Son vaxtlar ölkəmizdə nikah və ya boşanma ilə bağlı qəribə hadisələr müşahidə edilir. Vaxtilə ailə qurmaq istəyən gənclərin ailələri qıza elçi göndərməklə, daha sonra tanışlıq, razılıq verəndən sonra isə nişan və digər mərasimlərlə bu izdivacı həyata keçirirdilər. İndi bu qaydalar daha fərqli hal alıb. Bu günlərdə azərbaycanlı ailələrindən biri digərindən qız almaq üçün çoxlarının rahat danışıq üsulu olan “skayp”da ona elçi göndərib. “Skayp” vasitəsilə cütlərin tanışlığı və münasibəti yaranıb. İzdivac qurulması üçün ailələrin razılığı da bu görüntü vasitəsilə reallaşıb. Maraqlıdır, İslam dinində məsafədən evlənmək və ya boşanmaq keçərlidirmi? Bundan əlavə ölkədə sadəcə dini kəbinlə kifayətlənərək sözdə ailə quran cütlərin sayı da az deyil. Ölkəmizdə axund və mollalar tərəfindən dini kəbin kəsilir. Hətta bu iş son illərdə ayrı bir xidmət sektoruna çevrilib. Lakin bu kəbin şəhadətnaməsinin (molla tərəfindən Azərbaycan və ərəb dillərində yazılmış kəbin şahədatnaməsi) heç bir hüquqi əsası olmur. Hətta bəzi molla və axundlar bu kəbin kağızını müəyyən miqdarda pul (guya şirinlik, zəhmət haqqı kimi, halallıq üçün: “3 manat pul, 1 kəllə qənd, 1 molla” formulu!) alıb dərhal verirlər. Başqa sözlə desək, həmin vaxt orada nə evlənən tərəflər olur, nə də şahidlər. Ekspertlər hesab edirlər ki, bu cür kəbin həm qanuni cəhətdən, həm də dini baxımdan düzgün deyil. Dini ekspert Elşad Miri Cebhe.info-ya açıqlamasında deyib ki, “Skayp” vasitəsilə evlənənlər yəqin ki, “Skayp”la da uşaq dünyaya gətirərlər: “Yəqin ki, süni mayalanma ilə uşaq dünyaya gətirəcəklər, sonra da deyəcəklər ki, ata-anaları bunlardır. Bunlar çox biabırçı məsələlərdir. Bunun dinlə heç bir əlaqəsi yoxdur. Çünki bu məsələ müqavilədir. Müqavilə isə “Skayp”la, telefonla, görüntü ilə, güzgü ilə deyil, konkret olaraq o şəxslərin bir yerdə olması və ya vəkalət verdiyi şəxslərin iştirakı ilə reallaşmalıdır. Daha sonra şahidlərin əsasında kəbinin kəsilməsi və toyun elan edilməsi əsas vacib məsələdir. Təbii ki, valideynlərin razılığı da burada vacib məqamdır. “Skayp” vasitəsilə münasibət quranlar sadəcə bu məsələni fərqli etmək istəyirlər. Amma boşanmaya gələndə isə heç də bunu “Skayp” vasitəsilə etməyəcəklər. Çünki cütlər uzun müddət məhkəmələrdə qalır, müəyyən aliment və digər məsələlərin ardına düşürlər. Nəticədə göz qabağında olur. Ona görə də belə, sözdə fərqli münasibətin heç bir əhəmiyyəti yoxdur”. Elşad Miri dindar cütlüklərin böşanan zaman üç dəfə “talaq” deyilməsi məsələsinə də toxunub. Bəzi müsəlman ökələrində hətta ərin arvadının telefonuna SMS və ya elektron post ünvanına 3 dəfə “talaq” yazıb göndərərək boşanmanı gerçəkləşdirdiyi hallarına da rast gəlinir. Ekspert bildirib ki, bu anlayış tamamilə yanlışdır: “Bu gün ənənəvi İslamda belə bir şey mövcuddur. Kişi qadına üç dəfə “boşadım” desə, qadını boşamış sayır. Bunu sadəcə yanlış anlayıblar. Əslində üç dəfə “boşadım” demək üç dəfə məhkəməyə müraciət etmək deməkdir. Kimsə hirslənən kimi arvadına üç dəfə “boşadım” deməklə onu boşaya biləcəyi fikri yalnışdır. Dində belə ailə modeli, anlayışı yoxdur. Təəssüf ki, çoxları belə anlayışın İslamda olduğunu düşünürlər. Amma İslamda, “Qurani- Kərim”də belə anlayış yoxdur”. Ekspert qeyd edib ki, şəriətdə nə dini kəbin, nə də rəsmi kəbin anlayışı var. Sadəcə şəriətdə əqd anlayışı var: “Əqd sözü hüquq anlayışı kimi də Azərbaycan terminalogiyasında istifadə olunur. Bu, müqavilə deməkdir. Burada qadın , kişi və onların şahidləri olur. Ondan sonra valideynlərin razılığı olur və toy elan edilir. Yəni bunun dinisi, rəsmisi olmur. Evlilik kimi bir ömürü əhatə edən bir məsələdə gedib kəbin kəsdirənlər ev alqı satqısında, hədiyyə alıb-verəndə, torpaq və borc alanda notariusa gedirlər ki, müqavilə bağlasın. “Dini kəbin” adı altında insanlara ötürülən bu anlayışda qadın və kişinin öz hüququ olmursa, ailənin heç bir hüququ tənzimlənmirsə, bu, necə doğru yanaşma ola bilər? Ailə məsələsi sənin o alış –verişindən o qədərmi cılız məsələdir ki, sən notariusa gedə bilirsən, amma bu məsələdə gedib dövlətin qeydiyyatına düşə bilmirsən? Təəssüflər olsun ki, bu gün çoxluq nikahı bu cür həyata keçirir” . Alçina Amilqızı
- Ana səhifə
- Cəmiyyət
- “Skayp”da evlənib, SMS-lə boşanmaq olarmı?
“Skayp”da evlənib, SMS-lə boşanmaq olarmı?
Bu bölmədən digər xəbərlər
- İctimai Birlik uşaqlar üçün əyləncəli tədbir keçirib Tarix 13 Fevral, 15:49
- Su ehtiyyatlarının qorunması ilə bağlı ictimai dinləmə keçirilib Tarix 2 Fevral, 14:34
- İctimai Birlik Yeni il şənliyi keçirib Tarix 30 Dekabr, 13:45
- Sığınacaqda maraqlı layihə başa çatdı: Xidmət paketləri təklif edilib Tarix 16 Oktyabr, 13:11
- Şuşanın ayaqları - İradə Aytelin yeni hekayəsi Tarix 16 Oktyabr, 12:17
- Sığınacaq sakinlərinə şikayət etmək qaydası da öyrədilir - FOTOLAR Tarix 10 Oktyabr, 11:27
- Azərbaycanda ilk: Kişilərin zorakılığa münasibətini öyrənən tədqiqat Tarix 3 Oktyabr, 13:59
- QHT ictimaiyyət və KİV-lə görüş keçirdi Tarix 3 Oktyabr, 11:07
- Ailə mediasiyası Tarix 26 Sentyabr, 12:52
- Mediasiya nədir? Tarix 13 Sentyabr, 16:03
Seçilmiş xəbərlər
-
Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri - FOTOLAR
-
"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu
-
"44 Günün Yaddaşı” layihəsinə icra olunur
-
Türkiyənin tanınmış konfederasiya başqanı Azərbaycana gəlir
-
Qarabağın bərpasında iştirak etmək istəyən federasiyalar: Hakan Aktürkü başqan seçdi