Yuxarı

“Səfəvilər” gündəmdə: AXCP-nin təklifinə dəstək

“Səfəvilər” gündəmdə: AXCP-nin təklifinə dəstək

Kamran Əsədov: “Şah İsmayıl dövlətçilik simvoludur”

Kərəm Məmmədli: “Xətaini tənqid etmək kiminsə maraqlarına xidmət edir”

Azərbaycan tarixinin böyük bir dövrünə rəhbərlik etmiş Səfəvilər sülaləsi haqqında səslənən fikirlər uzun zamandır ki, medianın gündəmində yer alır. Bu qəhrəman sülalə haqqında səslənən fikirlər isə birmənalı deyil. Qeyd edək ki, “Səfəvilər” çox seriyalı filminin çəkilməsilə bağlı Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) təkliflə çıxış etmişdi. Bu təklif bir çox tarixçilər, siyasətçilər tərəfindən dəstək almışdı. Bu gün də AXCP-nin mövqeyini dəstəkləyən şəxslər kifayət qədərdir.

“Almanlar Hitleri də bu cür müzakirə etmirlər”

“Cümhuriyət”ə şərhində tarixçi Kamran Əsədov bildirdi ki, Səfəviləri mənfi mənada müzakirə predmeti etmək düzgün deyil.

 Onun sözlərinə görə, Şah İsmayıl Xətai Azərbaycan dövlətinin, dövlətçiliyinin nümunəsidir:

“Bu çox aktual məsələdir. Dünyanın heç bir ölkəsində tarixdə dövlət, xalq, millət üçün xidmət göstərən şəxslər müzakirə predmeti deyil. Hətta onların şəxsiyyəti, fəaliyyəti Şah İsmayıldan fərqli olaraq ziddiyyətli olsa belə. Məsələn, Şekspir İngiltərə ədəbiyyatının, tarixinin görkəmli şəxslərindən biridir. O, əsərlənin çoxunu özü yazmasa belə, ingilislər bunu müzakirə predmeti etmirlər. İstənilən dövrün şəxsiyyətini heç kim müzakirə predmentinə çevirmir. Müasir dövrdən bir misal çəkim. Hitler bir çox qanlı cinayətlər törətsə belə almanlar ona hörmətlə yanaşırlar. Onu müzakirə etmirlər. Təəssüflər olsun ki, son dövrlərdə bir sıra şəxslər Şah İsmayılın, Məhəmməd Əmin Rəsulzadənin şəxsi məsələlərini qabardırlar, nəinki onların dövlət idarəçiliyini.

Bu gün problem kimi qoyulan məsələlərdən biri də təəssüflər olsun ki, Şah İsmayıl Xətaidir. Hesab edirəm ki, Şah İsmayıl Xətaini müzakirə predmetinə çevirmək yolverilməzdir. Xətai Azərbaycan dövlətinin, dövlətçiliyinin bir simvoludur. Nəzərə almaq lazımdır ki, XV əsrə qədər “Azərbaycan” adında bir yer olmayıb. Şah İsmayıl Xətai isə ilk dəfə Azərbaycan türkçəsini dövlət dili səviyyəsinə qaldırıb. Şah İsmayıl nümunəvi bir şəxsiyyətdir. Erkən yaşlarında heç də hər kəsi hökmdar seçmirlər. Bu etibarlılıq nümunəsidir. Şah İsmayılı oxumadan, araşdırmadan təəssüflər olsun ki, hansısa Avropa kitabını oxuyurlar və özlərini bir tarixçi sayırlar.

Hesab edirəm ki, Şah İsmayıl Azərbaycan dövlətinin, dövlətçiliyinin vahidliyini həyata keçirib. Səfəvilər dövründə Azərbaycan Dərbənddən tutmuş 210 min kvadrat kilometr əraziyə sahib oldu. Səfəvilər zamanı Azərbaycan elmi öz pik həddinə çatdı. Həmin dövrə qədər Azərbaycanda kitabxana yox idi amma Şah İsmayıl Kamaləddin Behzatı Təbrizdə kitabxana müdiri təyin etdi”.

“50 il öncə savaşanlar belə barışıblar”

Tarixçi-alim Kərəm Məmmədli də həmçinin bildirib ki, Şah İsmayıla verilən qiymət yüksəkdir.

Onu bu gün pisləmək kiminsə maraqlarına xidmət edir: “Ölüb getmiş tarixi şəxsiyyətlərin həyatını müzakirəyə çıxarıb, yaxşı-pis münasibət bildirilməsi qəribədir. Çünki oradan artıq bir siyasət qoxusu gələ bilər. Hər bir tarixi şəxsiyyətə öldükdən sonra qiymət verilir. Şah İsmayıla verilən qiymət böyükdür. O, dövlət qurub, Azərbaycan dilini dövlət dilinə çevirib. Şah İsmayıl şəxsiyyətinin müzakirəsilə yanaşı istər-istəməz Osmanlı-Səfəvi qarşıdurması gündəmə gətirilir.

Çox təəssüf ki, bu qarşıdurmanı da birbaşa Türkiyə-Azərbaycan münasibətinə yönəldirlər. Bu kökündən yalnış olan bir prosesdir. Kimsə gündəmdə qalmaq üçün hər dəfə bunu ortaya atır. Tarixin təkərini geri göndərmək mümkün deyil. Çaldıran döyüşü olub 1514-ci ildə. Bu gün artıq onun üstündən 502 il keçib. Bu müddətdən sonra bunu gündəmə gətirmək, Azərbaycan-Türkiyə münasibətləri səviyyəsinə qaldırmaq nə qədər düzgündür? I  II Dünya Müharibəsində bir-birilə döyüşənlər indi Avropa çatı altında birləşiblər. İndi Səfəviləri pis tərəfdən gündəmə çıxarmaq kimin maraqlarına xidmət edir?”

Vilayət Muxtar





Həftənin ən çox oxunanları