Yuxarı

Məleykə Abbaszadə - Mikayıl Cabbarov savaşı açıq müstəvidə

Məleykə Abbaszadə -  Mikayıl Cabbarov  savaşı açıq müstəvidə

 

100 şagird kimi bitirəcək?

Şahlar Əsgərov: “Təhsil sistemi mürəkkəb hala gətirilib”

Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası arasında üzün sürən soyuq savaş yeni nazir təyinatı ilə müəyyən qədər səngisə də, son günlər yenidən gündəmə gəlib. Bütün dünyada prioritet sahələrdən hesab olunan təhsilin ölkəmizdəki səviyyəsi məhz belə qarşıdurmalarla ört-basdır edilməyə çalışılsa da, görünən odur ki, tərəflər yenidən qollarını çırmalayıb yeni-yeni faktlarla bir-birinin üzərinə gedir. Maraqların toqquşduğu yerdə hətta komanda kimi oynamaq qaydası da unudulur və hər tərəf öz lazımlılığını sübut etmək üçün əlindəki faktlarla ictimai dəstək qazanmağa çalışır.

Azərbaycanda eyni komandada təmsil olunan dövlət qurumları arasında açıq müstəvidə savaşın təməlinin ilk olaraq məhz Təhsil Nazirliyi və TQDK tərəfindən qoyulduğunu nəzərə alsaq, “müharibənin” yenidən başlamasını maraqların yenidən toqquşması kimi də xarakterizə etmək olar. Doğrudur, tərəflər hələ ilk savaşın ilk mərhələsində məramlarının təhsilə xidmət olduğunu bildirsələr də, ictimaiyyətin buna inanmadığı məlumdur. Kökündə daha gizli məqamların yatdığı qurumlararası savaşdan zərbə görən isə məhz ölkə və insanlar olur. Ölkələrnin inkişaf səviyyəsi onun təhsil səviyyəsi ilə müəyyən edilir. Əgər təhsil özü yoxdursa və onun barəsində ancaq mənfi danışılırsa, ölkənin gələcək inkişafından ümidli olmağa dəyməz. Və nə qədər ki, təhsillə bağlı dövlət qurumları öz uğursuzluqlarını görməzdən gəlib, ancaq mövcudluğunu qorumaq mübarizəsi aparacaq, ümidli düşünmək və danışmaq da mümkün deyil.

Misir Mərdanov - Məleykə Abbaszadə münaqişəsinin birincinin öz kreslosunu itirməsi ilə səngiyəcəyini gözləyənlərin ümidləri məhv olub. Bir müddətdir ki, susqunluq nümayiş etdirən TQDK sədri nəhayət ki, düyməyə basıb. Görünür, test üsulunun ləğvi, buraxılış və qəbul imtahanlarının birləşdirlməsi, TQDK-nın bir qurum kimi ləğvi və onun səlahiyyətlərinin də veriləcəyi Elm və Təhsil Nazirliyinin yaradılması barədə gəzən söhbətlər Məleykə Abbaszadə cəbhəsinin susqunluğunu pozmasına səbəb olub. Misir Mərdanovla Məleykə Abbaszadə arasında gedən mövqe savaşı bu gün bir qədər gizli formada Mikayıl Cabbarovla davam edir və deyəsən, getdikcə alovlanacaq.

Orta məktəb şagirdlərinin nəticələrini, başqa sözlə, nöqsanları daim ictimailəşdirən Məleykə Abbaszadə qarşı tərəfə artıq mesaj verib. Növbəti cavab zərbəsini Təhsil Nazirliyindən gözləməyə dəyər. İki dövlət qurumu arasında nüfuz savaşı açıq olaraq qalır. Mikayıl Cabbarov TQDK-nın ləğv olunaraq, onun tabeçiliyinə verilməsinin doğruluğunü, Məleykə Abbaszadə isə təmsil etdiyi qurumun nazirlikdən daha səmərəli işlər gördüyünü sübuta yetirməyə çalışır.

Münasibətlərin yenigən gərginləşməsi fonunda son zamanların ilk ciddi iradı TQDK-dan gəlib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ötən ilin yekunlarına dair hesabatında 9 və 11-ci siniflər üzrə 100 nəfər məzunun yazıb-oxuya bilmədiyi qeyd edilib. Bu məlumat nəinki ciddi müzakirələrə yol açıb, hətta sensassiya kimi qarşılanıb. Hesabata əsasən, 11-ci siniflər üzrə Sabirabad rayonunda 6 nəfər, Hacıqabul rayonunda 3 nəfər, Tovuz rayonunda 2 nəfər, Daşkəsən, Gədəbəy, Qazax, Goranboy, İmişli, Astara, Lerik, Yardımlı və Masallı rayonlarının hərəsində 1 nəfər, 9-cu siniflər üzrə Astara rayonunda 12 nəfər, Sabirabad rayonunda 9 nəfər, Lerik rayonunda 8 nəfər, Gədəbəy, Tovuz, Cəlilabad və Masallı rayonlarının hər birində 4 nəfər, Qazax, Goranboy və Bərdə rayonlarının hərəsində 3 nəfər, Daşkəsən, Şəmkir, Ağstafa, Ağcəbədi, Ağdaş, Yardımlı və Hacıqabul rayonlarının hərəsində 2 nəfər, Qax, Kəlbəcər, Qəbələ, Ordubad, Xızı, Ağdam, Xaçmaz və Cəbrayıl rayonlarının hərəsində 1 nəfər oxuyub-yazmağı bacarmır. TQDK rəsmiləri yazıb-oxumağı bacarmayanlar haqqında əlavə məlumatın verilməsinin mümkünsüzlüyünü də qeyd edib. Ancaq təhsil sektorunda təcrübəsi olanlar bilir ki, ölkədə yazıb-oxumağa bacarmayanlar həmişə olub və əvvəlki illərdə də rəqəm heç də bundan az olmayıb. Sadəcə, məsələnin məhz indi, TQDK ətrafında “soyuq küləklərin” əsdiyi bir dövrdə ictimailəşdirilməsi Məleykə Abbaszadənin özünüqoruma instiktinə dayanır. Əgər məktəb direktoru 11-ci sinifdə təhsil alan və kitabdan mətnin üzünü oxumağı bacarmayan şagirdin sinifdən-sinfə keçirilməsinin səbəblərini açıqlaya bilməyib “tədbir görərik” deməklə vəzifəsini bitmiş hesab edirsə, TQDK sədrinin əlində kifayət qədər əsas var deməkdir. Nüfuz müharibəsi qızışır, arada isə ziyanı onsuz da başqan-başa problem içində olan təhsilə dəyir.

Ekspertlər də iki qurum arasında yaranan gərginliyin təhsilə mənfi təsir edəcəyini düşünürlər. Milli Məclisin Təhsil Komissiyasının keçmiş sədri Şahlar Əsgərov qeyd olunan məsələlərlə bağlı “Cümhuriyət”qəzetinə verdiyi açıqlamasında fərqli düşüncələr və mövqelər yer alır. Açıqlamaya keçməzdən əvvəl qeyd edək ki, Şahlar Əsgərov Məleykə Abbazsadə ilə “açıq savaşa” çıxan ilk deputat olub və ölkədə buraxılış-qəbul imtahanlarını birləşdirilməsi təklifini də məhz Milli Məclisdə təmsil olunduğu zaman məhz o, ortaya atıb. Daha sonralar mövqeyini əsaslandırmaq üçün TQDK rəhbərliyinə qarşı kifayət qədər ciddi iradlar səsləndirib. Bu gün qəbul imtahanlarında tətbiq edilən yeni qaydaların- toplanan ballara görə ali məktəb seçilməsi təklifini də məhz illər öncə Şahlar Əsgərov dünya praktikasına əsaslanaraq səsləndirib. Ancaq o zaman TQDK tərəfindən ciddi qəbul edilməyən təklif illər sonra elə həmin qurum tərəfindən reallaşdırılıb.

İndi isə təhsil eksperti hesab edir ki, 100 nəfər yazıb-oxuya bilməyən məzun faktının müəyyənləşməsinin özündə bir problem var: “O 100 nəfər yazıb oxuya bilməyən məzunlar necə müəyyən olunub? Əgər biri testi qoyub gedibsə, bu o demək deyil ki, həmin abituriyent nəsə bilmir. Yoxsa qarşı-qarşıya oturub əlinə kağız-qələm alıb yaza bilməyibsə, bu tamamilə başqa bir məsələdir. Kim nə dərəcədə inana bilər ki, 100 nəfər yazıb-oxuya bilmir? Bunun özü məndə bu işə inamsızlıq yaradır. Azərbaycan böyük bir dövlətdir. 10 milyon əhali içərisində 100 nəfər yazıb-oxuya bilmirsə, bunu şişirtməyə dəyməz. Bu cür hadisələrlə Amerikada da qarşılaşırlar. Hətta türk elm tənqidçilərindən birinin fikrinə görə, Türkiyədə milyonlarla belə insan var. Yadımda qalıb ki, həmin tənqidçi onların sayının 4 milyon olduğunu önə çəkərək, “Danimarkanın əhalisi qədər bizdə yazıb-oxuya bilməyən insan var” demişdi. Ona görə də bu məsələdə əsas olmalı idi ki, doğrudanmı bu adam qələm tuta bilmir? Mən gəldim bir məclisə, xoşa gəlməyən bir cümlə işlədib getdim. Buna “dəli” damğası vurub yola salmaq düzgün deyil axı... Epizodik müşahidələrə görə belə qəti qərar verilməsinin tərəfdarı deyiləm. Həqiqətən də həmin məzunlardan bir-ikisinin tapılaraq təhsil işçiləri tərəfindən səviyyəsi araşdırılandan sonra oxuduğu məktəbin rəhbərliyinin cəzalandırılması gərəkdir. Bu cür yanaşmanın özündə obyektivlik azdır”.

Şahlar Əsgərov iki qurum arasında uzun müddətdir davam edən fikir ayrılıqlarına da toxunub. Bildirib ki, qurumların idarəetməsində səhv var: “Təhsil Nazirliyi iki yerə parçalananda təbii ki, hər iki tərəf öz varlığını sübut etməlidir. Ona görə də bu parçalanmanın bünövrəsi düzgün deyil. Ya o qeyri-hökumət təşkilatı adını üzərinə götürməlidir və Təhsil Nazirliyinin işinə qarışmamalıdır. Əgər Təhsil Nazirliyinin işinə qarışırsa, hökmən hərəsinin öz ideyası, öz konsepsiyası, öz düşüncə tərzi olacaq. Bunlar da heç zaman üst-üstə düşməyəcək. Uzun müddət belə də gedəcək. Ona görə də bu məsələnin təcili həllinə ehtiyac var. Bir məsələni də bilmək vacibdir. Bütün dünyada böyük nəzəriyyə var. Təhsil sistemi mürəkkəb hala gətirilib. Yəni bütöv olan bir təhsir iki hissəyə parçalanıb. Məsələ mürəkkəb hala gələndə hökmən ziddiyyətlər böyüyür. Ona görə də bu, bir hala gətirilməlidir. Bu mənada TQDK qeyri-hökumət təşkilatı olaraq yalnız uşaqların biliklərini ölçməlidir, nəticələrini bilməlidir, təhsil siyasətinə qarışırsa, belə ziddiyyət alınacaq. Dövlətin təhsil siyasəti parçalanıb. Əvvəl də belə idi, indi də belədir və gələcəkdə də davam edəcək. Bu qüvvələr isə qarşı-qarşıya yönəlir və dövlətin qüdrətini zəiflədir”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları