Yuxarı

Düşmənlərini sevən və düşmənlərinin sevdiyi BƏY

Düşmənlərini sevən və düşmənlərinin sevdiyi BƏY

İyunun 24-də Azərbaycanın ikinci prezidenti, Azadlıq Hərəkətanın lideri, AXCP sədri Əbülfəz Elçibəyin doğum günü qeyd olunacaq.

1938-ci ilin 24 iyun ta­ri­xin­də Nax­çı­va­nın Kə­lə­ki kən­di­nin "Xə­lil ­yur­du" ad­la­nan ərazisində bir uşaq dün­ya­ya göz aç­dı və 63 il şərəfli bir ömür yaşadı. 63 il­lik öm­ründə bu in­san nə­lər et­mə­di? Əya­lət­dən gə­lən Əbül­fəz pay­taxt­da El­çi­bəy ol­du və gənc­lik ide­ya­sı olan müs­tə­qil Azər­bay­ca­nın pre­zi­den­ti pos­tu­nu tut­du. Azərbaycanın ikinci prezidenti olmuş Əbülfəz Əliyev 1992-ci ildə prezident seçildi və cəmi bir il hakimiyyətdə qaldı. Amma bu 1 il ona arzusunda olduğu böyük ideyanı gerçəkləşdirməkdə mane ola bilmədi. Elçibəy adı Rusiya qoşunlarının Azərbaycandan çıxarılması və Azərbaycanın müstəqil dövlət kimi tanıdılması ilə tarixə düşdü. Onun dövründə ilk milli valyuta dövriyyəyə buraxıldı və ali məktəblərə qəbul imtahanlarında test üsulunun tətbiqi başladı. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan tarixində xalq tərəfindən, demokratik seçkilər yolu ilə seçilən ilk prezident də məhz Elçibəy oldu. Cəmi bir neçə gün sonra Bəyin - Mil­li Azad­lıq Hə­rə­ka­tı­nın li­de­ri, eks-pre­zi­dent Əbül­fəz Elçibəyin ana­dan ol­ma­sı­ndan 78 il keçəcək. Öm­rü­nü mil­lə­ti­nə, döv­lə­ti­nin müs­tə­qilliyinə, Bü­töv Azər­bay­can ide­ya­sı­na həsr edən El­çi­bəy ar­tıq 16 il­dir ki, hə­yat­da yoxdur. Xalq onu unutmur, Elçibəyin siyasi mübarizə və əqidə yoldaşları isə onu belə xatırlayır...

Yazıçı Mehriban Vəzir Cebhe.info deyib ki, Əbülfəz Elçibəy Azərbaycan dövlətçilik tarixində gəlmiş-getmiş ən mühüm simalardan biridir:

“O, 1988-ci ildə Milli Azadlıq Hərəkatının lideri oldu və Azərbaycanın ictimai, siyasi gücünü müstəqil bir dövlətə yönləndirmək qədər siyasi hadisə həyata keçirdi. Elçibəy fövqaladə insani keyfiyyətlər daşıyırdı. Birincisi, cox güclü bir yaddaşa malik idi. Uzmanlara, müəllimlik edənlərə qədər biliyi var idi. Qəlbi şəfqətlə dolu bir insan idi. Şəfqət deyərkən xüsusi diqqətə çatdırmaq istəyirəm ki, onun keyfiyyətləri çox nadir insanlarda tapılır. Bir sözlə, çox böyük şəfqət sahibi idi. Onun qəlbində hər kəsə yer vardı. Çevrəsində olan hər kəsi bütün qüsurları ilə qiymətləndirməyi bacara bilirdi. Elçibəy insana dəyər verməyi bacaran idi. Onun çox gözəl bir sözü var. Bir dəfə onun haqqında ona sual verdilər ki, sadəcə bütün insanları sevirsən? O belə cavab verdi: “Mən sevməyi sevirəm”. Həqiqətən bu adam sevməyi sevən və sevməyi bacaran bir insan idi. Yəni Elçibəy elə keyfiyyətlər daşıyırdı ki, belə insanlar çox nadir hallarda dünyaya gəlir”. Mehriban Vəzirin sözlərinə görə, Elçibəy yaddaşlarda çox böyük iz qoyub: “Yüksək insan nə deməkdirsə, Elçibəy buna möhür vurmuş bir insan idi. Böyük müəllim, böyük lider və yüksək dövlət adamı idi. Elçibəydə olan keyfiyyətlərin biri hansı bir insanda olsa, o insan böyük insan hesab olunar”.

Yazıçı, şair və publisist Seyran Səxavət Əbülfəz Elçibəyi tələbəlik illərindən xatırladığını diqqətə çatdirib. Dediyinə görə, Şərqşünaslıq fakültəsində təhsil alan zaman Əbülfəz Elçibəy onun müəllimi olub: “Ən çox o vaxt ünsiyyətimiz olub. Elə həmin ünsiyyətdən sonra münasibətlərimizi qorunub saxlamışdıq. Ən çox yaxşı müəllim idi. Daha çox qayğıkeşliyi ilə seçilirdi. Həddindən artıq vətənpərvər bir insan idi.  Cənibi Azərbaycanla Şimali Azərbaycanı birləşdirmək istəyirdi. Biz də gənc şairlər idik. Arazdan, Təbrizdən şer yazan vaxtlarımız idi. Başladıq ona tərəf meyllənməyə...Həssas, təmiz adam idi. Dünya malına hərisliyi olmayan adam...”

Əbülfəz Elçibəyin mədəniyyət məsələləri üzrə keçmiş müşaviri Kamran Həsənli isə qeyd edib ki, müəllimi olmuş Elçibəy qadınlara qarşı xüsusi münasibətdə və rəftarda fərqliliyi ilə seçilidi:

“Qadınlar içəri girəndə Əbülfəz Elçibəy həmişə ayağa qalxardı. Əvvəl başa düşmürdük, deyirdik ki, görəsən niyə ayağa qalxır. Sonra anladıq ki, onun bu hərəkəti bir centlimen olaraq qadınlara hörmətdən irəli gəlir. Özü də bildirirdi ki, əgər qadınlarla bir yerdə otururuqsa, onlara hörmətimizi bildirməliyik. Bir çox kübar keyfiyyətləri o vaxt məhz Elçibəydən öyrənmişik. İnsanpərvər, həyatsevər, bir sözlə, dünyəvi bir insan idi. Mübariz olması ilə bərabər olduqca yumşaq bir insan idi. Ürəyi rəhmli və mərhəmətli bir insan kimi tanınırdı. Elə mübarizlər vardı ki, biz ondan kəskinlik gözləyirdik. Bəlkə də səhv edirdik, amma kəskinlik gözləyirdik. Amma hər şeyə rəhmli və mərhəmətli yanaşmağa çalışırdı. Bir sözlə, daxili mədəniyyəti həddindən artıq zəngin  və yüksək idi”.

Şair Rüstəm Behrudinin sözlərinə görə, Əbülfəz Elçibəy təkcə Azərbaycanda deyil, bəlkə də dünyada yeganə insan və siyasətçidir ki, düşmənlərini sevirdi:

“Bu insanı düşmənləri  söysələr də, hətta təhqir etməyə çalışsalar da o, həmişə onları sevirdi. Həmçinin, düşmənləri tərəfindən də sevilən yeganə adam idi. Rəhmətə gedəndən sonra, ümumiyətlə son vaxtlar Elçibəyə qarşı danışan adamların sayı çoxalıb. Etibar Məmmədov, Araz Əlizadə və bir neçəsi Elçibəyi etikadankənar tənqid etməyə çalışırlar. Yəni onlar bilmirlər ki, onların özləri belə o inqilabi hərəkatdan doğulublar? İnqilabi, demokratik hərəkata xəyanət edib, sonra da ona böhtan atmaq dünyanın ən zəlil işlərindən biridir. Mənim Elçibəyə çox böyük sayğım olub. Hələ milli hərəkat başlamamışdan əvvəl ona “Qəribə adam” şeirimi ithaf etdim. O şerdə Əbülfəz Elçibəyin necə şəxsiyyət olduğu əks olunub. O şerə baxsanız, ona münasibətim kimliyindən asılı olmayaraq hiss olunacaq. Mən tanrıdan ona rəhmət diləyirəm. Arzu edirəm ki, təzə doğulacaq körpələr ən azından Elçibəyin adını eşidəndə ona sayğı bəsləsinlər və onun qoyduğu yola sədaqətli olsunlar. Onda hər şey gözəl olacaq”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları