Yuxarı

Generalın zindana gedən yolu

Generalın zindana gedən yolu

Eldar Mahmudov azadlıqda son günlərini sayır

Zahid Oruc: “Onda dərketmə qalıbsa, xəyanətlərini etiraf etməlidir”

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi və bu qurumun keçmiş rəhbəri, general Eldar Mahmudov ətrafında cərəyan edən hadisələr başa çatmaq bilmir. Hər gün Mahmudovun adının hallandığı yeni cinayət faktları üzə çıxır. Bunların sırasında “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov, yazıçı Rafiq Tağı qətlləri, sahibkarlardan şantaj yolu ilə külli miqdarda maddi vəsaitlərin ələ keçirilməsi, həmçinin bir sıra nazirlərin şantaj olunmaları bu qəbildəndir.

MTN-nin keçmiş əməkdaşı Ərəstun Oruclu isə “qorxulu general”ın daha bir cinayət əməlini ifşa etdi. Ə.Oruclu Eldar Mahmudovda 2800-dən çox şəxs haqqında təkcə seks videolarının olduğunu dedi və qeyd etdi ki, bu adamların çoxu vəzifəli şəxslərdir. Onlar arasında deputatlar, icra başçıları, nazirlər var.

General “qırmızı xətt”i keçəndə dayandırılıb

MTN və Mahmudov ətrafında baş verənlərin ilginc tərəfi cinayət faktlarının ifşa olunması yox, bunların vaxtında aşkar edilərək ortaya çıxarılmamasıdır. Sual yaranır ki, niyə MTN ləğv edilərək Mahmudov istefaya göndərildikdən sonra cinayətlər üzə çıxdı? Niyə fəaliyyəti dönəmində general vurulmadı?

Çox güman ki, MTN-ə alternativ olan təhlükəsizlik strukturları Mahmudovu ifşa etmək üçün bir gözlənti içində olublar və general “qırmızı xətti” keçmək istəyəndə dayandırılıb. Şübhəsiz ki, müzakirə mövzusu siyasidir. Görünən də odur ki, şantaj yollarıyla özü üçün şişmiş maddi büdcə yaradan Mahmudov sonradan bunu hakimiyyətin ən yuxarı pilləsinədək qalxmaq planı üçün sərf etməyə çalışıb. Həmin vaxtadək izlənmə altında olub və atdığı ən böyük səhv addım onu “yandırıb”.

“Məsələ o qədər də sadə deyil”

Millət vəkili Zahid Oruc “Cümhuriyət”ə bildirib ki, kəşfiyyat strukturları, təhlükəsizlik orqanları üçün hansı məsələlərin dövlət mənafeləri üçün aparıldığının sərhədlərini çəkmək o qədər də asan olmur.

Z.Oruc Eldar Mahmudov ətrafında baş verən proseslərin o qədər də sadə olmadığını deyib: “Məsələ sadə deyil. Milli Təhlükəsizlik Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi kimi gündəlik aqrar işlərlə məşğul olan qurum deyildi. Fəaliyyət diapozonuna görə o müxtəlif xarici kampaniyalarla işgüzar münasibətlərdə olur. Azərbaycanın xarici əlaqələrindən tutmuş digər məsələlər də MTN-nin maraq sahəsində ola bilərdi. Belə olan halda əməliyyat məlumatları daxil olur və hansısa şəxs izlənməyə götürülürsə, bu zaman həmin insanın şəxsi həyatı da kameranın obyektivinə düşür. Amma total olaraq, bütün milləti dinləməyə qoymaq olmaz”.

“Eldar Mahmudov xəyanətini etiraf etməlidir”

Zahid Oruc hesab edir ki, Eldar Mahmudovun cinayətlərinə və digər əməllərinə niyə reaksiyanın verilməməsində iki xarakter ola bilər: “Əgər şəxsi həyata bağlı informasiyalar dövlət maraqlarını əks etdirməyəndə istənilən qurum kriminal, cinayətkar vəziyyətə gəlib çıxmış olur. Amma sual oluna bilər ki, həmin şəxslər öz həyatlarından niyə bu qədər kənara çıxırdılar ki, MTN olmasın, olsun başqaları onları izləyiblər? Ancaq heç kəs bu qurumun fəaliyyətini bu məsələyə görə qınamır. Qurumun başlıca hədəflərini nə təşkil edir? Sahibkar ordusuna qarşı total yağmalama, əmlak ələ keçirmələr, xarici agentura mərkəzləri ilə birgə davranışlar, dövlətin müvafiq orqan və onun rəhbərlərinə qarşı daim informasiya məkanında  hədələyici materialların qabardılması, hakimiyyət daxili məsələlərin xarici dünyaya ötürülməsi, Azərbaycan rəhbərliyinin həmişə özünü müdafiə vəziyyətində qalması kimi hallardan istifadə edərək “qəhrəmanlıqlar” edib bir dövlət strukturu kimi özlərinin başqaları üzərində imperativ gücünü nümayiş etdirmək baş verdi. Biz MTN-çilərin kimlərinsə evlərinin kandarına hansı dərəcədə yaxınlaşmalarının davasını aparmırıq. Lakin şəxsi həyat toxunulmazdır. Önəmli məsələ - qeyd olunan cinayətlərə, qara dövriyyələrə, müxtəlif rayonlara təyin olunmuş MTN-çilərin rüşvətə bulaşmalarına və s. məsələlərə cavab verməkdir. Azərbaycan xalqı onun həyati təhlükəsizliyindən cavabdehlik daşıyan bir qurumun rəhbərliyindən cavab tələb edəndə bu məslələrə önəm verilməliydi.

Əgər Eldar Mahmudovda dərketmə qalıbsa, ilk növbədə ulu öndər qarşısındakı xəyanətlərini bəyan etməlidir. Çünki Mahmudov Heydər Əliyev dönəmində bu qurumun rəhbəri təyin olunmuşdu, ona etimad edilmişdi. Dövlətin bu yöndə konkret planları və addımları var. Həmin cinayətkar generallar öz cinayətlərinə görə, cavab verəcəklər”.

Hacı Məmmədovun həsbinin gizlinləri

DİN-in Cinayət Axtarış Baş İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, polkovnik-leytenant Hacı Məmmədovun həbs edilməsi də ilginc iddiaları ortaya çıxarır. Adı bir sıra cinayətlərdə hallanan Məmmədov məhz Eldar Mahmudovun MTN-ə rəhbər təyin olunduğu vaxt həbs edildi.

Həmin vaxta qədər polkovnik adam oğurluğu, şantaj və digər hədələyici vasitələrlə zəngin iş adamları, sahibkarlar, dövlət mımurlarından pul almaq işlərini həyata keçirirdi.

Görünən də odur ki, Mahmudov MTN rəhbəri təyin olunarkən əsas hədəfi Məmmədovun “cinayət biznesi”ni ələ keçirmək təşkil edib. Buna görə də, general polkovniki aradan götürərək, onun qaldığı yerdən davam edib.

“Məmmədov Mahmudovun yanında adi cinayətkara çevrildi”

Millət vəkili qeyd edib ki, Hacı Məmmədovun həbs edilməsinin Eldar Mahmudovun onun cinayətkar fəaliyyətini ələ keçirmək istəyindən irəli gəlməsi uğurlu paraleldir: “Bir ifşa əməliyyatı gələcəkdə eyni əməllərin bir struktur vasitəsilə həyata keçirilməsi məqsədinə xidmət etdi. Eldar Mahmudov Hacı Məmmədovun əməllərini mənimsədi və tətbiq etdi. Amma bu daha yuxarı miqyaslı vasitələrlə həyata keçirildi. Buna görə də, Hacı Məmmədov onların yanında adi cinayətkara çevrildi. Amma bu proseslərin içində həddən artıq həssas maraqlar vardı. Mahmudov ifşa əməliyyatından müxtəlif qurumlara qarşı istifadə edirdi. Burada söhbət cinayətkarlığa qarşı mübarizə deyildi. Onların bu ölkəni qoruyan qurumları hakimiyyətin gözündən salmaq niyyətləri vardı. Amma bacarmadılar, imkan verilmədi və Eldar Mahmudov öz cəzasını tapdı”.

Mənsur





Həftənin ən çox oxunanları