Yuxarı

Keçmiş döyüşçülərdən ordumuza dəstək: “Köməyə hazırıq”

Keçmiş döyüşçülərdən ordumuza dəstək: “Köməyə hazırıq”

Ermənistan və Azərbaycan arasında silahlı qarşıdurma davam edir. Erməni təxribatının 3-cü günündə Azərbaycan ordusu Ermənistanın çox sayda zirehli və hərbi texnikası, o cümlədən 300-ə yaxın canlı qüvvəsini məhv edib. Təkcə aprelin 4-də düşmənin hücumlarına cavab olaraq keçirilən əməliyyatlarda 170 erməni hərbiçisi məhv edilib. Həlak olan erməni hərbiçiləri içərisində yüksək vəzifəli və rütbəli (general, polkovik) şəxslər də var.

Hərbi ekspertlər Azərbaycan ordusunun bu templə əməliyyatlara davam edəcəyi təqdirdə tez bir zaman içərisində Dağlıq Qarabağətrafı rayonların geri qaytarılmasının mümkünlüyünə diqqət çəkirlər.

“Kömək etməyə hazırıq”

Laçın alayının keçmiş komandiri, istefada olan polkovnik Arif Paşa Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycan ordusu əməliyyatları davam etdirməlidir: “Ordunun əməliyyatlarını çox yüksək qiymətləndirirəm. Azərbaycan ordusu və xalqının potensialı imkan verir ki, işğal altında olan torpaqlarını geri qaytarsın. Hesab edirəm ki, əməliyyatlar sərhədlərimiz, ölkəmizin ərazi bütövlüyü, Azərbaycan xalqının suveren haqları bərpa olunanadək davam etdirilməlidir. Kömək etməyə hər an hazırıq. Ordumuza uğurlar arzulayıram”.

“Qovsaq, Ermənistana qədər qaçacaqlar”

I Qarabağ müharibəsi iştirakçısı, “Qurtuluş” batalyonunun komandiri olmuş Fuad Rzayev Cebhe.info-ya açıqlamasında Azərbaycan ordusunun keçirdiyi son əməliyyatları yüksək qiymətləndirdiyini bildirib: “Azərbaycan ordusu əməliyyatları dayandırmamalı, davam etdirməlidir. Əgər bir tərəfdə bu əməliyyatlara görə xaos yaranıbsa, onların özlərini formalaşdırmaları üçün vaxt lazım gəlir. Ermənilər də indi xaos içindədirlər və qaçaqaç düşüb. Əgər Azərbaycan iradə göstərib bu əməliyyatları davam etdirsə, istəklərinə nail olacaq. Ordunun canına ki, vəlvələ düşdüsə, bunu bərpa etməyə uzun vaxt lazım gəlir. Ermənilərə biz vaxt versək, özlərini torparlayıb yenə də üzərimizə hücum edəcəklər. Amma indi onları qovsaq, Ermənistana qədər qaçıb gedəcəklər. Heç olmasa, indiki halda əsas rayonlarımızı boşaltmalıyıq. Tərəfdarıyam ki, əməliyyatlar davam etdirilsin”.

“İnsanlar düşmən üzərinə ayaqyalın gedirlər”

Qarabağ qazisi Rey Kərimoğlu Cebhe.info-ya Azərbaycan ordusu və xalqında yüksək əhval-ruhiyyənin olduğunu bildirib: “Səfərbərlik Xidmətinin təşkilatçılığıyla 10-a yaxın hərbi yönümlü təşkilatın rəhbərləri cəbhə bölgəsinə gəlib. Göygöldə şəhidimizin dəfn mərasiminə qatıldıq, 10 mindən artıq insan bu mərasimdə iştirak etdi. Gəncədə də bir şəhidimizin yas mərasimində iştirak etdik. Cəbhə bölgəsində vətəndaşlarla görüşdük. Şəmistan Əlizamanlı da bizimlədir, o da insanlar üçün hərbi mahnılar oxudu. İnanırsınız ki, insanlar ayaq üstdə, elə vəziyyətdədirlər ki, işğal altında olan ərazilərimizə doğru ayaqyalın gedirlər. Çox gözəl ruh var. İnsanları ruhlandırmaq üçün maarifləndirmə işləri aparırıq. Ordumuzun son əməliyyatlarını da yüksək qiymətləndirirəm. Ordu çox peşəkarlıqla düşmənin hücum hədəflərini susdurur. Ermənilərin atəş nöqtələri ordumuz tərəfindən darmadağın edilib. Şəhidlərimiz də, itkilərimiz də, amma əldə olunan müsbət nəticələr də var. Sərkisyan da deyir kompromisə hazırdır. Ona inanmaq olmaz, yalan deyir. Uğur bizim tərəfdədir”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları