Yuxarı

“Qız qalası”nın adı dəyişdirilir?

“Qız qalası”nın adı dəyişdirilir?

Dilimizə, leksikonumuza yeni sözlərin, taximizə yeni adların daxil olması ilə eyni zamanda geniş müzakirəyə səbəb olan dəyişikliklər məsələsi də gündəmə gəlir. Son zamanlar ölkə himni, hətta son günlər ilin aylarının adlarının dəyişdirilməsi ilə bağlı təkliflər bu qəbildəndir. Bu müzakirələr sırasına Bakının baş tacı olan, tarixi abidə “Qız qalası” nın adının dəyişdirilməs barədə təkliflər də qoşulub. Bəziləri qalanı “Quz qalası”-“Ğuz-Oğuz qalası”, bəziləri “Göz qalası”, yuxarıdan baxarkən butaya bənzədiyi üçün “Buta qalası” kimi dəyərləndirib və tarixi bir abidənin üzərindən “Qız” sözünün götürülməsinin, tarixi bir qalanın adının bir qızın intiharı ilə bağlanmasının əleyhinə çıxırlar.

Tanınmış ziyalı Firudin Gilarbəyli bu müzakirələri tariximizə qarşı qəsd kimi qiymətləndirib:

“Bununla bağlı çox müzakirələr gedib. Bəzən bunu “Quz qalası”, yəni “Oğuz qalası” kimi də qeyd ediblər. Amma bu, hələ tarixi faktlarla sübuta yetirilməyib. Əgər “Qız qalası”nın adının dəyişdirilməsini istəyirlərsə, tarixçilərimizin bunun kökünü araşdırsınlar, müəyyənləşdirsinlər.

O zaman dedikləri təsdiqini tapar. Bir dilçi dostum vardı o da öz məqaləsində bunu “Göz qalası” kimi yazmışdı. Yəni, gözətçi məqsədilə yaradılmış bir qala. “Qız qalası”, Koroğlu qalası, “Oğlan qalası” adında çox abidələrimiz var. O zaman onun hamısın dəyişməkmi lazımdır? Mən bu fikirlərin əsasını qoymuş Cəfər Cabbarlını heç vaxt bağışlaya bilmirəm ki, belə bir murdar əfsanə qoyub getdi. Güya qızın atasının qızına gözü düşür və s. Mən başa düşə bilmirəm Cəfər Cabbarlı o poemanı hansı ağılla yazıb? Elə məhz bu müzakirələr də o poemadan qaynaqlanır. “Qız qalası” Bakımızın tacıdır, hətta tacın da başında olan bir brilliantdır. Bunu müzakirə edənlərə demək lazımdır ki, 4-5 il bundan qabaq qız qalasından Mamed adında kişi özünü atmışdı. İndi adın dəyişib qoyaq Mamed qalası? Bu, düzgün yanaşma deyil. Mən birmənalı olaraq qalanın adının dəyişdirilməsinə, ümumiyyətlə bunun müzakirəsinə qarşıyam”.

Azərbaycan Milli Elmlər Akademiyasında Folklor İnstitunun Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru Seyfəddin Rzasoy isə Cebhe.info-ya bildirib ki, qız qalasının Oğuz qalası ilə bağlı heç bir bağlılığı yoxdur:

“Azərbaycanın bütün tarixi ərazilərdə, şimallı-cənublu torpaqlarımızda çoxsaylı qız və oğlan qalaları var. Bu qız və oğlan qalaları nədir bəs? 5-7 min il bundan qabaq qızları və oğlanları az yaşlarında ailələrindən alıb qızları ayrı, oğlanları ayrı qalaya yerləşdirirdilər. Burada isə qızlara qadın olmağı, oğlana isə əsl kişi olmağı tədris edirdilər. Bu barədə Vladimir Proppun kitablarında daha çox rast gələ bilərik. Buna bizim “Koroğlu” dastanında da rast gəlinir. Çənlibelə baxaq, “Oğlan qala” xarakteri daşıyır. Yəni, bunların tariximizə bağlılığı var. Lap tutaq ki, “Qız qalası”nı dəyişib etdik Oğuz qalası, bəs digərləri? “Oğuz qalası” olması hələ sual altındadır. Əgər “Oğuz qalası”dırsa, oğuzların memarlıq abidəsi olsaydı, gərək oğuzların yayıldığı ərazilərdə bu qalanın anologiyalarına da rast gəlinəydi. Amma belə bir fakt, reallıq yoxdur. Bu bir tək Bakıda var. “Qız qalası” bu qalanın bakirəliyinə, alınmaz bir qala olmağına istinad edir. Yəni, adının “Qız qalası” olması o qalanın alınmaz olduğuna da işarədir. Bu kimi müzakirələr tamamilə əsassızdır”.

Rövşən Əsədov





Həftənin ən çox oxunanları