Yuxarı

Cahangir Hacıyevin azadlığa gedən yolu açıldı

Cahangir Hacıyevin azadlığa gedən yolu açıldı

Sabiq bankirin buraxılmasına hazırlıq gedir

“Azərbaycan Beynəlxalq Bankı” ASC-in işi üzrə həbs olunan 3 nəfər barəsində həbs-qətimkan tədbiri dəyişdirilib. Vəkil Kamandar Nəsibovun verdiyi məlumata görə, bankın Dubay filialının keçmiş müdiri Adil Hüseynov, Mingəçevir “İzolit” ASC-nin İdarə Heyətinin sədri Mehman Mehdiyev və “Riyad-Farm”ın icraçı direktoru Aqil Quliyev azadlığa çıxıb. Nərimanov rayon Məhkəməsində həmin şəxslər barəsində seçilən həbs qətimkan tədbiri ləğv edilib, onların barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Azadlığa çıxan şəxslərin istintaqı isə bir müddət də uzadıla bilər. Vəkilin sözlərinə görə, bu cür praktika Azərbaycanda yeni sayıla bilər.

Bu iş üzrə ev dustaqlığına buraxılan “açar” fiqurlardan biri şübhəsiz ki, Hacı Məmmədovun bandasının öldürdüyü “Qara polkovnik” ləqəbli Fətullah Hüseynovun oğlu Adil Hüseynovdur.

O, Dubay filialının rəhbəri kimi Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin bu ölkədəki biznesindən məsul şəxs olub.

A.Hüseynovun şərti azadlığa buraxılması isə C.Hacıyevin azadlığa buraxılmasına gətirib çıxara bilər ki, bu da sabiq milli təhlükəsizlik naziri (MTN) Eldar Mahmudovun qarşısındakı maneələrin azalmasına gətirib çıxara bilər.

Vəkil K.Nəsibov həmçinin əlavə edib ki, A.Hüseynovun işi heç kimin həbsə atılmasına, yaxud azad edilməsinə şərait yarada bilməz. A.Hüseynovla heç bir manat mənimsəməyib və yalnız “Beynəlxalq Bankın” keçmiş müdiriyyəti Emil Mustafayevin tapşırığı əsasında zavodların tikilməsinə ayırıb. Bu gün isə heç bir istintaqda sübut yoxdur ki, A.Hüseynov vəsait mənimsəyib.

“Eldar Mahmudovun ayağında bir sıra qətllər var”

Bununla bağlı “Cümhuriyət” qəzetinə açıqlama verən “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu bildirib ki, hazırki vəziyyətdə heç nə istisna edilmir. Əgər haqqında bu qədər cinayət işi olan, ölkədə faktiki olaraq iqtisadiyyatın dağılmasında iştirakı olan, qanunsuzluq və quldurluqda əli olan MTN rəhbərləri azadlıqdadırlarsa, C.Hacıyev niyə həbs olunmalıdır?! Hansı ki, MTN rəhbərlərinində bilavasitə olaraq Beynəlxalq bankla bağlı fırıldaqda əlaqəsi olub. Bütün bu cinayətkar dəstəni kifayət qədər yüksək təbəqədə və kifayət qədər təsirli güclər himayə edir. Buna görə, C.Hacıyevin azadlığa buraxılması istisna deyil. Əgər C.Hacıyev azadlığa buraxılarsa, sabiq nazir E.Mahmudovla bağlı irəli sürülməsi nəzərdə tutulan və yaxud iddia olunan bir çox ittihamların aradan qalxmasına səbəb ola bilər. Təbii ki, bu, sabiq nazirin vəziyyətinin yüngülləşməsi deməkdir. Baxmayaraq ki, bununla bağlı istintaq hərəkətləri də demək olar ki, aparılmır və bu barədə ictimaiyyətə heç bir məlumat verilmir. Ə.Oruclu əlavə edib ki, sabiq naziri cəzalandırmaq üçün C.Hacıyevin hansısa ifadələrinə ehtiyac yoxdur.

Əgər E.Mahmudovu həbs etmək istəsəydilər, onun rəhbərlik etdiyi nazirliyin ayağında ağır cinayətlər, hətta qətllər var və bununla bağlı o çoxdan həbsxanada olmalı idi. Ə.Oruclu hesab edir ki, hakimiyyətin daxilində ciddi çəkişmə var və hətta E.Mahmudov, C.Hacıyev kimi vəzifədən vurulmuş adamlardan biznes şərikliyi olmuş digərləri (vəzifə başında olan şəxslər), onlardan bir vasitəçi, portnyor kimi istifadə etməyi düşünür və öz təsirlərindən də istifadə edərək E.Mahmudov və C.Hacıyevi himayə edir.

Odər Qəni





Həftənin ən çox oxunanları