Yuxarı

Rəsmi təsdiq: Müharibə başladı, cinayətlər azaldı

Rəsmi təsdiq: Müharibə başladı, cinayətlər azaldı

Aprelin 2-dən etibarən cəbhə bölgəsində gərginliyin artmasının ölkənin kriminogen durumuna ciddi təsir göstərdiyi bildirilirdi. Sosial şəbəkələrdə ard-arda yayılan xəbərlərdə vurğulanırdı ki, insanların diqqət mərkəzi cəbhədəki hadisələrə yönəldiyindən həmin dövrdə hətta cinayət törədənlərin də sayı azalıb. Bəziləri isə daha da irəli gedərək  ümumiyyətlə, cinayət hadisələrinin sayında kəskin azalma olduğunu iddia edirdi. Səbəb kimi isə hər kəsin diqqətinin cəbhədəki vəziyyətə yönəlməsi göstərilirdi.

Təsdiqləndi: 265 daha az cinayət

Cebhe.info Daxili İşlər Nazirliyinin rəsmi saytına isitnadən 10 gün müddətində, aprelin 2-dən 12-nə qədər olan dövr üçün ölkə üzrə baş verən cinayət hadisələrinin statistikasını toplayıb. Məlum olub ki, aprel ayının ilk ongünlüyündə respublikada baş verən cinayət faktlarının sayı 820 olub. Bu isə mart ayının müvafiq dövrü ilə müqayisədə azdır. Belə ki, 2-12 mart tarixində ölkədə 1085 cinayət hadisəsi baş verib. Başqa sözlə desək, mart  ayı ilə müqayisədə aprelin 2-12-də 265 daha az cinayət törədilib.

Müharibə başladı, cinayətlər azaldı

Daxili İşlər Nazirliyinin məlumatlarına diqqət yetirək:

*Aprelin 2-də gün ərzində 80 cinayət faktı qeydə alınıb. Onların 16-sı “isti izlər”lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 4 nəfər isə yaralanıb. Bundan əlavə daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə isə, 21 nəfər tutulub.

*Aprelin 3-də gün ərzində qeydə alınan cinayət faktlarının sayı daha az olub. 64 cinayət faktı qeydə alınıb ki, onların da 10-u “isti izlər”lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Ölkə üzrə umumi olaraq 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər yaralanıb. Narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatla bağlı isə 1 fakt müəyyən edilib. Müxtəlif cinayət hadisəsi törədənlərin sayı isə 21 nəfər olub.

*Aprelin 4-də törədilən cinayətlərin sayında yenidən artım müşahidə olunub. Gün ərzində 80 cinayət faktı törədilib. Onların 22-si “isti izlər”lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 13 nəfər yaralanıb. Narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törədənlərin sayı isə 27 nəfər olub.

*Aprelin 5-də 78 cinayət faktı qeydə alınıb, yəni cüzi azalma. Onların da 25-i “isti izlər”lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər yaralanıb. Narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. 29 nəfər isə müxtəlif cinayət törətdiklərinə görə tutulub.

*Aprelin 6-da gün ərzində cinayət faktlarının sayı dəyişməyib. 78 cinayət hadisəsi baş verib. Həmin cinayət faktlarının 20-si “isti izlər”lə açılıb. Axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər yaralanıb. Narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilib. Cinayət törədən 30 nəfər həbs edilib.

*Aprelin 7-də təkrar azalma qeydə alınıb. 69 cinayət faktı qeydə alınıb, onların da 17-si “isti izlər”lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutulub. 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər yaralanıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt aşkar edilib. Cinayət törədən 27 nəfər tutulub. *Aprelin 8-də 71 cinayət hadisəsi törədilib. 23 cinayət faktı “isti izlər”lə açılıb. Axtarılan 37 nəfər tutulub. 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər dünyasını dəyişib, 21 nəfər isə yaralanıb. Narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. 57 nəfər cinayət törətdiklərinə görə tutulub.

*Aprelin 9-da 65 cinayət faktı qeydə alınıb, onların da 16-sı “isti izlər”lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib. Cinayət törətdiyinə görə 23 nəfər tutulub.

*Aprelin 10-da 51 cinayət hadisəsi olub, onların da 10-u “isti izlər”lə açılıb. Axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 6 nəfər yaralanıb. 2 fakt isə narkotiklərlə əlaqəli olub. Cinayət törətdiklərinə görə, 18 nəfər tutulub.

*Aprelin 11-də cinayət hadisələrinin sayında artım özünü göstərib. Həm də az olmayan artım. 102 cinayət faktı qeydə alınıb, onların da 21-i “isti izlər”lə açılıb. 23 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib. 38 nəfər isə müxtəlif cinayət hadisə törətdiklərinə görə tutulub.

*Aprelin 12-də 82 cinayət faktı qeydə alınıb, onların da 21-i “isti izlər”lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 22 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. 39 nəfər cinayətkar isə tutulub.

Aprelin 5-ə qədər hamı müharibəyə köklənib

Keçmiş polis zabiti, hüquqşünas Mahmud Hacıyev “Cümhuriyət”ə açıqlamasında deyib ki, aprel ayının 5-nə kimi olan dövr ərzində ölkənin kriminal vəziyyətində  durğunluq müşahidə olunub: “Həqiqətən də bir durğunluq oldu. Bu da sırf vətənpərvərçiliklə, millətçiliklə bağlı idi. Cinayət törətməyə meyli olsa da, kriminal aləmdə avtoritar olsa da, bu ölkədə yaşayan bir insan kimi cinayətkarlarda da bir vətənpərvərlik, millətçilik hissi olur. Aydın məsələdir ki, tam kriminal aləmə meyilli adamdır, cəbhə bölgəsində müharibə gedirsə, o da millətimizdəndir. Cinayətkar olanda nə olar? Bu torpağın vətəndaşıdır və bu torpaqda yaşayan millətdəndir. Belə şeylər mütləq qaydada təsir edir. Demirəm ki, 100 faiz, amma 50-50-nin nisbətində təsiri var. Bir də mövcud durumda hamının nəzər diqqəti hüquq-mühafizə orqanlarına yönəlib. Ola bilər ki, hadisələrin gedişində də çox dəqiqlik aparılmır. Qanunauyğunluq nöqteyi-nəzərdən götürsək dəqiqlik yoxdur. Çünki hüquq-mühafizə orqanları və böyük güc strukturlarının diqqəti cəbhə bölgələrinə yönəlir.

Ola bilsin ki, müəyyən dəqiqləşmələr aparılandan sonra hiss olunacaq müəyyən kriminal hadisələr də var. Amma bu, əvvəlki qədər çox deyil, azdır”.

“Oğurluq etməkdənsə, gedib vuruşaram”

Ekspert qeyd edib ki, müharibə illərində hətta cinayətkarlardan ibarət batalyonlar təşkil olunub: “Böyük Vətən Müharibəsi illərində Stalinin əmri ilə kriminal aləmə meyillilər və yaxud da məhkumluqdan təzə çıxanlardan cərimə batalyonu  təşkil olundu. O batalyonda təmsil olunanlar Berlinə qədər getdilər və sonda Sovet İttifaqı Qəhrəmanı adı alanlar oldu. Heç o adı özlərinə sığışdırmadılar.

Çünki onların arasında “qanuni oğru”lar vardı . Cəmi bir nəfər bu adı qəbul etdi - Ziya Bunyadov idi. Nədənsə onun da adı cərimə batalyonuna düşmüşdü. Sovet İttifaqı Qəhrəmanı adını da orada alıb. Stalinin dövründə hətta kaloniyada yatanlardan batalyon təşkil olunub. Onlar döyüşlərdə kifayət qədər şücaət göstəriblər. Yəni, yerdə qalanlardan əskik vuruşmayıblar. Tarixən belə faktlar olubsa, indiki müharibə şəraitinə də təsiri qaçılmazdır. Cinayətkar olanda nə olar, fikirləşir ki, millətimin torpağıdır. Gedib oğurluq etməkdənsə, gedib torpaqlarımda vuruşaram və ya prosesləri izləmək lazımdır ki, görüm hadisələrin axırı necə olacaq”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları