Yuxarı

Taleh Əliyev: “Sizin AXCP müstəqillik dövründə ən nüfuzlu siyasi təşkilat olub"

Taleh Əliyev: “Sizin AXCP müstəqillik dövründə ən nüfuzlu siyasi təşkilat olub

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) yanında fəaliyyət göstərən İctimai Fikir Akademiyası (İFA) bu gün “Siyasi partiyaların ictimai fikrin formalaşmasında və hakimiyyətə təsir mexanizmində rolu” mövzusunda növbəti ictimai müzakirəsini keçirib. 

Cebhe.info xəbər verir ki, tədbirin eksperti Ümid Partiyasının İcra Aparatının rəhbəri Taleh Əliyev olub. Tədbirdə bir sıra mövzular ətrafında  fikir mübadiləsi aparılıb. Belə ki,  “Hazırki durumda ölkədə fəaliyyət göstərən siyasi partiyalar qurulan siyasi ssenarilərdə rol ala bilirmi ?”, “İnformasiyanı hətta rahatlıqla cibimizdə gəzdirdiyimiz bir zamanda yönləndirilməyə meyilli olan ictimai fikrin, eləcə də hökumətə təsir mexanizminin formalaşmasında siyasi partiyaların fəaliyyəti nədən ibarətdir?” kimi suallara cavab axtarılıb. Siyasi təmərküzləşmə, müxalifətarası münasibətlər, müxalifətin zəifləməsi və yaxud zəiflədilməsi, eləcə də müxalifətin xalqın dəstəyi itirməsi və digər bu kimi məsələlər müzakirə olunub.

Taleh Əliyev çıxışında bildirib ki, AXCP-nin böyük nüfuza sahib olmasının əsas iki səbəbi var idi. Bunlardan ilki Əbülfəz Elçibəy şəxsiyyəti, digər isə AXCP-nin proqramı olub:

“Hər bir partiya özünün yerli strukturlarını yaradaraq, proqram əsasında sədələşdirərək ictimai fikrin formalaşmasında iştirak edir. Məsələn, sizin Azərbaycan Xalq Cəbhəsi Partiyası ölkəmizdə ilk hərəkatın formalaşmasında və müstəqillik dövründə ən nüfuzlu siyasi təşkilat olub. Mən bu fikri 90-cı illərə əsaslanaraq səsləndirirəm. O dövrdə AXCP-yə yaxın olan Müsavat və Azərbaycan Milli İstiqlal Partiyası var idi. AXCP-ni isə bu siyasi təşkilatlardan fərqləndirən iki mühüm atributdur. Bunun biri ölümsüz liderimiz Əbülfəz Elçibəy şəxsiyyəti idisə, digəri də AXCP-nin proqramı idi. Həmin o proqramla ilk növbədə siyasi təşkilatın üzvləri tanış olurdular və sonra onlar vasitəsilə bu proqramlar ictimaiyyətə təqdim olunurdu. Azərbaycan demokratiyasının qızıl dövrü bu günlə müqayisədə 90-cı illərdə qaldı. 2000 və xüsusilə də 2010-cı illər Azərbaycan siyasətinin durğunluq dövrü oldu. Amma deyirlər ki, hər qaranlıq gecənin bir işıqlı səhəri var. Biz də ümid edirik ki, bu gün bu kiçik auditoriyalarda tədbirlərdə iştirak edən gənclər gələcəkdə daha böyük konfrans zallarında mübarizələrini davam etdirəcəklər. Bu o deməkdir ki, bizim arxamızca gələn gənclər bu mübarizənin varisidir və bu mübarizə ruhu heç vaxt ölməyəcək”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları