Yuxarı

20 qəpiyə girov qoyulan insan taleyi

20 qəpiyə girov  qoyulan insan taleyi

Marşrut avtobusları kabusa çevrilib “Vaxtında yoxlamadan keçirmirlər” Ərşad Hüseynov:“Sürücünü yorğun, istirahət etməmiş növbəyə göndərirlər” Son günlər sərnişin avtobusları insanların “ölüm maşını”na çevrilib. Avtobusların iştirakı ilə törədilən yol-nəqliyyat qəzaları barədə məlumatı az qala hər gün eşidirik. Avtobuslar yollarda əməlli-başlı kabusa çevrilib. Bu qəzalar bir neçə səbəblə əsaslandırılır. Ekspertlər hesab edirlər ki, ictimai nəqliyyat vasitəsi olan avtobuslar hər gün xəttə buraxılmamışdan əvvəl ümumi texniki baxışdan keçirilmir. Avtobuslar olduqca nasaz, yararsız, şüşələri adi yapışqanla birləşdirilmiş şəkildə sürülür. Marşrut sürücüləri də bu məsələdə həddindən artıq etinasızlıq nümayiş etdirirlər. Hətta çox hallarda “Allah, Allah” deyib yola çıxırlar. Nəticədə isə bundan əziyyət çəkənlər də, ölümün cənginə gedənlər də məhz sadə vətəndaşlar olur. İctimai nəqliyyat sahəsindəki belə acınacaqlı durum normalda rəsmi dövlət orqanlarını da narahat etmir. Müşahidələr göstərir ki, ictimai nəqliyyatda olan problemlərə heç bir dövlət orqanı müdaxilə etmir və ya edə bilmir. Yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov “Cümhuriyət” qəzetinə bildirib ki, bu məsələdə səbəblər çoxdur: “Birinci növbədə həmin avtobus sürücülərinin çoxu intizamsızdır. İkincisi, nasaz avtobusları xəttə buraxırlar. Sürücünü yorğun, istirahət etməmiş növbəyə göndərirlər. Bütün səbəbləri detallarına qədər araşdırmaq, vəziyyəti qiymətləndirmək üçün ümumiləşdirmiş bir nəticəyə gəlmək lazımdır. Avtobus öz-özünə yola çıxmır ki... Deməli, təmir etmirlər, vaxtında onu yoxlamadan keçirmirlər. Keçirsələr də buna çox səthi baxırlar. “Qoy getsin, səhər görək neynirik” deyə belə yanaşmalar olur”. “Şüşələrin yerinə “skoç” vururlar” Ekspert qeyd edib ki, avtobuslar da digər nəqliyyat vasitələri kimi ildə bir dəfə Dövlət Yol Polisində texniki baxışdan keçirilməlidirlər: “Üç aydan bir isə nəqliyyat qurumunda texniki baxışdan keçməlidir. Bundan əlavə isə hər gün reysə çıxmamışdan qabaq öz qarajında texniki yoxlamadan keçməlidir. Ciddi səbəblər var. Görünür, o səbəblər icra olunmur. Baxanda görürük ki, avtobusların işıq sistemi işləmir, şüşələri sınıb yerinə “yapışdırıcı”lar vurublar. Həmin yararsız vəziyyətdə də sürücülər sərnişin daşıyır. Həmin insanların taleyi isə 20 qəpiyə girov qoyulur”. Ərşad Hüseynovun sözlərinə görə, Bakı şəhəri ərazisində bu məsələyə Bakı Nəqliyyat Agentliyi nəzarət edir: “Amma əslində Nəqliyat Nazirliyi və Bakı Nəqliyyat Agentliyinin bu məsələdə inzibati müdaxilə səlahiyyətləri demək olar ki, yoxdur. Son vaxtlar sahibkarlıq fəaliyyətinə yoxlamaların aradan qaldırılması məsələləri oldu.  Sahibkarlar da deyirlər ki, avtobusları saz vəziyyətə gətirmək üçün vəsait lazımdır. Mənə dövlət dəstək vermir. Əslində bu məsələdə çox çeşidli və rəngarəng problemlər var. Hətta Dövlət Yol Polisi də dərinə gedə bilmir. Dərinə gedəndə başlayırlar ki, işləməyə qoymurlar, sərnişinlər yolda qalıb və s... Çox təəssüf ki, bundan sadə insanlar, sərnişinlər əziyyət çəkir. Bu məsələdə vəziyyətin əsiri olmaq durumu hökm sürür”. Alçina Amilqızı  





Həftənin ən çox oxunanları