, acgözlüklə əlindəki bulkanı yeməyə başladı. Qəfildən yeməyə ara verib, qorxa-qorxa soruşdu: “Polis əmi gəlib bulkamı əlimdən almaz ki?” Əli onu sakitləşdirməyə çalışırdı: “Tələsmə, rahat ye. Sən oğurluq etməmisən. Sənə heç nə edə bilməzlər”. Soyuqdan qızın əlləri əsirdi. O, bulkanın yarısını yeyəndən sonra qalanını köhnə paltosunun cibinə qoydu:

“Bunu da anama saxlayıram. Bir az sonra işdən gələcək. Evdə yeməyə heç nəyimiz yoxdur”. Oğlan əlindəki bulkanı qıza uzadıb, belə dedi: “Burda məni gözlə. İndi gəlirəm”. Əli tələsik mağazaya girdi. Bir-iki dəqiqə sonra əlində beş-altı bulka geri döndü: “Bunları özünlə evə apar”. Sevincdən qızın gözləri yaşardı. O, öz xeyirxahına necə təşəkkür edəcəyini bilmirdi. Başını qaldırmadan dedi: “Ömrümdə bu cür dadlı bulka yeməmişəm. İndi anam da sevinəcək. Bizim evdə heç vaxt belə dadlı bulka olmayıb. Sağ olun”. Qız əlindəki sellofan torbanı sinəsinə sıxıb, sürətlə uzaqlaşdı. Arxadan Əlinin səsi eşidildi: “Anana mənim haqqımda heç nə demə. Bircə onu de ki, Allah bu gün bizi ac qoymadı. Bu neməti bizə O gondərib. Ona şükür edək”.

Leyla Namazova





Həftənin ən çox oxunanları