Yuxarı

Hərbi ekspert: “Barışmaz siyasi qüvvələr də vəziyyəti çox ciddi dəyərləndirib"

Hərbi ekspert: “Barışmaz  siyasi qüvvələr də vəziyyəti  çox ciddi dəyərləndirib

 

“Son günlər cəbhə bölgəsində baş verən hadisələr hər kəsi çox narahat edir. Bəzi çox ciddi məsələlər var, onlar haqqında indi danışmasaq, sonra gec olacaq”. Cebhe.info xəbər verir ki, bu sözləri hərbi ekspert Üzeyir Cəfərov deyib. Döyüşü qürur yerimiz olan Azərbaycan əsgərlərinin apardığını deyən Ü.Cəfərov qeyd edib ki, o “əsgər” deyəndə sıravi əsgərdən tutmuş Ali Baş Komandan da daxil olmaqla hər kəsi nəzərdə tutduğunu deyib:

“Məkrli Ermənistana və onun görünməyən hiyləgər, vicdansız havadarlarına qarşı silahlı mübarizəni bəzən haqlı, bəzən haqsız tənqid etdiyimiz Müdafiə Nazirliyi aparır. Sözümün canı ondadır ki, gəlin Silahlı Qüvvələrimizi bu çətin günlərdə daha cani qəlbdən, sidqi-ürəkdən sevək və ona dəstək olaq. Onun yanında təkcə sözdə deyil, əməldə, hərəkətlərimizdə olaq. İndi hamı nəhayət ki, başa düşür ki, söhbət nə qədər ağır, çətin və ciddi bir işdən gedir. Müharibə. Ölkəmizdə müharibə gedir. Xalqımızın, dövlətimizin gələcək taleyini həll edəcək bir savaşdan söhbət gedir. Azərbaycan kimi çox da böyük dövlətçilik təcrübəsi olmayan bir ölkə uzun illər dövlətçilik təcrübəsi olan və Ermənistan kimi buyruq qulu olan bir marionetkanın əli ilə min cür hoqqalardan çıxan nəhənglərlə üz-üzə qalıb. Bunu hamı anlayır və gözəl bilir. Erməni kimdir ki, bizə meydan oxusun, torpaq işğal eləsin, ya da bizə öz hökmünü diktə etsin?

20 ildən artıq müddətdir ki, bizim milli heysiyyatımızla, qürurumuzla oynayan güclər - BMT, ATƏT və digər irili-xırdalı beynəlxalq gurumlar görün necə narahatdılar Azərbaycan əsgərinin öz doğma torpaqlarını canilərdən təmizləməsinə. Bəs bizim indiyə kimi 20 ildən çox müddətdə bar-bar bağırdığımız məgər bu deyildimi ki, ay vicdan və reallıq hissini itirmişlər, işğalçını başa salın, onu haqqa qatarın. Ermənistan heç bir beynəlxalq hüquq və norma tanımır və saymır. İndi Azərbaycan əsgəri öz torpaqlarında işğalçını geri atmaq istəyir və silaha sarılıb, Rusiya başda olmaqla hamı narahatdır. Sual edirəm, ay cənab yoldaş Putin və komandası, ay bivec BMT və ATƏT rəhbərləri? Nədən sizin cürətiniz çatmır ki, Ermənistana deyəsiniz ki, yetər artıq, çəkil zəbt etdiyin Azərbaycan ərazilərindən.

Riyakarcasına "tərəflərdən" ifadəsinin yanında "xahiş və tələb edirik döyüş əməliyyatlarını dayandırın" kimi yorucu, bezdirici ifadələrin indiki məqamda əsla yeri yoxdur. Nədən siz açıq demirsiniz ki, sizin bu narahatçılığınız sırf xristian təəssübkeşliyindən irəli gələn narahatçılıqdır? Axı dünyada bunu başa düşməyən az adam tapılar.

Bizə bu dar məqamda arxa-dayaq olan yenə qardaş Türkiyə Respubliksı, Pakistan İslam Respublikası və onun xalqı və siyasi-hərbi rəhbərliyi oldu. Bir daha tam əmin oldum ki, bəzən bizə qardaş deyən və bu məqamda qorxaqcasına susan müsəlman və qeyri-müsəlman dövlətlərinə də biz bel bağlaya bilmərik və bağlamamalıyıq. İndi hamının bir nöqtəyə vurmaq zamanıdır. Sevindiricidir ki, kimliyindən asılı olmayaraq hətta bəzi barışmaz siyasi qüvvələr də vəziyyəti çox ciddi dəyərləndirib Azərbaycanımızın sabahı ilə bağlı dərindən narahatçılığı dilə gətirib Dövlətimizə və Dövlətçiliyimizə dayaq olduqlarını bəyan ediblər. Mən isə fərd olaraq çox narahatam. Nədənsə cəmiyyətimizdə bir qədər biganəlik və laqeydlik əhval-ruhiyyəsini hiss edirəm. Təki mən düçüncələrimdə yanılım, amma daxildən gələn bir səs bunu dilə gətirməyə vadar edir.

Axı erməni və havadarları ilə döyüşən təkcə Müdafiə Nazirliyinin əsgər və zabitləri olmamalıdırlar. Hamımız işğal altında olan torpaqların geri qaytarılması ilə bağlı çox böyük nəticələr umuruq. Əlində avtomat silah real döyüş, müharibə görmüş, birinci Qarabağ savaşının birbaşa iştrakçısı kimi deyə bilərəm ki, bu, nə qədər çətin və əzablı bir işdir. Ermənilər və ətrafları real iş görürlər. Bizim bəzi QHT, media və ictimai dostlarımız yalnız sözlə, sosial şəbəkələr vasitəsilə foto və ya videogörüntü paylaşmaqla bu savaşda "iştirak" etdiklərini düşünürlər. Hesab edirəm ki, indiki həlledici məqamda hamı, xüsusən də döyüş görmüş və hərbyönümlü təşkilatlarımız son dərəcə fəal olmalıdırlar. Hər şeyi həm düşmənlə ölüm-dirim savaşı aparan Müdafiə Nazirliyinin üstünə atmaq da düzgün deyil. Hərə bir önəmli işin qulpundan yapışmalıdır. Bəziləri baş verənlərə elə adi bir hadisə kimi yanaşırlar. Bu, kökündən yanlış düşüncə və yanaşmadır. Öz döğma torpaqlarımızın işğaldan geri alınması uğrunda savaşa qatılsaq da, haqlı olduğumuz halda haqsız sayılmağımızı da əsla unutmamalıyıq.

Bu gün cəbhədə Azərbaycan adlı dövlətin şərəf və ləyaqəti məsələsi həll olunur. Bu müqəddəs işdə çoxsaylı Şəhidlərimiz var. Tanrıdan onlara rəhmət, doğma və əzizlərinə səbr diləyirəm”.

Mənsur





Həftənin ən çox oxunanları