Yuxarı

Təlimdən birbaşa döyüşə

Təlimdən birbaşa döyüşə

Üzeyir Cəfərov: “Bunlar artıq ehtiyat hərbi hissələr deyil”

Azərbaycan Ordusu bütün raket və ağır artilleriyanın iştirakı ilə 25 minlik qoşunla böyük bir təlimə başlayıb. Bu təlimlər biləvasitə bütün Ermənistan müdafiə sisteminin birdəfəlik məhv olunması üçün məşq kimi qiymətləndirilir. Bəs təlim qoşunları birbaşa döyüş qoşunlarına çevrilə bilərmi?

Cebhe.info-ya şərhində hərbi-ekspert Üzeyir Cəfərov bildirib ki, bu rusların təqdim etdiyi kimi ən böyük təlimlər deyil. Onun sözlərinə görə, 2015-ci ilin sonunda Silahlı Qüvvələr bundan da böyük təlimlər keçirmişdi:

“Bu təlimlər sadəcə olaraq vaxt baxımından prezidentlərin görüşü ilə üst-üstə düşüb. Prezidentlərin görüşü 1 ay bundan öncə planlaşdırılmışdı, ancaq təlimlər 2016-cı il üçün hazırlıq planına uyğun olaraq Qoşunların İdarəetmə Orqanları üçün müdafiə naziri tərəfindən təsdiq olunmuş plana əsasən keçirilir. Ona görə də bu rusların təqdim etdiyi kimi ən böyük, genişmiqyaslı təlimlər deyil. 2015-ci ilin sonlarında bundan da böyük təlimlər keçirdik. İndi 25 min şəxsi heyətdir, 300 tank, piyadaların döyüş maşınları, 100-dən artıq artilleriya raket qurğularıdır, döyüş təyyarələri və helekopterlərdir. O döyüş təyyarələri ki, bu yaxınlarda Türkiyədə keçirilən təlimlərdə iştirak etmişdilər. O cümlədən bu təlimlər həm də Dəniz Qüvvələri və xüsusi təyinatlıların iştirakı ilə keçirilir”.

Ekspertin sözlərinə görə, lazım gələrsə təlimlər qısa bir vaxt çərçivəsində real döyüşlərə çevrilə bilər:

“Biz ordunu sadəcə bəsləmək üçün deyil, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etmək üçün saxlayırıq. Sözsüz ki, əgər lazım gələrsə, təlimlər qısa bir vaxt çərçivəsində real döyüşlərə də çevrilə bilər. Bunu ermənilər də, ruslar da başa düşür. Bizim birliklərin qarşısında duran ən əsas vəzifə ön xəttə duran hərbi hissələrin döyüş qabiliyyətinə dəstək olmaqdır. Burada müasir şəraitdə ümumqoşun döyüşünün uzlaşdırılması gedir. Bu gün təlim keçirilir, sabah o təlimlər avtomatik olaraq döyüş şəraitinə keçə bilər və bu da çox normal bir prosesdir”.

Təlimlərin döyüş şəraitinə çevrilməsi təcrübəsinin olduğunu vurğulayan Üzeyir Cəfərov  Ali Baş Komandanın əmrilə bunun rahatlıqla baş verə biləcəyini deyir. Ü.Cəfərov hal-hazırda gedən təlimlər prezidentin də qiymət verəcəyini istisna etməyib:

“Vaxtilə mənim xidmət keçdiyim hərbi hissə təlim briqadası idi. Təlimlərin birində isə sabiq müdafiə nazirinin əmrilə hərbi hissə artıq döyüş əməliyyatlarına başladı. Sonradan da mənim komandir müavini olduğum hərbi hissə döyüş hərbi hissəsi oldu. Ona görə də Ali Baş Komandan qərar qəbul edəcəksə, çox rahat şəkildə döyüş əməliyyatlarına da cəlb oluna bilər. Prinsip etibarilə bu  həm öndə dayanan hərbi hissələr, briqadalar və hərbi birləşmələr bu təlimlərin içərisində yer alır. Bunlar artıq ehtiyat hərbi hissələr deyil. Bizim bütün ön xəttə olan hərbi hissələrin şəxsi heyəti də bu təlimlərə cəlb olunub. Təlimlər də ayın 24-nə qədər davam edəcək. Təlimlərin bir hissəsində Ali Baş Komandanın da iştirakı nəzərdə tutulmuşdu. Bildiyim qədər bu arada prezidentin çox mühüm həm xarici, həm də daxili görüşləri olduğu üçün təlimlərdə iştirak etməyəcək. Amma Silahlı Qüvvələrin nümayəndələri ilə bu arada prezidentin görüşü planlaşdırılır. Ola bilsin ki, bu Silahlı Qüvvələr Günü ərəfəsində və ya elə həmin gün baş tutsun. Güman edirəm ki, prezident də bu təlimlərə öz qiymətini verəcək”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları