Yuxarı

Bayrağımızın yüksəldiyi gün

Bayrağımızın yüksəldiyi gün

Bu gün 28 May Respublika günüdür. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 98 il ötür.

Müsəlman Şərqində ilk parlamentli və demokratik respublika olan AXC həmçinin Türk və İslam dünyasında ilk hüquqi və dünyəvi dövlət nümunəsi olub. AXC mayın 27-də 1918-ci ildə Tiflis şəhərində Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib. İrəvan şəhəri və quberniya əraziləri güzəştə gedildikdən sonra 1918-ci il mayın 28-də özünün müstəqilliyini elan edən Azərbaycan Cümhuriyyətinin ərazisi 114 min kv.km təşkil edib. Mayın 30-da Cümhuriyyətin yaranması haqqında dünya dövlətlərinə radioteleqramlar göndərildi.

Radioteleqramlar İstanbula, Berlinə, Vyanaya, Parisə, Londona, Romaya, Vaşinqtona, Sofiyaya, Buxarestə, Tehrana, Madridə, Moskvaya, Stokholma, Tokioya və digər paytaxtlara göndərilmişdi. Mayın 27-də müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yarandı. Səs çoxluğu ilə Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri seçildi. 1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Fətəlixan Xoyskinin başçılığı ilə AXC hökuməti təşkil olundu. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, şərq dünyasənda ilk dəfə olaraq respublika qurdu.

İyunun 17-də Azərbaycan Milli Şurasının iclasında M.Ə.Rəsulzadə öz nitqində deyirdi:

“Dünya müharibəsi və Rusiya inqilabının təsiri ilə yeni doğulmuş və həyat siyasətinə ilk qədəm basmış olan Azərbaycan qayəsi əhatə olunmaz mühüm dəqiqələr keçirir. Bu yeni türk nüzad siyasəti rişə və buluğ bulub da millətlər zümrəsinə vəsail-həyat olaraq girə biləcək, yoxsa sısqa çocuq kimi südəmər halında tərki-həyat edəcəkdir? İştə bütün zehinləri işğal edən bir məsələ! İştə bir zaman ki, müqəddarat milliliyi əllərinə alanlar üçün Azərbaycan nüzadini tələf etdirməmək kimi müşkül, fəqət müşküllüyü ilə bərabər şərəfli bir vəzifə və məsuliyyət tərtib ediyor”.

Xalq Cümhuriyyəti özünün dövlətçilik əsasları və demokratik islahatları ilə müsləman Şərqinin mayakı rolun oynamağı bacardı. AXC böyük bir coğrafiyanın siyasi həyatında mühüm rol oynadı, Cümhuriyyətin fəaliyyəti sayəsində dövlətçilik tariximizin əsasları daha da zənginləşdi. Ötən əsrin ilk iyirmi ili bir sıra xalqların həyatında mühüm hadisələrlə yadda qaldığı kimi Azərbaycan xalqının da tarixində silinməz izlər qoydu. Bu, o dövr idi ki, çar Rusiyasının devrilməsinin ardından “xalqlar həbsxanası” sayılan böyük bir imperiyanın təsirində olan millətlər öz müstəqillikləri uğrunda mübarizəyə qalxır, istiqlaliyyətləri üçün mücadilə aparırdılar.

Cəmi 23 ay yaşayan Cümhuriyyət dövlət quruculuğu sahəsində mühüm qərarları ilə yadda qaldı. 1918-ci il iyunun 26-da Xalq Cümhuriyyətinin hökuməti Azərbaycanın ilk Milli Ordu hissəsinin - əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul etdi. Keçmiş çar Rusiyası ordusunun generallarından Səməd bəy Mehmandarov hərbi nazir, Əliağa Şıxlinski hərbi nazirin müavini təyin edildilər. Həmin ayın 27-də isə Azərbaycanın tarixində ilk dəfə olaraq Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında qərar qəbul olundu. 2 iyul 1918-ci il tarixdə isə Nazirlər Şurasının sədri və daxili işlər naziri Fətəli xan Xoyski ölkədə ilk polis bölümünün yaradılması barədə əmr verdi. 1918-ci il noyabrın 9-da Azərbaycanın indiki üçrəngli dövlət bayrağı qəbul edildi. Eyni zamanda, Azərbaycan vətəndaşları haqqında qanun da qəbul olundu.

Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ayda həm də xalqımızı dünyaya tanıtmaqla mühüm bir tarixi missiyanı yerinə yetirmiş oldu. Yürüdülən xarici siyasətinin ən önəmli uğurlarından biri kimi Versal Ali Şurası tərəfindən 1920-ci ilin yanvarında Azərbaycanın de-fakto müstəqil dövlət kimi tanınmasına nail olunması xüsusi qeyd edilməlidir. Bir məqama xüsusi diqqət yetirmək lazımdır ki, iqtisadi, ictimai- siyasi və sosial münasibətlər sahələrində vətəndaşların hüquqlarının təmin və müdafiə olunmasına yönəldilmiş qərar və tədbirlərin tərkibində vətəndaşların vicdan azadlığı məsələsi xüsusi yer tuturdu. Məlum olduğu kimi, o dönəmdə ən demokratik idarəetmə sisteminə malik olan dövlətlərdə belə vicdan azadlığı məsələsində kifayət qədər boşluqlar və çatışmazlıqlar mövcud idi. Amma Azərbaycan Xalq Cümhuriyyəti bu məsələyə xüsusi diqqət yetirmiş, hökumət və parlament vicdan azadlığı haqqında ayrıca dekret və ya qərar qəbul etməyə müvəffəq olmasa da, ayrı-ayrı qanun və qərarlarda bu məsələ öz əksini tapıb. AXC-nin şanlı tarixindən bəhs edərkən milli dövlətçilik nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edən bir məsələyə xüsusi diqqət yetirmək lazımdır.

Belə ki, Cümhuriyyət parlamenti milli dövlətçiliyin gücləndirilməsi üçün böyük əhəmiyyət daşıyan - xalq maarifinin inkişafına çox mühüm təkan verən vəzifələrdən birini reallaşdırdı. Parlamentin 1919-cu ildə Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanun xüsusi əhəmiyyətə malikdir. AXC hökuməti Azərbaycan dilinə dövlət dili statusu verdi və digər dövlət orqanları ilə yanaşı, məhkəmə sisteminin də dövlət dilində fəaliyyət göstərməsi haqqında qərar qəbul etdi. 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelin 28-də Sovet Rusiyası tərəfindən devrildi.

 





Həftənin ən çox oxunanları