Yuxarı

Məktəb direktorlarına yeyinti İTTİHAMI

Məktəb direktorlarına yeyinti İTTİHAMI

“Məşğələ saatlarının pulunu “yeyir”lər”

“Qəbuldakı uğurlu nəticə məktəbin göstəricisi deyil»

Kamran Əsədov: “Repetitorlar vergiyə cəlb olunmalıdır”

Təhsil cəmiyyətin formalaşmasında və inkişafında mühüm rol oynayır. Mütəxəssislər  Azərbaycan təhsilinin səviyyəsini çox aşağı qiymətləndirir və bunu bir sıra amillərlə əlaqələndirirlər. Tədrisin keyfiyyəti, müəllimlərin şagirdlərə laqeyd münasibəti, məktəblilərin keyfiyyətli təhsil almamaları kimi hallar cəmiyyətdə narazılıq doğurur. Ekspertlərin sözlərinə görə, şagirdlərin tələbə adını qazanmasında orta məktəblər deyil, valideynlərinin vəsaiti hesabına onlara əlavə dərs keçən repititorlar rol oynayır.

Təhsil üzrə ekspert Kamran Əsədov “Cümhuriyət” qəzetinə deyib ki, şagird orta məktəb bilikləri ilə qəbul imtahanlarında iştirak etsə, heç 100 bal da toplaya bilməz: “Həmişə demişəm, yenə də deyirəm… Azərbaycan orta məktəbinin şagirdləri ali məktəbə hazırlaşmağa hazır deyillər. Onların bilik səviyyələri birbaşa ali məktəblərə sənəd vermək gücündə deyil. Ona görə ki, orta məktəbdəki tədris prosesi ali məktəblərə qəbul üzərində qurulmayıb. Orta məktəbin səlahiyyətləri və vəzifəsi o deyil ki, ali məktəbə uşaq hazırlasın. “Təhsil haqqında” Qanuna görə məktəbin vəzifəsi nümunəvi şagird və vətəndaş hazırlamaqdır. Amma bu göstəriciyə görə şagird tələbə adını qazanmır. Tələbə adını qazanmaq üçün şagird 4-5 qrupdan birinin tələblərini ödəməli və tələbə adını qazanmalıdır. Bunun üçün o valideyninin vəsaiti ilə dərsdən sonra repititor yanına hazırlığa gedir. Amma burada maraqlı məqam ondan ibarətdir ki, hər il ölkə rəhbərliyi 50 müəllim və orta məktəbə ən yaxşı adla bağlı mükafat verir. Qəbul zamanı şagirdin yüksək bal toplamasına görə həmin müəllim və məktəblər mükafatlandırılır. Amma hansı şagird öz müəlliminin yanına hazırlığa gedir? Əslində, bu düzgün deyil. Bu gün şagirdləri yüksək faizi ya repititorların, ya da hazırlıq kurslarının hesabına ali məktəblərə qəbul olur. 10-15 il əvvəl bu var idi. Amma indi bu sistemlə ali məktəblərə qəbul həyata keçmir. Qəbul imtahanlarında istifadə olunan test modelləri olduqca çətindir. Abituriyent özbaşına onu oxuyub nəticə əldə edə bilməz”. Ekspertin fikrincə, şagirdlər hal-hazırk qaydadamüstəqil şəkildə hazırlaşıb ali məktəblərə daxil ola bilməz: “Orta məktəblərdəki şagirdlərin bilik səviyyəsinə baxsaq, öz ana dilimizdən uşaqların 70 faizi “2” alırlar.

Orta məktəb göstəricisi budur. 9 illik təhsili bitirənlərin 50 faizi öz ana dilini bilmir. Qəbuldakı uğurlu göstərici orta məktəblərin göstəricisi deyil, repititorların göstəricisidir. Düzdür, orta məktəblərin vəzifəsi qəbula uşaq hazırlaşdırmaq deyil. Amma 9-cu sinifdən sonra artıq orta məktəblər təmayülləşir və orada bu və ya digər fənlərə ağırlıq verilir. Məktəbin təmayül siniflərdə dərsdən sonrakı vaxtları uşaqlara səmərəli istifadə olunmalıdır”. Kamran Əsədov dərsdən sonra əlavə məşğuliyyət saatlarına da toxunub. O deyib ki, təəssüflər olsun ki, məktəb rəhbərliyi həmin məşğələ saatlarının pullarını yeyir və uşaqlar bundan məhrum olurlar: “Əgər həmin məşğələ saatlarından şagirdlərə səmərəli istifadə olunarsa, onların əlavə olaraq repititor yanına getməyə ehtiyacı qalmaz. Valideyn bir qrupa daxil olan fənnlər üzrə övladını müəllim yanına qoyursa, bu aylıq 400-500 manat pul itkisidir. Bu il ərzində valideynin 5 min manata qədər vəsaitinin əlindən çıxması deməkdir. Halbuki dövlət bunu təmin edir və büdcəsindən hazırlıq dərslərini keçir. Hesab edirəm ki, məktəblərdə məşğələlərin dərsdən sonra qanuni tətbiq edilməsi bərpa olunmalıdır”. Ekspert qeyd edib ki, bütün qəbul proqramı ümumilikdə orta məktəb proqramı əsasında həyata keçirilir. Ali məktəbə qəbul olmaq üçün orta məktəb dərslikləri, fənlər və testlər istifadə olunur. Yəni hər hansı əlavə bilik keçirilmir. Əksinə repititorlar proqramı daha yığcam və daha qısa keçirlər: “Repitirorlar daha çox əzbərçiliyə üstünlük verirlər. Burada repetitorların maliyyə məsələlərinə də diqqət yetirmək lazımdır. Hesab edirəm ki, hər kəs dövlətə öz sevgisini vergi ilə bildirməlidir. Repititorlar da gedib özlərinə VÖEN açdırmalı və gəliri əsasında dövlətimizə vergisini verməlidir. Bu da qanunla tənzimlənməyib deyə hələ də bu, boşluq olaraq qalır. Bu gün Azərbaycan təhsilində hər hansı uğur və nəticə varsa, bunun üçün onlar repetitorlara minnətdar olmalıdır. Ona görə də ilin ən yaxşı müəllimi və məktəbi adına mükafatını repetitortlara vermək lazımdır”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları