Yuxarı

Sürüşmə zonasında muzey tikilir

Sürüşmə zonasında muzey tikilir

“Ukrayna” dairəsində yaşıllıqlar məhv edilir Redaksiyaya Xətai rayonundan şikayət daxil olub. Qeyd olunur ki,“Ukrayna” dairəsi istiqamətində, Heydər Əliyev parkının yaxınlığında, magistral yolun kənarında yaşıllıqlar məhv edilir. İddialara görə, yolun kənarına yaxın ərazilər hasarlanaraq ağaclar kəsilir. Ərazinin sürüşmə zonası olduğu da bildirilir. Həmçinin, ərazidə muzeyin tikiləcəyi də ehtimal olunur. “Cümhuriyət” qəzeti məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib. Nazirliyin departament müfəttişi Nadir Əliyev ərazinin hasarlanması faktını təsdiqləyib. O bildirib ki, hasarlanan sahə Xətai rayonunda köhnə yol polis idarəsinin yanında gül mağazasının yeridir: “Hasarlanmış əraziyə baxış keçirildi. Çəpər çəkilmiş yerin içərisində 3 dənə Sərv ağacı var. Amma ağac kəsilmə faktı yoxdur. Tərəfimizdən həmin ərazidə olan yaşıllıqlar qeydiyyata götürüldü. Gələcəkdə nəsə olsa, qanuna müvafiq tədbir görəcəyik”. Ərazinin hansı səbəbdən hasarlanmasına gəlincə, Nadir Əliyev bildirib ki, sahəyə baxış keçirərkən heç kəs yox idi: “Araşdırmamız davam edir. Nəzarətə götürülmüş yerdən sənət əldə edəndən sonra hasarın içindəki ağaclar ərazi sahibinə qorunub mühafizə olunması üçün təhvil veriləcək. Gələcəkdə də hansısa kəsilmə, zədələnmə faktı olarsa, cərimə onların özünə yazılacaq ki, məhkəmədə “xəbərim yoxdur” deməsin”. Ərazinin sürüşmə zonası olmasına gəlincə, nazirlik rəsmisi bu barədə məlumatsız olduğunu deyib: “Əgər ora sürüşmə zonası olarsa, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tikinti üçün heç bir rəy verilmir. Araşdırmalardan sonra kim tərəfindən və hansı səbəblərdən hasarlandığı məlum olacaq. Ora muzey üçün elə də geniş ərazi sayılmır”. Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları