Yuxarı

İslahatlar zəruridir - Avropada yaşayan soydaşımız yazır

İslahatlar zəruridir - Avropada yaşayan soydaşımız yazır

Azərbaycan böhrandan çıxa bilmir. Cəmiyyət sanki iri addımlarla böhranın dərinliklərinə doğru gedir. Təəssüf ki, bu proses bütün sahələrdə - iqtisadiyyat, təhsil, gömrük, səhiyyə və kənd təsərrüfatında baş verir.  Səhiyyəmiz acınacaqlı durumdadır. Bunu deməyə cərrahiyə masasnda öldürülən adamlarımız, sağ ayağı əvəzinə sol ayağı kəsilən analarımız, heç bir xəstəliyi olmayan insanların pul qazanmaq üçün əməliyyat edilməsi əsas verir. Ötən ay Gəncədə 17 yaşlı qızın ölümü yuxarıda dediklərimizə sübutdur. 17 yaşlı qızın bütün arzuları, ümidləri, yeni qəbul olduğu universitetdə keçirəcəyi tələbəlik illərinin sevinci bir savadsız həkimin cərrah masasında puç oldu. Səhiyyəmizin bu hala gəlməsinin suçunu təkcə Oqtay Şirəliyevdə axtarmaq gərək deyil, bu hakimiyyətin bütün nazirlikləri nazirlərə sanki ata malı kimi verilib. Səlahiyyət sonsuzdur. Təhsilimiz haqda da hər hansı xoş söz demək çətindir. Bunu heç də yüksək balla ali məktəblərə girən gənclərimizlə əlaqələndirməyin. Hər kəsə bəllidir ki, yüksək bal toplayan gənclərimizn bu savad yiyəsi olmasında məktəblərimizin rolu yoxdur. Onlar ya özəl liseylərdə, ya da repititor yanına getməklə, ailələrinin vəsaiti hesabına yüksək nəticə göstəriblər. Bu isə o deməkdir ki, savadlı müəllimlərimiz də, təhsil almaq istəyən gənclərimiz də var, ancaq təhsil vermək istəyən Təhsil Nazirliyimiz yoxdur. Əslində, bunu məqsədyönlü siyasət də saymaq olar; savadlı, oxumuş gənclik bu hakimiyyətin maraqlarına cavab vermir. Xalqı manqurtlaşdırmaq, onu rahat idarə etmək deməkdir. Bu isə xalqı məhvə sürükləmək deməkdir. İşıqlı gənclərin - Seymur Həzi, Toğrul İsmayıl, NİDA-çılar, İlqar Məmmədov və başqalarının saxta ittihamlarla həbsi də göstərir ki, bu hakimiyyətə savadlı gənclər yox, savadsız, manqurtlaşmış, yalan üzərində qurulan siyasəti dəstəkləyən gənclər gərəkdir.  Gömrüyümüz, ölkəmizin qapısı barədə ağızdolusu danışa bilərik. Əslində bu qurum dövlət içində dövlətdir. Burada baş verənləri elə gömrükdə görmək olar, nə telekanallarda, nə də hakimiyyətin nəzarətində olan media qurumlarında oradakı haqsızlıqlarla bağlı heç nə tapa bilməzsiz. Çünki burda yalnız kasıb təbəqənin başına oyunlar açılır. Başa düşmək olmur ki, gömrük işçiləri hansı ölkədə təcrübə keçiblər. Ancaq bir neçə addım atıb Gürcüstan gömrüyünün təcrübəsini öyrənə bilərlər, belədə xərcləri də az çıxar. Azərbaycanın bu başından girib o biri başından çıxan tonlarla narkotiki “görməyən” gömrükçülərimiz kasıbın bir neçə kilo sosis keçirməsinin qarşısını “qəhrəmancasına” alır. Dünyanın hər yerinə milyonlar səpib tarixi abidələri bərpa edən bu hakimiyyət öz abidələrimizə qənim kəsilib. Sanki tariximizi yer üzündən silməyi qarşılarına məqsəd qoyublar. Ermənilər işğal etdiyi torpağımızda tarixi abidələrimizi dağıdır, məhv edir, bunu başa düşürük, düşməndir, oralara əlimiz çatmır. Bəs burda baş verənlər, ona niyə biganəyik? Bu siyasətin axırı yoxdur, hökumət islahatlara getməlidir. Rəşad Mehdi , Belçika





Həftənin ən çox oxunanları