Yuxarı

Oğul Mahmudovun şübhəli dönüşü

Oğul Mahmudovun şübhəli dönüşü

Generalın oğlu milyardları qaytardımı?

Yol polisi Bakının Nardaran qəsəbəsində keçirdiyi reyd zamanı ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş başçısı Eldar Mahmudovun oğlu Anar Mahmudovu saxlayıb. Anar Mahmudov narazı halda reyddə iştirak edən polislərdən saxlanılmasının səbəbini soruşub. Ona bir daha reyd keçirildiyini bildirəndə isə polislərə irad tutub, özünün sıradan biri olmadığına işarə vurub. 33 bahalı maşına sahib olan, maşınlarının nömrə nişanları 009-la bitən A.Mahmudov polislərin onu tanımamasına etiraz edib. Nəticədə keçmiş nazirin oğlu narazı halda maşına minərək yoluna davam edib.

Oğul Mahmudov Azərbaycana niyə qayıdıb?

Məlum hadisəyə qədər Anar Mahmudovun Avropa ölkələrindən birində, konkret olaraq İsveçdə olduğu deyilirdi. Qeyd olunurdu ki, Eldar Mahmudov istefaya göndəriləcəyini bildiyindən bundan xeyli əvvəl ailəsi ilə birlikdə Anar Mahmudovu da Avropaya çıxarmışdı. Hətta həmin vaxt keçmiş MTN “şefi”nin də ailəsi ilə birlikdə ölkədən qaçmaq istədiyi, lakin hava limanında təhlükəsizlik qüvvələri və polis tərəfindən saxlanıldığı iddia olunurdu. Anar Mahmudovun Azərbaycanda olması faktının üzə çıxmasının ajiotaj yaratmasına gəlincə, hesab olunur ki, Eldar Mahmudov oğluna törətdiyi cinayət əməllərinə yaxa qurtarması üçün vasitə kimi baxır.

Gələn məlumatlara görə, Eldar Mahmudov fəaliyyətdə olduğu 10 il ərzində ölkədən çıxartdığı milyardlarla dollar maddi vəsaiti oğlunun hesabına yatırıb. Pulların bir hissəsi İngiltərə, İspaniya, Çexiya, Rusiya (Moskva, Sankt-Peterburq) Lüksemburq kimi Avropa dövlətlərindəki ofşor şirkətlərə yönəldildiyi halda, bir hissəsi də sözügedən ölkələrdə banklara yatırılıb. Təkcə o fakt kifayətdir ki, Anar Mahmudovun Londonda 48 milyon dollar (30 milyon funt-sterlinq) dəyərində daşınmaz əmlakı var. Ehtimal olunur ki, İngiltərə ilə yanşı bir sıra Avropa dövlətlərində də oğul Mahmudovun adına daşınmaz əmlak sənədləşdirilib. Təbii ki, bu fakt istintaq və hakim dairələrə də məlumdur. Buna görə də ümid olunurdu ki, Anar Mahmudov atasının ölkədən çıxardığı, pulları geri qaytaracaq. Əlbəttə bunun müqabilində Eldar Mahmudova ölkədən çıxmağa şərait də yaradıla bilərdi. Əgər Anar Mahmudov iddia olunduğu kimi İsveçdə yox, Azərbaycandadırsa, bu o deməkdir ki, ya o, pulları geri qaytarmaq üçün ölkəyə qayıdıb, ya da Eldar Mahmudov pulları qaytaracağı halda cəzadan yaxa qurtarmaq üçün qarantiya ala bilməyib.

Nəzərə alsaq ki, Eldar Mahmudov Nardarandakı dəbdəbəli malikanəsində yaşayır, bu da o deməkdir ki. oğul Mahmudov atası ilə məsləhətləşmə aparmaq üçün ora gedib və polis tərəfindən saxlanılıb.

Anar polislə niyə kobud danışdı?

Eldar Mahmudovun cinayət əməllərindən yaxa qurtarması üçün şansları vasitəçi saxladığı  oğlu Anarın polislə diktə və kobud dillə danışmasında da göstərir. Polis tərəfindən saxlanılan A.Mahmudov “Məni tanımırsız, niyə saxlayırsız?” kimi kobud jarqonla yoluna davam edib. Təbii ki, həmin vaxt polis mərkəzə məruzə edib və oradan da buraxılmaq əmri alıb. Bu o deməkdir ki, atası Eldar Mahmudov hələ də öz nüfuzunu qoruyur. Şübhəsiz ki, burada rol oynayan əsas məsələ Eldar Mahmudovun ölkədən çıxardığı milyardlarla dollar pulla bağlıdır. Oğul A.Mahmudov da həmin pulları atasını xilas etmək üçün geri qaytarmalıdır. Nəticədə yuxari dairələrdən Anara bu işi bitirməsi üçün rahat şəkildə hərəkət edə biləcəyi trayektoriya çəkilib.

Çovdarov adları açıqlayacaq?

Adı cinayətdə hallandığı və bir sıra mənbələrin cinayət əməllərini ifşa etdiyi halda Eldar Mahmudovun həbs olunmamasına gəlincə, o da qeyd olunur ki, keçmiş MTN “şefi”nin hakimiyyətdə dəstəkçilərinin olmasıyla bağlıdır. O cümlədən, Mahmudovun ölkənin internet sistemini çökdürməsi üçün güclü haker şəbəkəsinin olduğu da iddialar arasındadır. Hesab olunur ki, fəaliyyəti dönəmində siyasi məqsədlərini həyata keçirməyə çalışan Eldar Mahmudov hakimiyyət daxilində özünü dəstəkləyəcək güclü lobbi yaradıb. Bu gün də onun həbs olunmaması bu məsələ ilə də əlaqələndirilir. Bildirilir ki, Eldar Mahmudov həmin adları açıqlayacağı və ölkədən çıxardığı pulları qaytaracağı halda Azərbaycandan çıxmasına şərait yaradılacaq. Gələn məlumatlara görə, keçmiş MTN “şefi” ilə bu barədə aparılan danışıqlar yekunlaşmaq üzrədir və Anar Mahmudov da bu məqsədlə Azərbaycana qayıdıb. Hətta o da iddia olunur ki, Eldar Mahmudovun tapşırığı üzərindən işi məhkəmədə olan keçmiş müavini Akif Çovdarov növbəti proseslərdə həmin adları açıqlayacaq. Qeyd olunur ki, Mahmudov artıq bu barədə Çovdarova göstərişlərini verib və ona qarantiya verilib ki, bununla cəzası yüngülləşdiriləcək. Çovdarovun adlarını çəkəcəyi şəxslər arasında bir sıra nüfuzlu oliqarx-nazirlərin və komitə sədrlərinin olduğu güman olunur.

Mənsur 





Həftənin ən çox oxunanları