Yuxarı

AXCP sədri: "Allah Azərbaycana hər sərvət verib, amma xalq kasıbdır"

AXCP sədri:

AXCP sədri Müqəddəs Ramazan ayı ilə bağlı xalqa təbrik ünvanlayıb.

Təbrikdə deyilir: "Xalqımızı, bütün dostlarımı, cəmi din əhlini mübarək Ramazani-Şərif münasibətilə təbrik edirəm və onlara diləklərinin hasil olmasını arzulayıram.

Bu müqəddəs ay ilahi rəhmət, əfv və bağışlama üçün mənəvi rahatlıq fürsətidir. Başımızın tacı və dini bələdçimiz Qurani-Kərim də bu mübarək ayda nazil olub. Oruc tutmaq mənən və cismən təmizlənmək və ruha qida verməkdir.

Bu ay elə bir aydır ki, milyonlarla müsəlman bütün günlərin ən fəzilətlisi, ən xeyirlisi olan Qədr gecəsini gözləyir.

Bu ay həm də acların, ehtiyac içində olanların və məhrumiyyətlər yaşayan kəslərin ümid çırağıdır. İftar, təravih və sahur hər bir müsəlmanın fərzidir, amma bu ayda ehtiyacı olanlara kömək etmək daha böyük fərzdir. Belə bir çətin və ağır sosial-iqtisadi durumumuzda, ümid edirəm ki, imkanlı şəxslər qəlblərinin şəfqət qapısını açacaqlar. Peyğəmbərimiz Ramazani-Şərifdə "Hansı sədəqə əcr baxımından daha böyükdür?" deyə sual edildikdə "Ramazani-Şərifdə verilən sədəqə..." buyurmuşdur.

Kaş ki, bu gün xalqımızın sədəqə ummaq yox, başqa ölkələrdə olan müsəlman və qeyri-müsəlman qardaşlarımıza sədəqə vermək imkanı olaydı. Allah-təala Azərbaycana hər bir sərvət verib, altı qara qızıl, üstü də, amma xalq kasıbdır. Arzumdur ki, bu müqəddəs ayda Azərbaycan sosial və iqtisadi bəlalardan xilas olsun, dövlətdə əsas xalqın iradəsi və istəyi keçsin.

Bu müqəddəs ayda səngərlərdə yatıb duran, azğın və mənfur düşməndən torpaqlarımızı qoruyan Azərbaycan əsgərlərinə, zabitlərinə, hərbi mundir geyinən hər kəsə Allahdan can sağlığı və düşmən gülləsindən qorunmağı arzu edirəm. Qoy uca Tanrı onlara sağ-salamat ailələrinin yanına dönməyi nəsib etsin!

Dağlıq-Qarabağ mənfur düşmənin işğalındadır. Bu müqəddəs ay qoy iki onillikdir ki, yurdundan didərgin düşən bacı və qardaşlarımızın öz doğma ocaqlarına qayıtmasına kömək olsun. Ramazani-Şərifiniz mübarək!"





Həftənin ən çox oxunanları