Yuxarı

İtkin neftçilər iyun ayında ölmüş elan ediləcək

İtkin neftçilər iyun ayında  ölmüş elan ediləcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağında ötən ilin dekabr ayının 4-də baş vermiş qəzada itkin düşən 18 nəfərin cəsədi hələ də tapılmayıb.

İtkin neftçilərin ailə üzvüləri qəza qurbanlarının tapılması üçün axtarışların getmədiyindən şikayətlənirlər. Rəsmi qurumlar isə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün hələ də aidiyyəti üzrə tədbirlərini davam etdirdiklərini bəyan edirlər. İtkin Elşad Rəsulovun həyat yoldaşı Vüsalə Rəsulova Cebhe.info-ya açıqlamasında itkin neftçilərin tapılmaması ilə bağlı vəziyyətlə artıq razılaşdıqlarını dilə gətirib:

“Əlimizdən bir şey gəlmir, biz nə edə bilərik? Başımızı da itirmişik, bilmirik hansı yola, hansı addıma əl ataq? Açıq-aydın məlumdur ki, axtarışlar getmir. Biz də bununla barışıb oturmuşuq. Çünki bu 4 ay ərzində faktiki nəticə olmadı. Çətin olsa da, yalnız gözləmə mövqeyindəyik. Bu yaxınlarda Rövnəq Abdullayevlə də görüşümüz oldu və bütünlüklə bizi dinlədi. Amma vəziyyət dəyişmir”.

Vüsalə Rəsulova Dövlət Neft Şirkəti tərəfindən itkin neftçilərin ailələrinin kredit borclarının silinməsi məsələsinə də toxunub. Onun sözlərinə görə, 130 manat əmək haqqı ilə yığılan kredit borcunu ödəyə bilmir:

“Bu məsələni sığortanın həll edəcəyi bildirilib. Gözləyəcəyəm, nə vaxt versələr, aparıb ödəyəcəyəm. Əvvəldən 15 min manat kompensasiya verdilər. Bu məbləğ də 4 ay ərzində dolanışıq və uşaqların təhsili, digər məsələlərə sərf olunub”.

1957-ci il təvəllüdlü itkin neftçi İnqilab İsgəndərovun bacısı Esmira Əhmədova Rövnəq Abdullayev ilə görüşlərindən sonra bu məsələyə daha ümidsiz olduqlarını dilə gətirib:

“Rövnəq Abdullayev nə dedi ki? Dedi ki, bu məsələ Allahın ümidinə qalıb. Bunu elə biz də bilirdik də... İndi hazırlaşırıq ki, Kəmaləddin Heydərovun qəbuluna düşək. Artıq bir neçə dəfə Fövqaladə Hallar Nazirliyinə görüşmək üçün şərait yaradılmasına görə müraciət etmişik. Amma hələlik nəticə yoxdur. Biz bu məsələni boş buraxmayacağıq. Nəticə əldə etməyənə qədər cavabdeh qurumlardan əl çəkməyəcəyik. Necə ki, Xarici İşlər Nazirliyindən bizə “itirən də tapan qurum da bəllidir, gedin onların boğazından yapışın” dedilər. Biz də gedib Neft Şirkətinin boğazından yapışdıq, nə xeyri? Öz səhvlərini ört-basdır etməyə çalışdılar və bu da alındı”.

İtkin neftçi, 1971-ci il təvəllüdlü Xalid İbrahimovun həyat yoldaşı Kifayət İbrahimova isə rəsmi qurumlara daha inam qalmadığından gileylənib. Deyib ki, dəfələrlə müraciət etdikləri Fövqaladə Hallar Nazirliyindən yalnız bir cavab- “axtarışlar gedir” deyilib: “Əslində bu sözü də eşitməkdən təngə gəlmişik. Heç bir yenilik yoxdur. Heç axtarışlar lazımi qaydada da getmir. Yanlarında deyilik axı, hardan bilək ki, həqiqətən də axtarışlar gedir, ya yox... Kimdən tələb edək, hara gedək? Özünüz də şahidi olmusunuz ki, bu məsələ ilə bağlı getmədiyimiz ünvan qalmayıb. Bizi eşidən yoxdur. Ümumi 20 ailənin gözü yoldadır. Axtarış gedirsə bəs niyə tapılan yoxdur?”

Kifayət İbrahimova 6 ay tamam olandan sonra itkin neftçilərə ölüm aktı verilməsi məsələsinə də toxunub. Bildirib ki, rəsmi qurumlar qarşısında bu məsələni də qaldırıblar. Amma onlara söz verilib ki, axtarışlar 6 aydan sonra da davam etdiriləcək.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı artıq iki aydan artıqdır ki, axtarışların dayandırılmasını iddia edir:

“Axtarışlar gedirsə, heç olmasa, ayda iki dəfə məlumatları ictimaiyyətə təqdim etsinlər və nəticələrini ortaya qoysunlar. Gözləyirlər ki, 6 ay bitsin və onları ölmüş elan etsinlər. Mənə elə gəlir ki, fevral ayından etibarən heç axtarışlar aparılmır. Çünki axtarışların aparılması böyük maliyyə xərcləri tələb edir. Əgər təyyarə, gəmilərlə axtarış aparırlarsa, heç olmazsa, bu nəqliyyat vasitələrinin hansı ərazilərdə olduğu barədə ictimaiyyətə real məlumat versinlər. Sübut etsinlər ki, axtarış gedir. Sadəcə gözləyirlər ki, iyun ayında itkin neftçiləri ölmüş hesab edib ailələrinə kağız versinlər. Mən başa düşürəm ki, axtarışlar üçün böyük vəsait tələb olunur. Həmçinin özləri də bilirlər ki, artıq itkinləri tapmaq çox çətindir. Amma axtarışın xəritəsini cəmiyyətə açıqlamalıdırlar. Bu hadisə baş verən vaxtı sinələrinə vurdular, axtarışlar apardılar, sonradan isə bu məsələ yaddan çıxıb getdi”.

Mirvari Qəhrəmanlı deyib ki, bu günə qədər tapılan itkin neftçilər təsadüfi tapılan cəsədlərdir:

“Yalnız hadisə baş verən vaxtı platformaya yaxın ərazilərdə gördükləri işlər idi, vəssalam. Çox təəssüf... Bir azdan itkin neftçilərin ailələri də yaddan çıxacaq. Onların içərisində iki-üç cavan ailələr var ki, onların ev-eşikləri yoxdur. Ailə başçısı da olmadığından bu problemin həlli çətinləşib. Müvafiq qurumlar bu ailələrə müvafiq konpensasiya verməklə, problemi həll etmiş hesab edirlər. Bu, bir şey deyil. Amma onlara qarşı humanistlik nümayiş etdirilməlidir. Dövlət Neft Şirkəti üçün nədir ki, tikdiyi o evlərdən iki, üçünü həmin ailələr bağışlasın. Həm Allah yolunda, həm də humanistlik prinsipi ilə bunu edə bilərlər”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları