Yuxarı

Qərb fondları Azərbaycana qayıdır

Qərb fondları Azərbaycana qayıdır

Protest elektoratı toparlanacaqmı?

Cümşüd Nuriyev: “Onlar adi QHT-lər deyil, pozucu qüvvələrdir”

Natiq Cəfərli: “QHT sektoru üçün münbit şərait yarana bilər”

ABŞ və bir sıra Avropa dövlətlərinin vaxtilə Azərbaycanda fəaliyyət göstərmiş QHT, yaxud fondlarının fəaliyyətinə yenidən icazə verilə bilər. Yayılan məlumatlara görə, Qərb dövlətlərinin Azərbaycan hakimiyyəti ilə apardıqları danışıqlarda əsas müzakirə mövzularından biri də budur. Prezident İlham Əliyevin sonuncu Almaniya səfərində kansler Angela Merkel bunu açıq şəkildə dilə gətirdi və alman fondlarının Azərbaycandakı fəaliyyətlərinin bərpa olunacağına ümid etdiyini dilə gətirdi.

Vaxtilə ABŞ, Almaniya və digər Qərb dövlətlərinin Azərbaycanda şöbələri olan fond, yaxud QHT-lər siyasi partiyaları maliyyələşdirməkdə və dövlət çevrilişinə cəhddə ittiham olunaraq, ölkədən çıxarılmışdılar. İndiki halda Qərbin həmin təşkilatları Azərbaycanda yenidən diriltmək cəhdləri təsadüf hesab olunmur. Hesab olunur ki, bu rəsmi Bakıyla aparılan danışıqların tərkib hissəsidir. Azərbaycan hakimiyyətindən Qərbdən gələn təkliflərə hansı cavabın verildiyi məlum olmasa da qeyd edilir ki, bu ciddi danışıqlar predmetidir. Analitiklər hesab edirlər ki, hakimiyyətin də qismən loyal münasibətinin olduğu bu məsələ tərəflər arasında isinən əlaqələrin tərkib hissəsidir.

“Bunlar göründükləri kimi deyillər”

Politoloq Cümşüd Nuriyev “Cümhuriyət”ə həmin fond və təşkilatlarının ölkədə fəaliyyətlərinin bərpa olunmasına qarşı olduğunu bildirib. C.Nuriyev hesab edir ki, həmin təşkilatlar göründüyü qədər adi qurumlar deyil:

“Ölkədə yenidən siyasi sabitliyin, qarşıdurmanın yaranmasını istəyirlərsə icazə versinlər, istər ABŞ-ın Demokratiya İnstitutu, Soros Fondu, istərsə də Almaniyanın Adenaur Fondu da gəlsin. Bu təşkilatlar ABŞ, yaxud Qərbin hansısa dövləti cəzalandırmaq, daxilini qarışdırmaq üçün kəşfiyyat orqanları tərəfindən hazırlanmış planının tərkib hissəsidir. Bunlar adi QHT-lər deyil. İstər “Human Rayts”, istər “Fridum Haus”, istərsə də digər QHT-lər olsun, bunların hamısının başçıları vaxtilə Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərləri, yaxud dövlət katibləri olmuş şəxslərdir. Onların özləri və ailələri xüsusi xidmət orqanlarına işləyirlər. Həmin təşkilatları kənar adamlar yaratmayıblar. Hamısı da ABŞ-ın dövlət büdcəsindən maliyyələşirlər. Azərbaycanda da son zamanlarda həm QHT-lər, həm də siyasi partiyalar maliyyələşdirilir. Dövlət tərəfindən maliyyələşdirilən təşkilatlar istər-istəməz dövlətin maraqlarına xidmət edəcəklər. Nəticədə verilən tapşırıqları da yerinə yetirməyə məcburdurlar. İnanmıram ki, hakimiyyət ABŞ, yaxud Qərbin QHT-lərinin fəaliyyətinə yenidən icazə versin. Rusiya və Çin də böyük dövlətdir. ABŞ bu dövlətlərdən hansının bir QHT-sini qeydə alıb? ABŞ-ın prinsipi “Mən necə istəyirəm, elə də yaşamalıyam”dır. Bu demokratiyadan uzaq və diktaturanı bərqərar edən bir prinsipdir. ABŞ da bundan istifadə edir. Azərbaycan da bunları nəzərə alaraq, bu addımı atmayacaq. Sübut da olunub ki, həmin təşkilatların fəaliyyəti Azərbaycanda demokratiyanın inkişafına yox - siyasi və iqtisadi maraqlarının təmin olunmasına yönəlib. Yenidən hakimiyyət buna icazə versə, bu ağılsızlıq olacaq”.

“Danışıqların nəticəsindən asılı olacaq”

REAL Hərəkatı sədrinin təşkilati məsələlər üzrə katibi Natiq Cəfərli “Cümhuriyət”ə deyib ki, Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq haqqında çox ciddi danışıqlar gedir. N.Cəfərlinin sözlərinə görə, Aİ-nin bu yöndə Azərbaycandan əsas tələbləri - vətəndaş cəmiyyəti və medianın işləməsi üçün şəraitin yaxşılaşdırılmasıdır:

“Bunun da bir qolu uzun illər Azərbaycanda fəaliyyət göstərən xarici donor təşkilatların fəaliyyətlərinin yenidən bərpa olunmasıdır. Bununla əlaqədar da qanunvericiliyə dəyişikliyin edilməsi tələbi var. Çox güman ki, Avropa İttifaqı və Azərbaycan arasında aparılan danışıqlarda bu məsələ müzakirə olunur.

Mümkündür ki, danışıqların nəticəsi olaraq QHT-lər və sivil toplumlarla bağlı qanunvericilikdə edilmiş sərt dəyişikliklərə yenidən baxılsın. Dəyişikliklərin olacağı gözləniləndir. Bu danışıqların nəticəsindən asılı olacaq”. Natiq Cəfərli hesab edir ki, həmin təşkilatların fəaliyyətlərinin bərpa olunması QHT sektorunun inkişafına təkan verə bilər, amma bunların siyasi partiyalara aidiyyatı yoxdur: “Siyasi partiyaların xarici donor təşkilatları tərəfindən maliyyələşdirilməsi qanunla da qadağandır. Donor təşkilatlarının da bunda maraqlı olduqlarını düşünmürəm. Amma QHT sektoru ilə işləməyə kifayət qədər münbit şərait yarana bilər. Bu da ümumi vətəndaş cəmiyyətin inkişafı üçün çox pozitiv addım olacaq”.

Mənsur





Həftənin ən çox oxunanları