Yuxarı

Boş qalan 17 min tələbə yeri

Boş qalan 17 min  tələbə yeri

Gəncləri universitetdən niyə qovurlar?

Əjdər Ağayev: “İmkanı yoxdursa, ödənişli əsasları seçməməlidir”

Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin bir neçə gün əvvəl yaydığı açıqlamada bildirilirdi ki, 17 min tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə, ali məktəblərdən xaric olunub. Bu statistika son 3 ili əhatə edir. Əvvəlki illərdə təhsil haqqını ödəyə bilməyən tələbələrin bir çoxu banklardan kredit götürməklə bu problemi həll edə bilirdilərsə, artıq bu da mümkün deyil. 17 min tələbə, ayrı-ayrı sahələr üzrə 17 min kadr deməkdir. Belə çıxır ki, gələcəkdə kadr çatışmazlığı yaranacaq.

Təhsil Şurasının sədri Əjdər Ağayev “Cümhuriyət”ə bildirib ki, bazar iqtisadiyyatı şəraitində həyat öz qanunlarını, tələblərini ortaya qoyur və hər kəs ona tabe olmağa məcbur edir: “Əgər ali məktəbə qəbul olan tələbənin maliyyə imkanı yoxdursa, ixtisas seçimi edəndə ödənişli əsasları seçməməlidir. O şəxslər ödənişli əsasları seçir ki, onun pullu təhsil almaq imkanı var, yaxud onun qəyyumu var, ya da hansısa şirkət onun təhsil xərclərini qarşılayır. Gözüyumulu şəkildə harasa qəbul olub, sonra yəqin ki, ödənişimi edərəm təsəvvürü sonda bu nəticəyə gətirib çıxarır. Tələbələrin təhsil haqqının ödənilməsi ilə bağlı qanun hazırlanıb. Təəssüf ki, Milli Məclis bu qanuna baxmır, müzakirə etmir və gündəmdə də deyil. Əgər Milli Məclis  bu qanunu təsdiq etsə, o zaman hər bir tələbə qanuni olaraq müəyyənləşdirilmiş bir bankdan öz kreditini alar, mütəxəssis kimi yetişdikdən sonra müqaviləsinə əsasən işləyə-işləyə kreditini qaytara bilər. Dünyada bu təcrübə var. Vaxtında ödənişini edə bilməyən tələbələr təhsil alanda dövlətin kredit təminatından istifadə edir. Azərbaycanın iqtisadçı deputatları illərdir ki, bu qanunu hazırlayıb. Təəssüf ki, bu qanun hələ də müzakirə olunub təcili şəkildə qəbul edilmir. Hesab edirəm ki, bu qanun qüvvəyə minsə, bu problem həll oluna bilər”.

Ekspertin sözlərinə görə, iqtisadi böhran vəziyyətində təhsil alanlar öz qüvvələrinə, qəyyumlarına və onlara pul verə biləcək şirkətlərə inanmalıdırlar: “Burda da bir məsələ var ki, şirkətlər və yaxud qəyyumlar vəsaiti sabah mütəxəssis olaraq onlara gərəkli olan adamlara ayırırlar. Əgər təhsil alan şəxslər ödəniş edə bilmirsə, deməli, onların təhsilləri yüksək deyil, ortadır. Çünki universitetlərdə yüksək balla qəbul olunub, əla oxuyan tələbələrdən ödəniş tələb olunmur. İkincisi, əgər onlar əlaçı deyil, sadəcə 4-5 qiymətləri alırlarsa, ödəniş 50 faiz ixtisara gedir. Əgər 5-i çoxdursa, onda 25 faiz ödəniş tələb olunur. Hətta indi dövlətin qərarı çıxdı ki, ödənişli və ödənişsiz əsaslarla təhsil alan hər kəsə aprelin 1-dən təqaüd veriləcək. Müəyyən imkanlar və şərtlər var. Əgər tələbə oxumursa, yaxud zəif oxuyursa, istifadə etdiyi təhsil imkanlarından lazımınca bəhrələnmirsə və ödəniş haqqını verə bilmirsə, günah onun özünündür. Dövlət təhsil təminatı verib və universitetlər o şərtləri qoyub, əziyyət çəkib oxumaq lazımdır”.

Universitetlərdə yer boşluğuna gəlincə, Əjdər Ağayev bunun problem olmadığını bildirib: “Çünki bu, planlı təsərrüfat deyil. Buna görə də kadrların ixtisas hazırlığı kifayət qədərdir. 3 ildə 17 min o qədər də böyük rəqəm deyil. Çünki xaricdən yüksək təhsilli mütəxəssislər yetişib gəlir. Üstəgəl, Azərbaycanda çoxsaylı işçi tələb edən zavod, fabrik və iş sahəsi yoxdur. Mövcud iş yerləri yığcamdır və burda da kifayət qədər təmin olunan kadrlar var. Hesab edirəm ki, bur da həyəcan doğuracaq məqam deyil. Ali təhsil almaq istəyən hər kəs düşünməlidir ki, orta məktəbi formal başa vurmalı deyiləm, mükəmməl təhsil almalıyam və ali məktəbə girib yüksək səviyyədə oxumalıyam ki, öz təminatımı ödəyə bilim”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) mətbuat xidmətinin informasiya şöbəsinin müdiri Mənsur İbrahimli bildirib ki, tələbələrin təhsil haqqını ödəyə bilməməsi səbəbindən universitetdən xaric olunma ilə bağlı hal qeydə alınmayıb.

Bakı Dövlət Universitetin (BDU) mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova bildirib ki, tələbələr arasında təhsil haqqını ödəyə bilmədiyi üçün universitetdən xaric olunma halı qeydə alınmayıb: “Tələbələrə təhsil haqqını hissə-hissə ödəməyə şərait yaradılıb.

Buna görə də problemlə qarşılaşmırıq. Tutaq ki, jurnalistika fakültəsində illik təhsil haqqı 1000 manatdırsa, yarısını semestrin əvvəlində, yarısını da semestrin sonunda ödəyir. Universitet bu məsələyə həssas yanaşılır. Təhsil haqqını ödəyə bilmirsə sessiyaya buraxılmama məsələsi yoxdur. Ola bilsin ki, universitetdə nizam-intizam, akademik və digər məsələlərə görə xaric olunma olsun. Amma onlar sonradan yenidən bərpa olunur. Boloniya sisteminə görə tələbənin kəsiri olsa belə onu universitetdən çıxarmaq mümkün deyil. Onu da qeyd edək ki, Azərbaycanda dövlət müəssisələri içərisində təhsil haqqı ən az Bakı Dövlət Universitetindədir”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları