Yuxarı

Bakıda yaşayış binası uçdu

Bakıda yaşayış binası uçdu

Xətai rayonu, Cavanşir küçəsi-10 ünvanında yerləşən, əvvəl H.Z.Tağıyev adına toxuculuq kombinatına məxsus olan, daha sonra Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansına verilən beşmərtəbəli yataqxana binasının 3-cü və 4-cü mərtəbələri arasındakı arakəsmə uçub.

Bu barədə Cebhe.info-ya məlumat verən bina sakini Zülfiyyə İsmayılova deyib ki, binanın qəzalı vəziyyətdə olması barədə dəfəlrələ aidiyyatı qurumlara məlumat versələr də, bu məsələ ilə nəinki maraqlanan, heç sakinlərin şikayətlərini dinləyən omayıb.

Dünən səhər vəziyyətdən narahatlıq keçirən sakinlər Prezident Aparatına qəbula gediblər. Amma sakinləri qəbul edən məsul əməkdaş onları narahat olmamağa çağırıb: “Bizə dedilər ki, qorxmayın, binanız uçmaz, sizə heç nə olmaz. Daha sonra Abid Şərifovun, Hacıbala Abıtalıbovun gəlib binaya baxacaqlarını dedilər. Amma deyilən şəxslər binaya baxmağa gəlmədilər”.

Zülfiyyə İsmayılovanın sözlərinə görə, axşam binada gurultu qopub və bunun ardınca dəhşətli səs eşidiblər: “Əvvəl elə bildik ki, zəlzələdir, amma sonra gördük ki, binanın yuxarı mərtəbələri uçub. Bina sakinləri hamısı çölə töküldü. Hətta qonşumuz Nazilə xanım mətbəxdə iş görən zaman binanın uçduğunu görüb qorxudan huşunu itirmişdi. 5 mərtəbəli binanının dördüncü və üçüncü mərtəbəsi tamamilə çöküb. Bir blokda yaşayan 20 ailə tamamilə binadan çıxdı. Onlar gecəni qohum-qonşuda qalıb. 76 ailə isə hələ də yarısı uçmuş binada qalır”. Şikayətçi qeyd edib ki, 7 ildir ki, binanın yararsız oması barədə Fövqaladə Hallar Nazirliyində sənədləşmə aparılıb:

“Başda Abid Şərifov və Xətai Rayon İcra Hakimiyyətinin başçısı olmaqla, əlaqədar məmurlar camaatı yola verməklə kifayətləniblər. Hətta icra başçısı sakinlərə uçmaqda olan binanı təmir edə biləcəklərini də deyib. O bildirib ki, dövlətin sakinləri köçürməyə pulu yoxdur. Orada cəmi 96 ailə yaşasa da, məmurlar yalandan orada 120 ailənin yaşadığı barədə saxta sənəd tərtib ediblər. Bundan əlavə yataqxanada yaşayan 96 ailəyə 45 min manat konpensasiya ödəniləcəyinə söz verilsə də, sakinlər ölümün ixtiyarına buraxılıb. Çox gərgin vəziyyətdəyik. Kimin qohumu var, gecələmək üçün ora gedib, qohumu omayanlar isə küçədə gecələməli olublar. Körpə uşaqlı qadınlar, yaşlı insanlar, camaat evsiz, dağınıq binaya həsrətlə baxıb bundan sonra nə edəcəklərini bilmirlər. Hamımız çarəsiz qalmışıq”.

Zülfiyyə İsmayılova önu da əlavə edib ki, bu gün hadisə yerinə Xətai Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rafiq Quliyev gəlib. Sakinlərlə müavin arasında qalmaqal yaranıb. Sakinlər öz haqlarını tələb etsələr də, İcra Hakimiyyətinin rəsmisi “hələ gözləyin” deyir.

Alçina Amilqızı