Yuxarı

Cavanlaşan intihar: Gənclik niyə kəndirə meyllənir?

Cavanlaşan intihar: Gənclik niyə kəndirə meyllənir?

Azad İsazadə: “Ailələr, tanış, dost və müəllimlər bu məsələdə son dərəcə diqqətli olmalıdır” Kamran Əsədov: “Ola bilsin ki, tələbənin hansısa şəxsi problemi və sıxıntısı olub” Gəncə şəhər sakini, Bakı Ali Neft Məktəbinin 4-cü kurs tələbəsi Hüseyn Abbasovun özünü Nizami rayonu ərazisində yerləşən tələbə yataqxanasının 11-ci mərtəbəsindən ataraq intihar etməsi xəbəri ölkə gündəmini zəbt edib. Sosial şəbəkələrdə müzakirəyə çevrilən bu hadisədə özünə qəsd edən gəncin valideynləri və yaxınları ictimai qınağa tuş gəlib. Bildirilib ki, savadlı gəncin intihar qərarı bir günün, bir saatın işi deyil. Ən azı gəncin son günlərdəki vəziyyətindən və özünü aparmasından onun qismən də olsa, psixoloji durumunu sezmək çətin olmazdı. “Kəsir mənim üçün də “faciə” idi” Məsələ ilə bağlı psixoloq Azad İsazadə “Cümhuriyət” qəzetinə deyib ki, intiharın savada heç bir aidiyyatı yoxdur: “Savadı olan da, olmayan da intihar edir. Söhbət çıxılmaz vəziyyətə düşməkdən gedir. Əslində hər birimiz üçün çıxılmaz vəziyyət fərqli səviyyədədir. Məsələn, mən 30 ildir ki, universiteti bitirmişəm. İmtahandan kəsilmə bu gün bu yaşımda sözsüz ki, gülməli gəlir. Amma vaxtilə tələbə olanda imtahandan kəsilmək mənim üçün faciə də olmasa, real stress idi. Yəni ki, mən valideynlərimə nə deyəcəm, birdən məni təhsildən kənarlaşdırarlar, mən dərsdən qalacam və digər məsələlərə görə stress keçirirdim. Eyni stressi bəziləri həddindən artıq keçirir, o cümlədən, sui-qəsd fikirləri yarada bilər. Bəzilərinin bu məsələ ümumiyətlə, vecinə deyil. Bəziləri isə əsəbləşəcək, həyəcan keçirəcək və nəhayət çıxış yolu axtaracaqlar. Ona görə də savadın intihara prinsipial dəxli yoxdur. Amma gənclərin və yeniyetmələrin arasında bu məsələ eşq-məhəbbət mövzusundan sonra ikinci yerdədir. İmtahandan kəsilmə ilə bağlı intihar hadisələrinə artıq tez-tez rast gəlinir. Ona görə də bu o qədər də təəccüblü deyil”. İntihar sonuncu damcıdır... Psixoloq deyib ki, intihar axırıncı damcıdır: “Yığılır, yığılır və evdə də müəyyən iradlar eşidir. “İnstitutdan qovulsan, evə gəlmə, səni qəbul etmiyəcəyik”, “Bizi biabır etmə” kimi iradlar onu son həddə çatdırır. Bir neçə müddət şüuraltı insanın beynində bu fikir yüklənir. İntiharın ilk yaranması ilə reallaşması arasında adətən, bir müddət var. Birdən birə intihara cəhd edilmir. Əvvəlcə fikirləşir, özünə qapanır, depressiyadadır, danışmır, tək olaraq otağa çəkilir, nəyinsə fikrini edir. Deməli, bu adam hansısa problemlə üzləşib və çarəsini axtarır. Vaxtında bunu görsək və müdaxilə etsək, problemi həll etmiş olarıq. Ailələr, tanış, dost və müəllimlər bu məsələdə son dərəcə diqqətli olmalıdır”. ”Qırmızı düymə”ni sıxmaq zamanıdır” Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov təəssüflə qeyd edib ki, son illərdə intihar hadisəsi çox cavanlaşır. Pis tərəfi də odur ki, bu bəla təhsil alanlara bulaşıb: “Kimsə oxuduğu müddət ərzində hansısa bir sıxıntı, problem yaşayırsa, heç də doğru olmayan yolu seçir. Bu dəfə intihar yolunu Azərbaycanın aparıcı təhsil müəssisələrinin bir tələbəsi seçdi. Araşdırma zamanı məlum oldu ki, bu tələbə Ali Neft Məktəbinin 4-cü kurs tələbəsidir və ali məktəbə 670 balla qəbul olub. Əlbəttə ki, kimliyindən asılı olmayaraq, işlədiyi yerdən, savad dərəcəsindən asılı olaraq bütün intihar hadisələri bizi üzür. Amma gələcəkdə Azərbaycanın potensial kadrının bu yolu seçməsi bir az təəssüflü və təəccüblüdür. Biz belə qəbul etmişik ki, yüksək bal toplayan abituriyentlər həm də yüksək psixologiyaya malik olan şəxslərdir. Çünki, məhz onların təkcə bilik səviyyəsi yox, həm də psixoloji cəhətdən yüksək səviyyədə olması, yüksək hazırlıqlı olması onların yüksək bal toplaması ilə nəticələnib”. “Bu hadisənin ali məktəblə əlaqəsi yoxdur” Ekspert xatırladıb ki, mətbuatda həmin tələbənin imtahanda kəsiri olmasına görə bu addımı atmağa məcbur olduğu yazılır: “Hesab edirəm ki, Ali Neft Məktəbi istər semestr imtahan prosesi, istərsə də semestr ərzində tələbələrin kifayət qədər geniş imkanları və aktiv fəaliyyəti ilə həyata keçirilir. Ali Neft Məktəbinin təlim, tədris prosesi tələbələrə yönəlmiş, onların daima inkişafına yönəlmiş olması bu təhsil ocağında neqativ halların olmamasına gətirib çıxarıb. Bu təhsil ocağında demək olar ki, hər həftə tələbə layihəsi üzrə işlər həyata keçirilir. Düşünürəm ki, bu bədbəxt hadisənin Ali Neft Məktəbi ilə əlaqəsi yoxdur. Ola bilsin ki, tələbənin hansısa şəxsi problemi və sıxıntısı ucbatından bu hadisə baş verib. Bütün hallarda, bu hadisə onu deyir ki, artıq ölkənin istər orta, istərsə də ali məktəblərində psixoloq fəaliyyəti ilə bağlı qırmızı düyməni basmaq vaxtıdır. Gənclərlə ciddi şəkildə psixoloji cəhətdən işlər aparılmalı, hər bir gənci mütləq şəkildə fərdi qaydada psixoloqla təmin etmək, onlara nəzarət etmək lazımdır”. Alçina Amilqızı Cebhe.info





Həftənin ən çox oxunanları